İmişli rayonu, general Şıxliniski küçəsi, ev 5 ünvanında yaşayan Aynur Nəsirova mətbuata müraciət edərək yaşadığı evin yararsız, bərbad, dağıntılı vəziyyətdə olmasından şikayətlənib.

Acınacaqlı vəziyyət o həddə çatıb ki, Nəsirovlar ailəsi artıq ilanlarla bir yerdə yaşamaq məcburiyyətində qalıb. Üstəlik, bu ailə sosial müavinətlər də ala bilmir. Dəfələrlə aidiyyəti qurumlara müraciət edildiyini deyən Anur Nəsirova media üzərindən ölkə başçısına müraciət edib.

Müraciətdə deyilir: "İmişli rayonunda yaşayıram. İki övladım var, evdar qadınam. Həyat yoldaşım fəhlə işləyir. Daimi işi yoxdur, özü də xəstədir. Belindən əməliyyat olunmalıdır. İmkan olmadığına görə əməliyyat oluna bilmir.

Digər tərəfdən də hazırda yaşadığımız yer acınacaqlı vəziyyətdədir. Qaldığımız ev uçub, yayda ilanlar evə daxil olur. Keçən il evimiz dağıldı. Məcbur qalıb köhnə kərpiclə evimizin dağılan yerini düzəltdik. Əgər, bunu etməsəydik, ilanlar evə daxil olacaqdı. İlanlarla yaşamaq məcburiyyətində qalacaqdıq. Hazırda isə havalar soyumaq üzrədir. Qışa doğru isə vəziyyətimiz daha da pis duruma düşür. Yağış yağdıqca, güclü külək əsdikcə köhnə ev bir az da dağılır. Ötən gün övladımın paltarını götürmək istəyəndə paltarların olduğu yerdən ilan çıxdı. Həmin gün qızım çox pis qorxdu. Məktəbə də gedə bilmədi. Hazırda qonşular bizə yardım etməyə çalışır. Nə sosial yardım, nə də digər müavinətlər ala bilmirik. Hətta sərt karantin vaxtında verilən 190 manat da bizə verilmədi. Sosial yardım üçün müraciət etdik. Dedilər ki, sizə yardım düşümür. Keçən il bütün lazım olan sənədləri təqdim etmişik. Səkkiz ildir ki, kirayələrdə qalmışıq. Dörd il əvvəl atam bu evi bizə alıb. Bu evdə dağınıq vəziyyətdədir. Yay fəslində evə hava girmədiyinə görə, çöldə yatmaq məcburiyyətindəyik.

İmişli rayon İcra Hakimiyyətindən evə baxış keçirilib. Lakin heç bir köməklik edilməyib. Prezident cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, bizə köməklik göstərsinlər".

Əmin olmaq istəyirik ki, tezliklə aidiyyəti qurumlar Nəsirovlar ailəsinin səsini eşidəcək və ailəyə lazım olan yardımları əsirgəməyəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN