"Bu da onu deməyə əsas verir ki, şikayət ərizələrimiz obyektiv araşdırılmayıb, korrupsiya faktları ört-basdır edilib"

Göyçay şəhəri, Həbibi küçəsi ev 25-də yaşayan Birinci Qarabağ müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu həyat yoldaşına qarşı edilən haqsızlıqdan şikayətçidir.

Redaksiyamıza məktub ünvanlayan E.Mahmudov Göyçay Peşə Hazırlıq Mərkəzində çalışmış həyat yoldaşının qanunsuz olaraq işdən çıxarıldığını, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə məktub yazdıqlarına görə cəzalandıqlarını bildirir: “Cənab nazir, 2 aydır ki, sizə həm “Azərpoçt”, həm də elektron poçt vasitəsi ilə şikayət ərizələri göndərirəm. Ancaq tərəfinizdən mənə heç bir cavab verilmədi, əksinə, etdiyimiz haqlı şikayətlərə görə bizim özümüzü cəzalandırdılar. Şikayət etdiyimiz üçün 29 sentyabr 2021-ci il tarixdə həyat yoldaşımın əmək müqaviləsinə qərəzli və qanunsuz olaraq xitam verildi. Göyçay Peşə Hazırlıq Mərkəzində həyat yoldaşımdan başqa 13 nəfər əmək müqaviləsi ilə işləyir.

Ancaq şikayət ərizəsi ilə mərkəzi orqanlara, o cümlədən də sizə müraciət etdiyi üçün tək mənim həyat yoldaşımın əmək müqaviləsinə xitam verilib. Həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim-tədris Şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyirdi. 2010-cu ildən RİH məsləhət gördüyü üçün Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 15 aprel 2021-ci il tarixdə isə idarənin adı dəyişdiyi üçün həyat yoldaşımdan ərizə alıb onu işdən azad etdilər.

O, daha sonra 24 iyun 2021-ci il tarixdə Göyçay Peşə Hazırlıq Mərkəzində təlim-tədris şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunub. Ancaq həyat yoldaşım Sevinc Mustafayevaya Peşə Departamentinin sədri Fuad Mehdizadə və Kadrlar Şöbəsinin məsul vəzifəli əməkdaşı Rəna Şərifova təzyiqlər göstəriblər ki, ərizə yazıb işdən çıxsın. Əks təqdirdə, barəsində cinayət işi başlanacağı ilə hədələyiblər. Səbəb kimi qeyd edilir ki, qızım Rəvanə Mahmudova onun direktor müavini vəzifəsində çalışdığı idarədə xadimə işləyib. Həyat yoldaşım isə onlara izah edib ki, onun idarəyə işçi qəbul etmək səlahiyyəti olmayıb, qızım isə həmin xadimə vəzifəsinə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib.”

E.Mahmudov bildirir ki, bütün bunlara baxmayaraq, həyat yoldaşını vəzifəsinin kiçildilməsi üçün ona ərizə yazmağa məcbur ediblər. Bundan sonra onu direktor müavini vəzifəsindən kiçildib böyük mütəxəssis vəzifəsinə təyin ediblər: “Bundan sonra departament rəhbərliyinin təzyiqləri və ona qarşı haqsızlıqla bağlı həyat yoldaşımın yazdığı şikayət ərizəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Daxili nəzarət və audit şöbəsində uzun müddət araşdırma aparıldı. Sonra nə baş verdisə həmin araşdırma sənədləri qanunsuz olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Ağsu regional ərazi şöbəsinin rəisinə göndərildi.”

Şikayətçi yazır ki, bundan sonra problem həll olunmaq əvəzinə, həyat yoldaşını işdən azad ediblər: “Bu da onu deməyə əsas verir ki, şikayət ərizələrimiz obyektiv araşdırılmayıb, korrupsiya faktları ört-basdır edilib. Çünki barəsində şikayət etdiyim həyat yoldaşıma qarşı qanunsuzluq etmiş Peşə Departamentinin sədri Fuad Mehdizadənin təsir gücü böyükdür.”

Sonda şikayətçi mövcud problemin nazir S.Babayevin göstərişi ilə obyektiv araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN