Aprelin 15-də danimarkalı sağçı-radikal siyasətçi Rasmus Paludanın İsveçdəki növbəti provakativ aksiyasi ərəfəsində ölkənin Örebro şəhərində iğtişaşlar baş verib.

Quran nüsxələrini yandıraraq aksiyalar keçirməklə tanınan Rasmus Paludanın İsveçin Linşöpinq, Norşöpinq və paytaxt Stokholm şəhərlərində bu aksiya keçirmək cəhdləri polis ilə etirazçılar arasında iğtişaşlara səbəb olub.

Bu dəfə də Rasmus Paludan Örebroya səfərindən əvvəl şəhərin mərkəzinə toplanan etirazçılar narazılıqlarını ifadə ediblər. Nəticədə polis ilə etirazçılar arasında toqquşmalar baş verib. İğtişaşların nəticəsində, aksiya iştirakçıları və polis işçiləri arasında xəsarət alanlar qeydə alınıb və bir neçə polis maşını yandırılıb. Polis hadisə yerində xəbərdarlıq atəşi açmağa məcbur olub.

Qeyd edək ki, "Stram-Kurs" adlı radikal sağçı partiyanın lideri danimarkalı Rasmus Paludan, Quran nüsxəsini və islam dini simvolikasına qarşı ictimai şəkildə hörmətsizlik göstərməklə məşhurluq qazanıb. “Stram-Kurs” partiyasının özü əsasən islamofob xarakterli ritorikası və qeyri-qərb ölkələrindən miqrasiyanın istənilən formasına qarşı yönəlmiş sərt millətçi yanaşması ilə tanınır. “Stram-Kurs” öz veb-saytında bildirir ki, Danimarkada yaşayan hər bir qeyri-qərb mənşəli immiqrant yerli insanlar ilə fərqli mədəniyyət və fikir sahibi olduğu halda ölkəni tərk etməlidir. Bununla yanaşı, bu kiçik partiya “Danimarkanın İslamlaşmasını dayandırın” (qısaldılmış SIAD) assosiasiyası ilə islam dininin Danimarkada yayılması ilə mübarizə elan edib.

Partiyanın lideri Rasmus Paludan Danimarkanın müsəlman və immiqrant əhalisini qəzəbləndirmək məqsədilə küçələrdə təhqiramiz aksiyalar keçirməyə mütəmadi cəhd edir. Paludan dəfələrlə immiqrantın yaşadığı rayonlarda Quran kitabının nüsxələrini yerə atmağa və hətda yandırmağa və digər təhqiramiz aksiyaları keçirməyə cəhd edib. Bütün bu askiyalar nəticədə iğtişaşlara səbəb olub.

Lakin lazımi dəstək sayını toplamağa nail olmayan "Stram-Kurs" nəticədə, Danimarka seçkilərinə buraxılmağa nail ola bilməyib. Öz növbəsində Danimarka hakimiyyət nümayəndələri partiya nümayəndələrini provakativ aksiyaları keçirməkdə dəfələrlə günahlandırıb, İsveç hökuməti isə hətda Rasmus Paludanı bir müddət ölkəyə səfər etməsinə belə qadağa qoyub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN