Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ona görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Heydər Əliyevin dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan, inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.

Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan Ümummilli Liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldib. Nəticədə, görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı.

1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

 Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.

Quliyev Rəşad Elşad oğlu,

Xəzər rayonu, Buzovna Bələdiyyəsi sədrinin köməkçisi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN