Ramiz  MÖVSÜM

1982-ci ilin aydın yaz səhəri idi. 5 yaşına təzəcə qədəm qoyan oğlum Elşadı 8-ci kilometr qəsəbəsindəki 51 №li uşaq baxçasına apardım. Baxçanın həyətində Elşad mənə dedi: - Atacan, odey dostum Armen anasının əlindən tutub gedir.

O, məndən icazə alıb, sevincək Armenə tərəf qaçdı. Uşaqlar mehribancasına görüşdülər. Mən də onlara çatdım. Armenin anası Haykanuşla salamlaşıb, hal-əhval tutdum. O, söhbət əsnasında məndən soruşdu: - Eşitdiyimə görə, siz xirurqsunuz, elədirmi?

Dedim: - Bəli, elədir ki, var.

Dedi: - Doktor, sizə bir işimiz düşüb...

Dedim: - Buyurun, qulluğunuzda hazıram!..

O, uşaqların başlarının söhbətə qarışmasından istifadə edib, oğlunun üzləşdiyi problemdən danışdı:

- Doktor, Armen sidiyə çox çətinliklə  gedir. İstəyirəm, ona bir baxasınız.

Dedim: - Bugün axşam evdə olacağam, gələrsiniz, baxaram. Buyurun, bu da ünvanım.

Onlar qonşuluğumuzda yaşayırdı. Bizim evimiz Nəsimi küçəsində, onların evi isə Rüstəmov küçəsində, poçtun  yaxınlığında idi.

Axşam üstü Haykanuş əri Karenlə uşağı bizə gətirdilər. Mən onları kabinetə dəvət etdim.

Armeni soyundurub, tənasül üzvünü yoxladım. Pülüyü ehtiyatla çevirmək istədim, dərhal qanadı. Üzümü atasına tutub soruşdum: - Oğlunuzu mənə qədər başqa həkimə göstərmisinizmi?

O, cavab verdi: - Doktor, Armeni çox həkimlərə göstərmişik. Neçə  professora baxdırmışıq. Deyiblər ki, fimozdur, mütləq sünnət olunmalıdır!.. Razılıq verməmişik. Hər dəfə hörmət-izzətlə, ona mil saldırmışıq. Sidiyin yolunu açdırmışıq, bir-iki gün  keçməmiş  yenə yolu bağlanıb. Qalmışıq bu uşağın əlində... Köməyinizi bizdən əsirgəməyin!..

Dedim: - Siz həkimlərin qərarlarının əleyhinə gedərək, uşağa o qədər mil  saldırmısınız ki, pülüyünün altı dövrələmə yara bağlayıb, toxunan kimi, qanayır. Pülüyün altında mil salmağa daha yer qalmayıb.

Uşağa sidiyini buraxması üçün qab verdim.  O, bir neçə  dəfə gücənəndən sonra, 10-15 damcı sidik xaric edə bildi. Armeni uzanıqlı vəziyyətdə də müayinə etdim. Göbəkdən aşağı, şişkinlik vardı. Əlimlə ehmalca onun üstündən basdım, ağrılıydı... Bu ağrılar sidiklə dolmuş sidik kisəsinin ağrılarıydı. O, dişlərini qıcadı... Armeni incitməyim deyə, əlimi çəkdim və üzümü valideynlərinə tutub dedim: - Həkimlər haqlı imiş. Siz gərək oğlunuzun sünnət olunmasına razılıq verəydiniz!..

Karen tezcə dilləndi: - Doktor, mənim aman-zaman bir oğlum var. O - ermənidir, xaç suyuna salınıb, xristiandır!.. Maşınımı, evimi satmağa razı olaram, amma onun sünnət olunmasına razılıq vermərəm!..

Dedim: - Karen, bu günə qədər oğlunuz əzab çəkib. İndi əzabı ikiqat artıb. Məsələ çox ciddidir... O, təcili sünnət olunmalıdır!..

Mənim bu təkidimdən sonra, onlar yasa batdılar, qəm dəryasına qərq oldular. Handan-hana dilləri açıldı, yalvarmağa başladılar: - Doktor, sizə qurban olaq, ayaqlarınızın altında ölək, biz Armeni həkimlərdən qaçırdıb, sizin yanınıza gətirmişik ki, balamıza köməklik göstərəsiniz. Siz də onlar kimi oğlumuzun sünnət olunmasının vacibliyini bildirirsiniz. 

Dedim: - Oğlunuzun sünnət olunmaqdan başqa, ayrı çarəsi yoxdur. Tələsin, yoxsa, peşiman olarsınız...

Onlar ağlamsındı. Karen gözlərinin yaşını silə-silə  dedi: - Doktor, həm Haykanuşun, həm də mənim valideynlərimiz Martunidə yaşayırlar. Qoy, onlarla məsləhətləşək, sizə xəbər verərik.

Onlar Armenin kritik vəziyyətini dərk edib, əl-ayağa düşdülər, valideynlərini xəbərdar etmək üçün, danışıq məntəqəsinə tələsdilər.

Axşam tərəfi Karen bizə gəlib, mənə dedi: - Doktor, valideynlərimizə xəbər verdik. Onlar daş atıb başlarını tutdular, təşviş içindədirlər, bazar günü bizdə olacaqlar. Həmən gün maşınla gəlib, sizi aparacağam. Hazırlıqlı gəlin...

Onunla razılaşdıq.

...Bazar günü tezdən maşınla Karengilə getdik. Həyət adamla dolu idi. Ermənilər orda-burda dəstə-dəstə toplaşıb, bir-birləriylə xosunlaşırdılar. Bu arada Karen atasıyla mənə yaxınlaşdılar. O, məni atasıyla tanış etdi. Hambarsum kişinin kinli baxışları üzümə dikildi: - Ara, doktor sənsən?..

Dedim: - Bəli, mənəm.

Dedi: - Ara, sən nəvəmi  kəsməyə  gəlmisən?

Dedim: - Hambarsun kişi, mən nəvəni kəsməyə gəlməmişəm, onu sünnət etməyə  gəlmişəm. Sənin oğlun, gəlinin məni  dəvət ediblər...

O, əsəbiləşdi: - Ay mart, nahaq gəlmisən. Biz uşağı kəsdirməyəcəyik, erməni uşağını  sünnət  etmək bizim adətə görə qadağandır!..

Mən çətinliklə Hamparsuma qandırdım ki, Armen təcili sünnət olunmasa, sidiyin qana keçməsi (uremiya) səbəbindən zəhərlənib, ölər... O, mənim sözlərimi heç danızına da almadı. Dedi ki, nəvəm ölsə, anası birini də doğar, təki sünnət olunmasın!.. 

Səs-küyə Haykanuşun atası Samvel də gəldi:

- Ay kardaş, söhbət gedir ki, sən nəvəmiz Armeni müsəlman etmək istəyirsən...

Dedim: - Səhv etməyin, onu müsəlman etmək olmaz, amma sünnət etmək olar.

Bu dəm Samvel tapança kimi atıldı: - Armenin sünnət olunmasından, ölməyi yaxşıdır!.. Qudam düz deyir ki, anası birin də doğar...

Karen söhbətimizə müdaxilə etdi:

- Axpar, bizim nəvəmizə sünnət lazım deyil, gedə bilərsən...

Mən çantamı əlimə alıb, getmək istəyəndə, Haykanuş qarşımı kəsdi: - Doktor, hara gedirsiniz?

Dedim: - Atanızın da, qaynatanızın da tikanlı sözlərindən doymuşam, evə gedirəm.

Dedi: - Armeni niyə sünnət etmədiniz?

Dedim: - Valideynləriniz razılıq vermədilər. Xahiş edirəm, məni bu cəncəl işə qatmayın.

Evə gəldim. Kabnetimə keçib, qapını örtdüm. Düşüncələrə qərq oldum. Armenin fikrini edirdim. Ona yardım göstərə bilmədiyimə görə, əzab çəkirdim... Başımı masanın üstə qoyub, mürgülədim. Bu vəziyyətdə nə qədər qaldığımı xatırlamıram. Bir də eşitdim  ki, bayırda səs-küy qopub.  Tez çölə yüyürdüm. Gördüm ki, Haykanuş ayağıyalın, başıaçıq, qapının ağzında dayanıb, əl qatıb özünə, şivən qoparır. Məni görcək bir az da bərkdən qışqırdı: - Doktor, sizə qurban olum, tez gedək, Armen ölüm ayağındadır, onu xilas edin. Gələnlərin hamısını qovmuşam, Kareni də onlara qatdım. Oğlum mənə hamıdan əzizdir! Mən ölməyə razıyam, amma Armen ölməsin!.. (Yenə də ANA ÜRƏYİ!..)

Haykanuş yeganə oğlunu itirəcəyindən qorxub, havalanmışdı. Onun tufan kimi yerindən qopub gəlməsindən belə nəticə çıxartdım ki, ermənilərin hamısı, Karen də onların arasında olmaqla, balaca Armenin ölümünü sünnət olunmasından üstün tuturlar, təkcə anasından savayı!..

Haykanuşun sözünü yerə salmadım. Təkrar onlara getdim. Orada baş verənləri gördükdə, dəhşətə gəldim. Bufetdə qab-qacaq qalmamışdı, hamısı döşəməyə səpələnmişdi. Qonaq otağında gəzdikdə, çilçırağın döşəməyə tökülən cilikləri ayaqqabılarımın altında xırçıldayırdı. Haykanuşun yalın ayaqlarındakı qanayan yaralar, qollarındakı cırmaqlar onu göstərirdi ki, oğlunun həyatı uğrunda doğmalarıyla əməlli-başlı müharibə aparıb... Bu döyüşdə Haykanuş qalib çıxmışdı!.. Ona bu qələbəni qazandıran oğluna olan sonsuz ana məhəbbəti idi!..

...Armeni çətinliklə də olsa, sünnət etdim. Bir sutka ərzində iki litrdən çox sidik ifraz etdi. İki gün sərasər süst düşüb yatdı. Tamam-kamal dincəldi. Üzünə gülüş qondu. Anası oğlunun sevincinə sevinc qatdı. Baxçada Armen Elşada razılıq edib, demişdi ki, atan sağ olsun, məni həyata qaytardı, yoxsa ölmüşdüm...

***

Yayda Armen dincəlsin deyə, babası Hamparsum gəlib, onu Martuniyə apardı. Bütün bu müddətdə Armendən  hal-əhval tuta bilmədik. Sentyabrın 1-ində Elşadı baxçaya aparıb qoyduq. Armen yox idi. O, sentyabrın 2-sində , 3-ündə də gəlmədi. Sentyabrın 4-ündə Elşad Armengilə gedib, anasından soruşub ki, Armen niyə baxçaya gəlmir? Haykanuş göz yaşlarını saxlaya bilməyib, deyib ki, Armen ölüb... Elşad da ağlaya-ağlaya gəlib mənə dedi: - Ata, Haykanuş xala dedi ki, Armen ölüb... Öyrən gör, o niyə ölüb?

Mən oğlumun sözünü yerə salmadım. Haykanuşa zəng çaldım. O, mənə bütün olanları təfsilatıyla danışdı: - Doktor, oğlumu sünnət etməyinizi Martunidə bütün ermənilər bildilər, atamı qınadılar, onu hədələdilər. Ona dedilər ki, səndə erməni qanı yoxdur, bizim ad-sanımıza ləkə vurmusan. Sən nəvəni müsəlman elətdirmisən... Sən müsəlmanların sayını artırmısan!.. Sən ya nəvəni öldürməlisən, ya da biz ermənilər sən  başda olmaqla, bütün ailə üzvlərini qıracağıq!.. Atam da məcburiyyət qarşısında qalıb, nəvəsini də götürüb, qoyunları meşəyə otarmağa aparıblar. Atam Armeni qayalıq yerə aparıb, ordan da onu dərəyə itələyib,  öldürüb...

Balaca Armenin faciəli ölümü hamımızı sarsıtdı. O, anasının sayəsində həyata qayıtsa da, sonda erməni “təəssübkeşliyi”nin qurbanı oldu...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN