Avtomobilimi Şərifzadə küçəsində yenicə saxlamışdım ki, gördüm bir DYP avtomobili və bir mülki avtomobilİ qarşımda saxladı.

Bunu təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi sosial şəbəkə hesabında bildirib.

O, vurğulayıb ki, qarşısına çıxan DYP maşınını əvvəlcə digər avtomobili yol-hərəkəti qaydalarını pozduğu üçün saxladığını zənn edib.

Lakin əsl həqiqəti avtomobilin sürücüsündən öyrəndikdən sonra bu xeyirxah DYP əməkdaşının təqdirəlayiq əməli barədə paylaşım etmək qərarına gəlib.

 “ İlk təsəvvürüm o oldu ki, yəqin sürücü qayda pozub və ona görə DYP əməkdaşı onu qovaraq burada saxladı....Bu an mülki avtomobildən bir nəfər gənc xanım düşdü. O demək olar ki, yeriyə bilmirdi. DYP əməkdaşı xanıma kömək edərək yaxınlıqdakı binaya daxil olmasına yardım etdi. O gələnədək mülki avtomobilin sürücüsündən nə baş verdiyini soruşdum. Deyir, xanımın anidən halı dəyişdi - böyrəyindən sancı tutdu. Dedi, “evə çatdırın məni dərmanlarım var, təcili içməliyəm. Yol tıxac olduğu üçün çarəsiz idim. Bir qədər irəlidə DYP əməkdaşını görüb yaxınlaşdım və vəziyyəti izah etdim. İlk qərar xəstəxanaya aparmaq oldu, amma xanım israr etdi ki, evə çatdırın məni. O da bizə yardım üçün yolu aça-aça gətirdi””, - deyə Elçin Əfəndi baş verənləri qeyd edib.

 Daha sonra o, polis əməkdaşının adını öyrənməyə cəhd edib, lakin həmin şəxs təvazökarlıq edərək, adını söyləmək istəməyib.

 “Az sonra polis gəldi, adını soruşdum demədi, təşəkkür edib şəklini çəkdim”, - o, qeyd edir.

 Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi sonda əlavə edib ki,  hər bir sahə üzrə pis də var,  yaxşı da - pisi paylaşdığımız kimi, gərək  yaxşıları da paylaşaq, təbliğ edək, bəlkə pislər üçün də örnək olar.

 Doğrudan da, 24 saat - çox zaman istirahət belə bilmədən asayişi, insanların təhlükəsizliyini qoruyan cəsur, ədalətli, insanpərvər, xeyirxah  polis əməkdaşlarımız böyük çoxluq təşkil edir və onların bu fədakarlığı alqışlanasıdır.

Necə ki, adını söyləməyən, lakin xeyirxah əməl sahibi olan bu  fotodakı polis əməkdaşı kimi...   

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN