Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ problemi ilə bağlı son səsləndirdikləri fikirləri şərh edən politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan və erməni xalqı əbədi düşmən deyil, sadəcə, onlarda bizə, bizdə də onlara nifrət edən adamlar var. Z.Əlizadənin sözlərinə görə, bir-birinə nifrət edən erməni və azərbaycanlıları müalicə etmək lazımdır.

Politoloqun bu açıqlamasını oxuyanda, nədənsə, "Ulduz" filminin qəhrəmanı Gülümsərovun calağını xatırladım. Yenə, heç olmasa, limonla çayı bir-birinə bağlayan tellər var. Bəs erməni ilə azərbaycanlıları bir-birinə nə bağlayır? Sualı cavablanana qədər açıq saxlayırıq.

Z.Əlizadə daha sonra görün nə deyir: bizi imperiya mərkəzi, xüsusi xidmət orqanları düşmən etdi: "Bu adamları müalicə etmək lazımdır. Onlara izah etmək lazımdır ki, mədəni cəmiyyətlərdə irqi, milli, cinsi ayrı-seçkilik olmur. Bunlar hamısı həm Azərbaycan, həm də Ermənistan konstitusiyalarında qadağandır. Cinayət Məcəlləsində də qadağandır. Bu maddələri işə salmırdılar. Müharibə bizi mədəni insan qiyafəsindən çıxarıb yırtıcıya çevirmişdi. İndi yavaş-yavaş mədəni insan vəziyyətinə qayıdırıq. Hər iki ölkə liderinin son açıqlamalarına baxanda hiss olunur ki, onlar danışıqların gedişi barədə nikbin fikirdədirlər. Düşünürlər ki, müsbət nəticəyə gələcəklər. Paşinyan üçün vəziyyət daha mürəkkəbdir. Erməni cəmiyyətində rəsmi 25 faizlik müxalifət var. Azərbaycanda isə müxalifət, demək olar ki, yoxdur. Nikol əmindir ki, onun mövqeyi erməni xalqının mənafeyinə xidmət edir. Ona görə nikbin və qətiyyətlə danışır.

Qarabağ ermənilərinin hüquqlarına gəldikdə isə, Azərbaycanda kim onların hüquqlarına qarşı çıxış edib? Çıxış edənlər də marginal, başdan xarab adamlardır. O adamlar ki, 1988-ci ildə qışqırırdılar ki, harada gördün erməni, vur başına gülləni. O qalıqlar da bitmək üzrədir. 30 il müstəqil dövlətdə yaşamış, beynəlxalq hüququn, insan haqlarının nə olduğunu bilən adamların hamısı deyir ki, ermənilər vətəndaşlığı qəbul etsinlər, adam kimi yaşasınlar. Üstəlik, insan hüquqları ilə, münaqişələrlə məşğul olan şəxslər deyir ki, ermənilərin insan hüquqlarının müdafiə məsələsini hətta bir mərtəbə də yuxarı qaldırarıq. Özləri insan hüquqları müdafiə təşkilatları yaradıb Azərbaycanın insan hüquqları təşkilatları ilə əməkdaşlıq etsinlər. Madam ki Avropa İttifaqı vasitəçi rolunu oynayır, Bakıda Avropa İttifaqının bir bürosu var, onun da bir şöbəsini Xankəndidə yaratsınlar. Ermənilər hesab etsə ki, müqavilədəki hüquqlarına hansısa bir azərbaycanlı məmur təcavüz edir, gedib ora şikayət etsinlər. Bundan Azərbaycanın dövlət müstəqilliyinə xələl gəlməz, əksinə, bu daha da hörməti artırar.

Qorbaçov demiş, "Proses paşol”. Prosesin sonunda da iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Prosesin sonunda dəmiryol, şose yolları açılacaq. Arayik Moskvaya köçüb gedəcək. Qarabağda oğurladığı pullarla yaşayacaq. Vitali Balasanyanın, Arayik Arutyunyanın, Samvel Babayanın Qarabağda qalması mümkün deyil. Onlar üçün təhlükəlidir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN