Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi-5 ünvanında yaşayan Cəfərova Nüşabə Əlisa qızı ümidini məhkəmələrə bağlamışdı, indi məhkəmələr onun yolunu bağlayıb...

“Təzadlar”ın ötən sayında bu barədə yazmışdıq. Daha doğrusu, iş adamı Cəfərova Nüşabə Əlisa qızının Prezident İlham Əliyevə müraciətini yayımlamışdıq.

Redaksiyamızla əlaqə saxlayan xanım iş adamı Prezident İlham Əliyevə ünvanladığı daha bir müraciətini göndərib. Məhkəmə ədalətsizliyinin bariz nümunəsi olan halları özündə əks etdirən həmin müraciəti aşağıda təqdim edirik:

Çox hörmətli Cənab Prezident!

Yerli məmurların özbaşınalığı nəticəsində haqsızlıqla üzləşdiyim barədə Sizə müraciət ünvanlamışdım. Bir daha qısa xatırlatma və hüquqi izah vermək vermək istəyirəm.

Ağsu dolaylarının 150-ci km-də yerləşən və 1998-ci ildən mövcud olan, 2002-ci ildən mənə məxsus olan qanuni obyekt 2020-ci il 29 aprel və 1 may tarixlərində heç bir məhkəmə qərarı, rəsmi xəbərdarlıq və tərəflərin rəsmi razılaşması olmadan söküldü. Pandemiyanı fürsət bilənlər obyektimi tari-mar etdilər. Məlumat üçün bildirim ki, mülküm “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadast İdarəsində Qeydiyyat Vəsiqəsi № 38 altında qeydiyyatdadır və tərəfimdən 2002-ci ildə notarial qaydada alğı-satqı müqaviləsi ilə alınıb.

Şəki İnzibati Məhkəmənin hakimi Fərid İsmayılzadə № 2-1(116)-18/2022 İş üzrə 10.03.2022-ci il tarixli qərar çıxarıb. Qərar çoxlu sayda haqsızlıqlar, deyərdim biabrçılıqlar ilə doludur. Qərarda qeyd edilən haqsızlıqlar və qanunsuzluqları bir-bir qeyd edetmək istərdim. Xahiş edirəm diqqət edək ki, hakimin daxili inamını əsas gətirib Azərbaycan Dövlətinin adından qəbul elədiyi qərarında nə qədər haqsız əsaslar vardır.

Məhkəmə qərarından çıxarış:

  1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Rayon İcra Hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubundan aydın olur ki, N.Cəfərova tərəfindən (yəni, mən) müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili qardaşı Cəfərov Ağanəsib Əlisa oğlunun iştirakı ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları ünvanına aparılmışdır”.

Bu hissəyə cavab olaraq, bildirirəm ki, hakimin qeyd etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubda Nüşabə Cəfərova və Ağanəsib Cəfərov haqqında bir kəlmə də yazılmayıb. Həmin məktubda Lətif Cəfərov adında şəxdən söz açılıb və iddia ərizəmdə də qeyd etdiyim kimi, Lətif adında qardaşım ümumiyyətlə, yoxdur. Yəni,  obyektimin sökülməsində qardaşımın iştirakı ilə bağlı yazılanlar cəfəngiyyatdır. Mənim söküntüyə heç-bir razılığım olmayıb və söküntü və qanunverciliyin tələblərinə görə özgə əmlakını məhv etmədir (Cinayət məcəlləsi. Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə).

Məhkəmə qərarından çıxarış:

2.”Göründüyü kimi, Cəfərova Nüşabə Əlisa qızı 90,9 kv.m ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır. Ona görə də özbaşına və qanunsuz tikilən 90,9 kv.m ölçüdə olan yeməkxana binasına iddiaçı Cəfərova Nüşabə Əlisa qızının kompensasiya və sair tələblərinin heç bir hüquqi əsası yoxdur”.

Bu hissəyə cavab olaraq, qeyd edirəm ki, Mülkü Məcələnin 180.3 maddəsinin tələbinə görə özbaşna tikili olsa belə, söküntü aparılması üçün məhkəmə qərarı olmalıdır. Yəni, hakimin mülkünü qanunsuz sayması tam əsassızdır.

Ulu Öndərimizin min bir əziyyətlə ərsəyə gətirdiyi Konstitusiyamızın 13-cü və 29-cu maddələrində mülküyyət toxunulmazlığı təsbit edilib. Qanunvericiliyin tələblərinə görə söküntünün aparılması üçün ilk növbədə məhkəmə qərarı olmalı idi. Amma buna əməl etməyən Meşə Təsərüfatı Mərkəzinin rəhbərliyi əmlakın qeydiyyat vəsiqəsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün söküntü aparıldıqdan uzun müddət sonra iddia qaldırdı. Buna el arasında arxadan atılan daş deyillər. Mərkəzin direktoru Əfqan Qəribov qanunsuz iş tutmuşdu. Məhkəmənin gedişində uduzduğunu anlayan Şamaxı Regional Meşə Təsərfatının həmin direktoru işi təxirə salmaq üçün digər vasitəyə əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədi ilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş sərəncama görə məhkəməyə verdi. Ağsu rayon Məhkəməsindən isə sərəncamla bağlı iş həll olunana qədər işin təxirə salınmasını tələb etdi. Ağsu Rayon Məhkəməsi isə işin təxirə salınması haqqında qərardad çıxardı. Şəki Apellyasiya Məhkəməsinə Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verdim. Məlum oldu ki, qərar düzgün verilməyib və Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və davam etdirilməlidir. Ağsu Rayon məhkəməsi isə icraatı təzələməli və işə baxaraq qərar verməlidir. Nəhayət, 29.06.2021 tarixli qərarda Şamaxı Regional Meşə Təsərrüfatının iddiası təmin edilmədi və alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsi qüvvədə qaldı.

Artıq qərar hüquqi qüvvəsini alıb. Həmin qərar  məhkəməyə rəsmi qaydada 29.11.2021 tarixində təqdim edilməsinə baxmayaraq, bu faktı nəzərə almayıb.

Məhkəmə qərarından çıxarış:

  1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin ötən 20 il müddətdə Ağsu şəhər sakini Cəfərova Nüşabə Əlisa qızına 90,9 kv.m ölçüdə yeməkxana binası üçün Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2002-ci il tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və Ağsu RİH-nin 20 fevral 1998-ci il tarixli, 33 saylı sərəncamının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi üçün kifayət qədər vaxtı olmuş və həmin yeməkxana onun nəzarəti altında fəaliyyət göstərmişdir”.

Məhkəmə qərarında verilmiş yuxarıda göstərilən fakt bir daha sübuta yetirir ki, Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi 20 ildir mövcud olan mülkü söküb. Ağsu Rayon Məhkəməsinin qərarından da göründüyü kimi, iddia müddəti bitdiyindən obyekt istənilən halda qanunsuz sayıla bilməzdi. Bu fakt sübuta yetirir ki, Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi özgə əmlakını qəsdən məhv edib.

Məhkəmə qərarından çıxarış:

  1. “İş üzrə cavabdeh orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi 05.10.2021-ci il tarixli, 574 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisi olan Ağsu meşəbəyliyinin 08 saylı dolayının, 32-ci kvartalında Cəfərova Nüşabə Əlisa qızı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədləri tədqiq edərkən məlum olmuşdur ki, Ağsu rayon sakini N.Cəfərova 2002-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi ilə Bakı-Qazax şosesinin 150-ci kilomterində, Ağsu dolayında ümumi sahəsi 90,9 kv.m olan “yeməkxana binası” əldə etmiş və bu barədə Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona 2002-ci il 04 sentyabr tarixli, 38 nömrəli qeydiyyat vərəqəsi verilmişdir. N.Cəfərova yeməkxana binası üçün 2020-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlaka dair Ağsu rayonlararası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi hüquqmüəyyənedici sənədi almağa nail olmuşdur.

 

Həmçinin, bildirmək istəyirik ki, N.Cəfərova ilə Şamaxı RMTM arasında meşə fondu sahəsindən istifadədə və ya icarə ilə bağlı hər hansı müqavilə mövcud olmamışdır. İddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı müraciətlərin məzmunundan tam aydın görünür ki, 2020-ci ilin aprel ayının sonu və may ayının əvvəlində Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən obyektin sökülməsi həyata keçirilmiş və söküntü rayon icra hakimiyyəti başçısı və müavininin birbaşa göstərişləri ilə rayon yaşıllaşdırma idarəsinin və mənzil istismar sahəsinin haqqı ödənilən ictimai işlərə cəlb edilmiş sosial işçilərinin köməkliyi ilə aparılmışdır. Həmçinin iddiaçı həmin məktublarında etiraf edərək bildirmişdir ki, obyekti sökülməmişdən əvvəl rayon icra hakimiyyəti başçısının müavini obyektin sökülməsi barədə iddiaçıya bir neçə dəfə göstəriş vermişdir”.

Bu hissəyə dair rəsmi təqdimatım 29.11.2021-ci il tarixində Şəki İnzibati Məhkəməsinə rəsmən təqdim edilib. Eyni zamanda, Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin Ağsu RİH-ə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan da göründüyü kimi, söküntü Meşə Təsərüfatı Mərkəzi tərəfindən aparılıb. Sadəcə Meşə Təsərüfatı Mərkəzinin rəhbərliyi məsuliyyətdən canını qutarmaq üçün bu yola əl atıb. Lakin hakim vətəndaşın hüquqlarını ayaq altına ataraq daxili inamını əsas gətirərək özgə əmlakını məhv edən şəxsi qoruyan qərar verib.

Məhkəmə qərarından çıxarış:

  1. “Bundan əlavə, məhkəmə iclasında iddiaçı və nümayəndəsi tərəfindən verilən izahatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi ilə cavabdeh qismində məhz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etməsinə səbəb Ağsu Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış məktubunda söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığının qeyd edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi 21.07.2020-ci il tarixli 524 nömrəli məktubunda söküntünün Şamaxı RMTM-i tərərfindən aparıldığı rəsmən etiraf edilib”.

Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzinin Ağsu RİH-ə ünvanladığı 03 iyun 2020 ci tarixli 388 saylı rəsmi məktubda söküntünün onların tələbi ilə aparıldığı, söküntüdə Ağsu RİH-ə edilmiş müraciət əsasında sosial işçilərin imkanlarından istifadə edildiyi qeyd edilib. Ombudsmana ünvanladığım müraciətə verilən cavabda da söküntünün Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən aparıldığı məlum oldu. Həmçin 6 saylı Regional Ekologiya İdarəsi araşdırma apararaq, mülkümün Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən söküldüyünü təsdiq etdiblər. Eləcə də Meşə Təsrüfatı Mərkəzi Ağsu Rayon Məhkəməsində Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadast İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi və 2002-ci ildə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddianı uduzub.

Bu fakt bir daha sübuta yetirir ki, söküntü özgə əmlakını qəsdən məhv etmədir. Şamaxı Regional Meşə Təsərüfatı, həmçinin Ağsu Rayon Məhkəməsində mənə qarşı qaldırdığı iddia ilə söküntünü apardıqlarını etiraf edib, iki dəfə Şəki İnzibati Məhkəməsinə təqdimat yazaraq Ağsu Rayon Məhkəməsində olan, alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğvinə dair iş bitənə qədər, işin təxirə salınmasını tələb edib.

Bütün sadalanan faktlar bir daha sübuta yetirir ki, hakimin daxili inam dediyi cavabdehin qoruyucu mələyi olmasıdır. Ağsu Rayon Məhkəməsin qərarı söküntünün məhz Şamaxı Regional Meşə Təsərüfatı tərəfindən aparıldığını bir daha təsdiq edirsə, hakimin daxili inamla əsaslandırdığı əslində daha çox cavabdehin tərəfini tutmasıdır.

Məhkəmə qərarından çıxarış:

  1. “Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatverilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 10.03.2022 tarixində keçirilən məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin nümayəndələri iştirak etmədi”.

Bildirirəm ki, hakim Fərid İsmayılzadə məhkəmə iclasının gedişində hakim əxlaqına sığmayacaq ifadələr ilə gündəmə gəldi. 03.06.2020-ci il tarixində söküntünün Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən etiraf edilməsinə baxmayaraq, hakim hansı isə “gədə”nin yazdığı mətubu əsas götürə bilməyəcəyini qeyd etdi. Mənə təəccüblü gələn isə dövlət qurumunu təmsil edən hüquqi şəxsin yazdığı, dövlət atributumuz olan gerbli məktubun hansısa “gədə” tərəfindən yazıldığı deyilməsi oldu. Yəni dövlət rəmzlərimiz və dövlətə məsxusu möhür necə “gədə”nin əlinə düşüb? Qeyd edim ki, 01.10.2020-ci il tarixində Ağsu RİH-i tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdimat olub. Həmin təqdimatda Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi 388 saylı 03.06.2020-ci il tarixli məktub Ağsu RİH-nin hüquq şöbəsinin müdüri Tofiq Kərimovun dərkənarı ilə yer alıb. Burdan belə sual çıxır: əgər hakim məhkəmə iclasında obyektin hansısa “gədə” tərəfində söküldüyünü və məktubu da “gədə” tərəfindən yazıldığını qeyd edirdisə, “gədə” bu sənədi Ağsu RİH-ə necə təqdim edib? Maraqlıdır, bəs Ombudsman hakimin “gədə” adlandırdığı şəxsin cavabına necə istinad edib?

Nəhayət, bəs Məhkəməni saymayaraq iclasa gəlməyən qurumun xeyrinə hakim necə qərar verib? Hakim hansı səbəbdən tutarlı faktları işə əlavə etməyib? Bütün bunlar göstərir ki, hakimin daxili inamı əslində tərəf tutmadır. Mən Azərbaycan məhkəmələrində müsbət nəticə əldə edəcəyimə inanıram. Nəticə olmayacağı təqdirdə isə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikirindəyəm.

Cənab Prezident! Uzun müddətdir yerli məmurlar mənim səsimin Sizə çatmasını əngəlləyirlər. Düşünürəm ki, səsimi sizə çatdırmağımın yeganə yolu beynəlxaq məhkəməyə müraciət etməkdir. Bu halda Sizə gələn hesabatlardan hansısa savadsız məmurun səhvi üzündən Azərbaycan Dövlətinin cəzalandırıldığını görüb, onların cəzalarını verəcəksiniz. Amma adama ayıb gələn Əfqan Qəribov kimi hüquqi şəxsin, Fərid İsmayılzadə kimi hakimin səhvini hansısa Alman və ya Fransızın düzətməsi və Azərbaycan Dövlətini cəzalandırmasıdır. Amma mən hüquqlarımın müdafiəsi naminə bunu etmək məcburiyyətindəyəm.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Sizin ədalətinizə sığınıram!

Hörmətlə,

Nüşabə Cəfərova,

Ağsu şəhəri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN