25 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfransda iştirak edib.

Komitədən Tezadlar.az-a verilən məlumata görə, iki gün davam edəcək Konfransın “Qayğı iqtisadiyyatında qadınların gücləndirilməsi, ailənin möhkəmliyi və rifahının artırılması” mövzusunda təşkil olunan yüksək səviyyəli nazirlər plenarında çıxış edən Bahar Muradova, ölkəmiz üçün də aktual bir mövzuya həsr edilmiş mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

İki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən ailə və sosial məsələlər sahəsində əməkdaşlığın intensivləşdiyini bildirən Komitə sədri, bu əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün səylərin artırıldığını əlavə edib.

Ötən il Qoşulmama Hərəkatına üzv dövlətlərin sosial sahəyə məsul nazirlərinin Bakıda keçirilən konfransına diqqət çəkən B.Muradova, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın “Qadın qolu”nun yaradılması barədə bəyannamənin qəbul olunduğunu qeyd edib.

Qayğı iqtisadiyyatının sosial müdafiə çərçivəsində inteqrasiya olunmasının daha inklüviz və ədalətli bir cəmiyyət qurmaq üçün şərait yaratdığından bəhs edən sədr, nəticədə ehtiyacı olan insanların daha yaxşı və əlçatan xidmətlərə malik olması və həmçinin qadınların səlahiyyətləndirilməsi üçün böyük potensial yarandığını əlavə edib.

B.Muradova vurğulayıb ki, hazırkı dönəmdə qazanılmış tarixi qələbədən sonra regionda sülh quruculuğu təşkil edən Azərbaycanda, sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən biri də məhz işğaldan azad olunmuş ərazilərə qısa zaman kəsiyində daha çox əhalini qaytarmaq, onların təhlükəsiz yaşamına və məşğulluğunun təmin olunmasına nail olmaqdır.

Ölkədə müvafiq sahədə qəbul edilən normativ hüquqi aktlara və qanunvericiliyə edilən dəyişikliklərə diqqət çəkən Komitə rəsmisi onu da əlavə edib ki, məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılması və iqtisadi bacarıqlarının artırılması məqsədilə müvafiq dəstək proqramları həyata keçirilir.

“Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivəsində qəbul olunmuş “2022‒2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” barədə məlumat verən B.Muradova, sənəd çərçivəsində həyata keçirilməsi hədəflənən işlərdən danışıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas hədəflərdən biri sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün yönəldilməsidir. O, bu məqsədlə milli qanunvericilikdə qadınlar üçün bir sıra sosial müavinətlərin nəzərdə tutulduğunu əlavə edib.

“Qarşıda duran ən mühüm vəzifələrdən biri də ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunmasıdır”- deyən Komitə sədri vurğulayıb ki, ölkələrimizdə hərtərəfli qayğı iqtisadiyyatının inkişafını gücləndirmək, ailələrimizin möhkəmliyini qoruyub saxlamaq və bu əsasda qadınlarımızın güclənməsinə nail olmaq üçün yaşıl iqtisadiyyatın inkişafına və ekoloji mühitin sağlamlığının qorunub saxlanılmasına da ciddi formada çalışmalıyıq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-un bu il Azərbaycanda keçiriləcəyini bildirən Bahar Muradova, bu məqsədlə ölkəmizdə 2024 cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və qəbul edilmiş fəaliyyət planı üzrə bir çox layihələr icra olunduğunu qeyd edib.

Sonda B.Muradova yüksək səviyyəli tərəflər konfransı çərçivəsində qadınların gücləndirilməsi və ailələrin rifahının yaxşılaşdırılması istiqamətində mövzuların müzakirəsinin mühüm dəyişikliklərlə nəticələnəcəyini bildirib. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin ölkələrimizdə sosial müdafiə sisteminin gücləndirilməsi və bərabər imkanlar şəraitində bərabərliyi təmin etmək sahəsindəki işə böyük töhfə verəcəyinə inamını ifadə edib.

Daha sonra digər çıxışlar dinlənilib və Konfrans panel sessiyalarla davam edib.

Qeyd edək ki, Konfransa 20-yə yaxın ölkəni təmsil edən aidiyyəti nazir və qurum rəhbərləri də daxil olmaqla 900-ə yaxın iştirakçı qatılıb.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN