“Ancaq əfsuslar olsun ki, yenə 3 ay sonra- avqust ayında Bəydövül kəndində su qıtlığına görə kütləvi aksiya keçirildi”

Göyçay şəhəri, İbrahim Göyçaylı küçəsi-4/10 ünvanında yaşayan Hüseynov Anar Rafiq oğlu tərəfindən “Təzadlar”a daxil olan məktub diqqətimizi çəkdi. Şikayətçi ilə əlaqə saxlayıb yazdığı faktlara münasibətini öyrəndik.

Beləliklə, həmin məktubu kiçik ixtisarla təqdim edirik:

Hörmətli “Təzadlar”!

 Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm, göstərdiyim faktlar obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz. Mən, Hüseynov Anar Rafiq oğlu, ictimai-fəal vətəndaş olaraq, sosial şəbəkələrdə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun mtbuata verdiyi müsahibəsinə rast gəldim. Bildiyiniz kimi, Göyçay rayonunda suvarma su problemi hələki həlledilməz olaraq qalır. Beləliklə, “Xalq qəzeti”nin 07.02.2021 tarixli nömrəsində Şakir Əhmədovun “Meliorasiya və su təsərrufatı işçilərindən yüksək məsüliyyət tələb olunur” başlıqlı müsahibəsi dərc olunub.

Rəis müsahibədə deyir ki, “Son illər dövlət başçısı qarşımıza mühüm vəzifələr qoyub. Biz də çalışırıq ki, bu vəzifələri uğurla həyata keçirək”.

Sonra əlavə edir: “Keçən il Göyçay çayının məcrasında mühüm işlər aparılmışdır. Kanallarda 474 kilometr lildən təmizləmə işləri görülmüşdür. Üç ədəd qurğuda təmizləmə və təmir işlərini yekunlaşdırmışıq. Qarayazı beton kanalında əsaslı təmir işləri aparılmışdır. Əlbəttə, bunlar hamısı dövlət vəsaiti ilə reallaşdırılmışdır”

Lakin bu müsahibə dərc olan tarixdən 3 ay sonra, yəni 03.05.2020 tarixində mtbuatda “Göyçay rayonunun Məlikkənd, Qaraməryəm, Yekəxana kəndlərində su problemi” başlıqlı yazı dərc olundu. Yazıda bildirilirdi ki, “...kənd camaatı 22.04.2020-ci il tarixində Göyçay rayon icra hakimiyyətinin qarşısına toplaşmağa cəhd ediblər. Polis onları kənarlaşdırmağa çalışsa da qarşıdurma yaranıb və səs-küyə icra başçısı çıxıb. Kənd sakinlərinin sözlərinə görə, başçı problemi dinləyəndən sonra müvafiq tədbirlər görüləcəyinə söz verib”.

Ancaq əfsuslar olsun ki, yenə 3 ay sonra- avqust ayında Bəydövül kəndində su qıtlığına görə kütləvi aksiya keçirildi. Daha sonra susuzluqdan əziyyət çəkən Çaxırlı kənd sakinləri Göyçay Rayon İcra Hakimiyyəti binasının qarşısında aksiya keçiriblər.

Beləliklə, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov 5 kənddə yaşayan 7836 nəfər sakini hökumətdən narazı salmaqda davam edir. Bu kütləvi qanunsuzluğa əv əhalini ələ saldığına görə Göyçay Rayon Prokurorluğu Şakir Əhmədova qarşı cinayət işi açmadı. Göründüyü kimi, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun rəsmi qəzetə verdiyi müsahibəsinin yalan, saxta olması subut olundu.

Odur ki, 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb? Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Yaxşı, bu qədər külli miqdarda dövlət vəsaiti hara xərclənib və kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır?

Eyni zamanda Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmiri üçün tərtib edilmiş layihə- smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib. Bununla da Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini burada da mənimsəmişdir.

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun korrupsiya əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb barəsində qanunu və ciddi tədbirlər görülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.2 maddəsinə əsasən, sizdən xahiş edirəm, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməllərinin obyektiv araşdırılıb onun barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün mənim bu ərizəmi dərc edərək aidiyyəti üzrə və qanunun tələbinə uyğun olaraq Baş Prokurorluğa göndərəsiniz.

Sonda: Şikayətimdə qeyd etdiyim faktları təsdiq edən və rəsmi qəzetdə dərc edilmiş yazının və susuzluğa görə Göyçayda keçirilən aksiyaların video linklərini əlavə edirəm.

Redaksiyadan: Məsələ ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat xidmətinə bir neçə dəfə telefon zəngi etsək də, suallara cavab verəcək bir şəxsi tapa bilmədik. Sonra 11.03.2022-ci il tarixdə bu məktub-yazını ASC-nin elektron poçtuna göndərdik. Həmçinin Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla da əlaqə saxlamaq cəhdimiz hələki baş tutmayıb. Onun da mövqeyini öyrənməyə çalışırıq.

“Təzadlar”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN