Əliyeva Afaq Bədrəddin qızı: «Cənab nazir, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi qanunsuz bank fəaliyyəti ilə məşğul olan və adsız lombardın müdiri Dilarə adlı qadın və əməkdaşı Nailə Qaragözovanın saxta şikayəti ilə mənə təzyiq edir, istintaq sirrini yaymaqla məşğuldur…»

…Bəri başdan onu deyək ki, redaksiyaya çoxsaylı və çoxməzmunlu şikayət məktubları daxil olur. Əməkdaşlarımız bu şikayətləri hərtərəfli araşdırır, şikayətçini, eləcə də şikayətin subyekti (cavabdeh, günahkar tərəf) olan tərəflə əlaqə saxlayır, hər iki tərəf təkrarən dinlənilir, mövqeləri öyrənilir. Və yalnız şikayət özünü doğruldursa və ərizədə yazılanlar həqiqəti əks etdirirsə, həmin şikayət qəzetdə dərc olunur, yaxud tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilir… Amma bəzən sonda məlum olur ki, şikayətçi nəinki haqsızdır, həm də qarşı tərəfi və redaksiyanı aldatma yolu tutub…

 Adı olmayan lombardın sərhəd tanımayan qanunsuz əməllərinə rəvac verən müstəntiq…

 Beləliklə, «Təzadlar» qəzeti redaksiyasına dünən bir şikayət ərizəsi daxil olmuşdur. Bakı şəhər sakini Nailə Qaragözovanın şikayətindən məlum olur ki, guya Bakı şəhər sakini Fərid Musa oğlu Məmmədov ötən ilin sentyabr ayında "Toyota Prado” markalı avtomobilini ona 20500 dollara satıb, lakin avtomobil bir neçə ay sonra həyətindən Fərid Məmmədov tərəfindən oğurlanıb: "Fərid Məmmədovla 2021-ci ildən tanışam. Ötən il o, mənə bildirdi ki, təcili pul lazım olduğu üçün avtomobilini ucuz qiymətə satır. Mən də digər elanlarla müqayisədə gördüm ki, doğrudan da onun təklif etdiyi qiymət çox yaxşıdır və beləliklə, avtomobili aldım, pul ödənildi və rəsmi sənədləşmə oldu. Sentyab ayında Fərid Məmmədov mənə bildirdi ki, özü avtomobil alandək müvəqqəti olaraq anası Afaq Məmmədovaya (soyad yalnışdır.RED.) etibarnamə verim və o, maşını rahat sürə bilsin. Aramızda dostluq münasibəti olduğu üçün etiraz etmədim. Lakin dekabr ayında Fərid Məmmədova zəng edib avtomobili geri qaytarmağı deyəndə, müxtəlif bəhanələrlə avtomobili qaytarmadı. Belə olan halda, mən 23 dekabr tarixində Afaq Məmmədovanın adına olan etibarnaməni ləğv etdirdim.

 

Bundan iki gün sonra Fərid Məmmədov avtomobili gətirib binamızın həyətinə qoyub getdi və mənə bildirdi ki, maşının ikinci açarını səhəri gün gətirib verəcək. Lakin səhər gördüm ki, avtomobil məhlədə yoxdur. Bildim ki, maşını Fərid Məmmədov oğurlayıb. Başqa cür ola da bilməzdi. Odur ki, Fərid Məmmədovun anasına zəng edib vəziyyəti danışdım. O isə cavabında "əcəb edib”, - deyə bildirdi. Fəridin atasına vəziyyəti bildirəndə, o, şikayət etməməyimi və mənə 20000 manat pul ödəməyə hazır olduğunu söylədi. Bu məbləğ isə avtomobili aldığım qiymətdən çox-çox aşağı idi. Ona görə də mən onun təklifi ilə razılaşmadım. Sonradan bu hadisə ilə bağlı özünü polis polkovniki kimi təqdim edən Elbrus Rüstəmov iş yerimə gələrək məni hədələdi. Araşdırdım və bəlli oldu ki, o, əslində keçmiş polis işçisidir. Bundan sonra mən polisə şikayət ərizəsi verdim”.

 Yalan bu dəfə ayaq tutdu, amma yerimədi, çünki…

 Redaksiyamıza tam təsadüfən iki gün isə şikayətdə adı çəkilən Fərid Məmmədovun anası, Bakı şəhəri Nərimanov r-nu Y.V.Çəmənzəminli küçəsində yaşayan Əliyeva Afaq Bədrəddin qızı tərəfindən şikayət ərizəsi daxil oldu. Bir gün sonra isə məlum oldu ki, hər iki şiykayət eyni məzmunludur. Amma həqiqətən də inanılmaz fakt qarşısında qalmışdıq: belə ki, Afaq Əliyevanı redaksiyamıza dəvət etdik, o, əsl həqiqəti söyləyəndə məlum oldu ki, avtomobilinin oğurlanması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi verən və əvvəllldən tanıdığı, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Cavid Əhmədova yazılı izahat verib… Biz KİV olaraq bir daha Nailə Qaragözova ilə telefon əlaqəsi saxladıq. O, bir daha ona məxsus olan avtomobilin oğurlandığını təsdiqlədi və Fərid Məmmədovdan şikayətçi olduğunu bildirdi.

 Təkrar edirik, hər iki tərəfin söylədiklərini müqayisə edərək təkrarən araşdırma apardıq… Lakin məlum oldu ki, Nailə Qaragözova Nəsimi rayonu ərazisində fəaliyyət göstərən, hüquqi ünvanı bəlli olmayan, eləcə də yerləşdiyi ərazidə hüquqi adı olmayan zirzəmi tipli sahədə yerləşən Lombardın əməkdaşıdır, oğurlandığı söylənilən avtomobil isə lombarda Fərid Məmmədov tərəfindən götürülmüş 23 min manat pulun əvəzində girov qoyulub. Ən maraqlısı, Nailə Qaragözova və müdir Dilarə adlı qadın lombard fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq, əslində, bank fəaliyyəti ilə məşğul olmaqla, vergidən yayınıb. Belə ki, o, qeyd olunan məbləği Fərid Məmmədova aylığı 5 faizdən olmaqla (illik 60 faizlə) pul verib, əvəzində isə şikayətdə qeyd olunan avtomobili faktiki öz adına sənədləşdirib, lakin idarəetmə etibarnamə ilə Fərid Məmmədovun anasında olub…

 Yasamal rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovun görünməmiş qanunsuzluğu…

Budur, əməkdaşlarımız şikayəti araşdırarkən Yasamal rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovun görünməmiş qanunsuzluğu ilə qarşılaşmışdır. Belə ki, müstəntiq avtomobil oğurluğu ilə bağlı şikayəti qəbul edərkən onun nə dərəcədə Yasamal rayonuna və ya elə müstəntiqə aidiyyətinin olmasına aydınlıq gətirməli idi. Hətta şikayəti qəbul etmiş olsaydı belə, aidiyyəti üzrə göndərməli idi. Təsəvvür edin, Lombard Nəsimi rayonu ərazisində yerləşir, avtomobilin alqı-satqısı ilə əlaqədər sənədləşdirmə isə Qaradağ və Binəqədi rayonlarının ərazisində baş vermişdir. Absurd və ağlagəlməz bir vəziyyətdir.

İkincisi, müstəntiq nədən oğurlandığı deyilən avtomobilin məxsusluğunu aydınlaşdırmayıb? Axı adı çəkilən avtomobil Lombarda girov qoyulub və aylıq 5 faizlə həmin lombardın əməkdaşı olan Nailə Qaragözovaya pul ödənilib. Üçüncüsü, müstəntiq niyə araşdırmaqda maraqlı deyil ki, barəsində şikayət verilmiş Fərid Məmmədovu hədələməmişdən əvvəl onun izahatını alaraq soruşsun ki, bu avtomobil söhbəti nə məsələdir, oğurlamadır, yoxsa… Və müstəntiq heç bir təhqiqat aparmadan (bu şikayət, əslində təhqiqatçının vəzifəsinə aid olduğu halda, müstəntiq bu işi araşdırır) dərhal avtomobilin oğurlandığı qənaətinə gəlir və hələ bir istintaq və ya təhqiqat sirrini də kobud şəkildə yayır… Dördüncüsü, müstəntiq nədən Lombard işlədən və Fərid Məmmədova külli miqdarda pul vəsaitlərini verən, aylıq faizləri qəbul edən Nailə Qaragözova  (F.Məmmədov, sən demə, bundan əvvəl daha 6 avtomobili də bu lombarda girov qoyub, 80 min manatdan çox pul götürüb, sonra qısa müddətdə həmin pul lombard faizləri ilə bərabər ödənilərək girovluqdan çıxarılıb. Bu zaman da heç bir sənədləşmə aparılmayıb) bu vəsaitləri necə sənədləşdirdiyini, «Lombardlar haqqında» Azərbaycan Respublikasının Qanununa necə əməl edib-etməməsini və s. niyə araşdırmayıb???

 Müstəntiq istintaq sirrini necə yayıb? Onu hansı cəza gözləyir???

 Təsəvvür edin, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Cavid Əhmədov şikayətçi Nailə Qaragözovanı idarəyə dəvət edir, sonra onun izahatını alır… N.Qaragözova istintaq üçün əhəmiyyətli məlumatları və faktları yazır. Elə həmin gün həmin izahatdakı xüsusatlar mətbuata ötürülür, yayımlanır, ictimailəşdirilir. Müstəntiqin bu hərəkəti barədə aidiyyəti mütəxəssis və ya ekspertlərdən, vəkillərdən, hüquqşünaslardan, keçmiş müstəntiqlərdən… soruşduq, onlar da bir daha müstəntiqin bu hərəkətini qanunsuz hesab etdilər… Redaksiya bu barədə Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndərmişdir…

 Bəs Nailə Qaragözova «Lombardlar» haqqında Qanunun tələblərini necə pozurmuş???

 Kiçik bir araşdırma apardıq və şikayətdə adı hallandırılan Fərid Məmmədvla da söhbət etdik. Məlum oldu ki, sən demə o, hələ bir müddət əvvəl də Nailə Qaragözovanın rəhbəri olduğu Lombarda daha 6 yükdaşıma xidməti göstərən avtomobili girov qoyaraq aylıq 5 faizlə 80 min manat nəğd pul vəsaiti götürüb. Və Nailə Qaragözova ona nə verdiyi külli miqdarda pul vəsaitinə, nə bu vəsaitə görə hər ay lombarda ödədiyi faiz dərəcəsinə görə heç bir rəsmi sənəd verməyib, nə də girov müqaviləsi bağlanılıb. Yalnız həmin avtomobillər müvəqqəti olaraq lombardın bir əməkdaşının adına alqı-satqı ilə rəsmiləşdirilib. Vəssalam! Bəs daxil olan vəsaitlərdən və ya lombard fəaliyyətindən Dövlət büdcəsinə hansı məbləğdə vəsait ödənilib, vergiləri nə qədər olub? Olubmu??? Və F.Məmmədov bir müddət sonra 80 min manat girov məbləğini qaytararaq həmin avtomobilləri girovluqdan çıxarıb. Sonra ona yenidən pul lazım olub, bu dəfə isə indi mübahisələndirilən "Toyota Prado” markalı avtomobili girov qoyaraq ona 20000 manat pul götürür (Nailə Qaragözova isə bu məbləği ərizəsində yalandan 20500 dollar göstərir). Yenə də heç bir girov müqaviləsi imzalanmır, sonradan hər ay qəbul edilən 5 faiz vəsait isə əlbəəl alınaraq Nailə Qaragözova tərəfindən cibə qoyulur… Təbii ki, yenə də  məqsəd dövlət büdcəsindən vergi gizlətmək olur…

 

Kiçik arayış: «Lombardlar haqqında» Qanunda yazılır: «Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanmışdır və lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.

 Maddə 1. Əsas anlayışlar:

 1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 1.1.1. lombard - daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsi;

 1.1.2. girov bileti - kredit müqaviləsinin bağlanılması faktını təsdiq edən, girovun lombard tərəfindən verilən uçot sənədi;

 1.1.3. saxlama qəbzi - saxlama müqaviləsinin bağlanması faktını təsdiq edən, lombard tərəfindən qəbul edilən əşyanın uçot sənədi;

Maddə 3. Lombard fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları

 3.1. Lombardın firma adında "lombard" sözü qeyd edilməlidir. Lombard sənədlərdə, elanlarda, reklamlarda və digər yerlərdə öz nizamnaməsində göstərilən addan fərqli ad istifadə edə bilməz.

 3.8. Lombardlar kredit tarixçələrini təşkil edən məlumatı "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətdə olan ən azı bir kredit bürosuna və maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidirlər. Lombard  tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 Maddə 10. Kredit müqaviləsi

 10.1. Kredit müqaviləsi bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, lombardın girov qoyana girov bileti verməsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edən müştərinin sonradan əşyanı yenidən girov qoyması  yeni girov bileti rəsmiləşdirilməklə həyata keçirilir.

Maddə 14. Saxlama qəbzinin rəsmiləşdirilməsi şərtləri

 14.1. Saxlama qəbzi biri müştəridə, digəri lombardda qalmaqla iki nüsxədə tərtib edilir. Hər iki nüsxə lombardın möhürü ilə təsdiqlənir» və s.

***

 İndi Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Cavid Əhmədovdan soruşmaq lazım gəlir ki, lombard  girov qəbul etdiyi əvvəlki 6 avtomobilin və sonradan qəbul etdiyi "Toyota Prado” markalı avtomobili hansı qaydada sənədləşdirib, qanunun tələblərinə əməl etməkləmi Fərid Məmmədova külli miqdarda faizə pul verib???  Müstəntiq deyə bilər ki, bu şikayətin mahiyyətinə aid sual deyil, amma araşdıranda ona bəlli olacaqdı ki, Nailə Qaragözova bu avtomobili 20500 dollara deyil, 20000 manata aylıq 5 faiz (illik 60 faiz) olmaqla faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq dövlət büdcəsini aldadıb (o, 20000 manat əvəzinə ərizəsində yalandan 20500 dollar göstərir).

 Bəs ehtiyatda olan polkovnik niyə şantaj edilir?

Təəssüfedici hallardan biri də budur ki, müstəntiq istintaq sirrini yayaraq KİV-də istintaq üçün olduqca əhəmiyyətli sayıla biləcək həm şikayətçinin izahatının surətini, həm də lombarda aid bir videogörüntünü yaymağa nail olub. Videoda isə ehtiyatda olan polis polkovniki E.Rüstəmovun 10 saniyəlik görüntüsü var. Və şikayətçi Nailə Qaragözova mətbuata ərizəsində yazır ki, guya E.Rüstəmov onu hədələyib, təzyiq edib və s. Bu da bəs etmir və o, müstəntiqə təqdim edilən videogörüntünün 10 saniyəlik hissəsini E.Rüstəmova göndərərək «Baxın, sizdən nazirliyə şikayət edəcəyəm» və s. kimi vatsapına hədə dolu mesaj yazır… E.Rüstəmovu redaksiyaya dəvət etdik. O, bu barədə qısa danışdı: «Nailə Qaragözovanın oğurluqda ittiham etdiyi F.Məmmədov mənim qohumumdur və o, şantajla üzləşdiyini bildirərək məndən məsləhət aldı. Məlum olurdu ki, o, anasının adına olan avtomobili N.Qaragözovanın lombardına aylığı 5 faizdən girov qoyaraq 20000 manat pul götürüb… Bir müddət sonra atası 20000 manatı lombarda verərək avtomobili girovluqdan çıxarmaq istədiyini bildirəndə, Nailə Qaragözova deyib ki, yox, siz mənə 37 min manat verməlisiniz… Halbuki ortada girovun qəbulu ilə bağlı, pulun verilməsini əks etdirən heç bir qanuni və mötəbər sənədləşmə də yoxdur. Dərhal başa düşdüm ki, ortada vergidən gizlətmə niyyəti və qanunsuz fəaliyyət, müştəridən bu yolla əlavə haqq almaq cəhdi var. Mən təxminən ötən ilin dekabrın ilk ongünlüyündə üzərində qanuni adı yazılmayan lombarda getdim. Zirzəmi tipli bir otaqlı yer idi. Qapıda Nailə xanımla salamlaşıb lombardın sahibi Dilarə xanımla görüşmək istəyimi bildirib onun kabinetinə yaxınlaşdım. Orda soruşdular ki, kimsiniz, dedim ki, polis polkovniki Elbrus Rüstəmov. Otaqda bir divan vardı, əyləşdim. Danışmaq istəyəndə Dilarə adlı xanım mənə tərəf nifrətlə baxaraq «Mənə niyə şübhəli baxırsınız?» deyərək arzuolunmaz davranış göstərdi. Nəhayət, ona bildirdim ki, mən F.Məmmədovun qohumuyam, sadəcə, gəldim ki, nəsə anlaşılmazlıq var, onu aradan qaldıraq, lazımdırsa, mən də ağsaqqallıq edim. Bildirdim ki, atası sizə 20000 manat verir, nədənsə qəbul etmirsiniz. Dedi ki, yox, onlar mənə 37 min manat verməlidir… Mən bundan sonra otağı tərk etdim. Bu günlərdə isə F.Məmmədovun anası A.Əliyevanın lombardakı bu qanunsuzluqlarla bağlı DİN rəhbərliyinə şikayətindən sonra Nailə Qarağozova polisə ərizə yazır ki, guya mən onu hədələmişəm… Üstündən isə heç bir sənədləşməsi olmadığı halda, 20000 əvəzinə, dərhal 20500 dollar pul verildiyini ərizəsinə əlavə edir. Polisdə verdiyi izahatı isə qanunsuz olaraq mətbuata ötürülür, saytlar da istintaq sirri sayılan sənədi yayımlayır. Bu da azmış kimi, Nailə Qaragözova mənim vatsap nömrəmə video göndərib məni şantaj edir, təhdid edir. 10 saniyəlik videoda mən sakitcə daxil oluram lombarda və özümü təqdim edirəm. Vəssalam. Əgər orada hər hansı bir hədə, təzyiq və s. varsa, niyə həmin video tam yayımlanmır?»

***

Beləliklə, «Lombarlar haqqında» qanunun tələblərini pozaraq faktiki olaraq bank fəaliyyəti ilə məşğul olan Nailə Qaragözova və lombardın sahibi Dilarə adlı qadına bu işdə dəstək verən, istintaq sirrini yayan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Cavid Əhmədovun qanunsuz hərəkətlərindən bezən (Fərid Məmmədovun anası) Afaq Bədrəddin qızı Əliyeva Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General Polkovnik cənab Vilayət Eyvazova şikayət ünvanlayıb (Surəti «Təzadlar» qəzeti redaksiyasınadır).

 Şikayət ərizəsində yazılır:

«Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General Polkovnik cənab Vilayət Eyvazova

Surəti: DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Rəisi, Polis General-mayoru, cənab Əbülfət Rzayevə

Surəti: «Təzadlar» qəzeti redaksiyasına.

Bakı şəhər sakini Əliyeva Afaq Bədrəddin qızı tərəfindən şikayət

Yazıb sizə bildirirəm ki, oğlum Məmmədov Fərid Musa oğlunun adına olan ‘TOYOTA PRADO’ markalı ’90-KL-500’ dövlət nömrə nişanlı avtomobili oğlum Fəridin biznes işində maaliyyə problemi yarandığından mənim xəbərim olmadan 08.09.2021-ci il tarixində Nəsimi r-nu, Azadlıq pr-də yerləşən Dilarə adlı şəxsin işlətdiyi ‘LOMBARDA’ qoyularaq hər ay üçün 5%-dən olmaqla 23000 (iyirmi üç min) manat pul  götürmüşdür. Mən bu haqda bilən kimi oğlumu tənbeh etmiş və dərhal qısa müddətdə qohum- əqrabadan pul yiğaraq həmin avtomobilə görə ‘LOMBARD’ işlədən Dilarə adlı şəxsə 23000 (iyirmi üç min) manat məbləğində ödəniş edib maşını götürmək istədim. Mən dəfələrlə Dilarə adlı şəxsə eyni miqdarda ödəniş edib maşını geri götürmək istəsəm də heç bir əsası olmadan maşını qeydiyyatdan imtina edir. Dilarə mənə və oğluma qarşı kobud halda rəftar edir, təhqir edir, otaqda mənə əl ataraq oğlumun yanında çölə çıxartmaq istəyib, bir sözlə, hədə-qorxu gəlir. Mən ona bildirdim ki, qanun çərçivəsində şikayət edəcəm. O buna baxmayaraq dedi ki, heç kimdən qorxmuram, hər yerdə adamım var, elə etmə ki, səni və oğlunu «Banditizm»də işləyən tanışlarım vasitəsilə içəri saldırım. Ona görə də mən gələcəkdə hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün Dilarə adlı şəxsin qanuna zidd hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə  göstəriş verməyinizi xahiş edirəm».

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

(Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb:6.3.3)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN