Medianın İnkişafı Agentliyi (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçlığı ilə aprelin 19-da müxtəlif media qurumlarını təmsil edən 16 nümayəndənin iştirakı ilə inklüziv təhsil mövzusunda seminar keçirilib.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən bp və tərəfdaşlarının dəstəyi ilə icra olunan "Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində təşkil edilən seminarın məqsədi media nümayəndələrinin inklüziv təhsilin mahiyyəti, qanunvericilik bazası, ölkədə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumatlandırmaq və inklüziv təhsilin mediada daha geniş və düzgün işıqlandırılmasını təşviq etməkdir.

Seminarın açılışında çıxış edən layihə rəhbəri Fərid Süleymanov “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra olunan inklüziv təhsil layihələri çərçivəsində ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin görüldüyünü və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə fəaliyyətlərin davamlı xarakter aldığını iştirakçıların diqqətinə çatdırıb.

F.Süleymanov çıxışında bildirib ki, müvafiq sahədə layihələrin uğurla icrası nəticəsində Azərbaycan Dövlət Pedoqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 4 orta ümumtəhsil məktəbində İnklüziv Resurs Mərkəzləri yaradılıb və tam təchiz edilib, beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanıb və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə təlimləndirilib.

Layihə rəhbəri daha sonra qeyd edib ki, ölkəmizdə inklüziv təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq “Azərbaycanda İnklüziv Təhsil Siyasətinin İcmalı” hesabatı hazırlanıb və onun aidiyyəti dövlət qurumlarının, millət vəkillərinin, beynəlxalq təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirələri keçirilib, 2 beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilib, ali və orta məktəblərə paylanılıb, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilib: "Eləcə də ADPU-nun “İbtidai təhsilin təşkili”, “məktəbəqədər təhsil”, “təhsildə sosial-psixoloji xidmət” və “korreksiyaedici təlim” ixtisalarının kurrikulumuna inklüziv təhsil fənni daxil edilib, inklüzivliyə dair videoçarxlar, animasiyalı posterlər, müxtəlif adda 50000-dən çox məlumatverici çap materialları hazırlanaraq paylanılıb və yayımlanıb, Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibəti ilə “Fərqliyik, bərabərik” adlı uşaq festivalı keçirilib, beynəlxalq ekspertlərin iştirakı ilə onlayn beynəlxalq konfrans keçirilib və digər təbliğat-təşviqat işləri aparılıb".

Medianın İnkişafı Agentliyinin əməkdaşı Səbinə Seyidova isə çıxışında əlillik və inklüziv təhsilə düzgün münasibətin formalaşmasında, inklüziv təhsil və onun əhəmiyyəti barədə geniş ictimaiyyətin maarifləndirilməsində medianın xüsusi rolunu şərh edərək, bu sahədə medianın qarşısında duran vəzifələrdən danışıb.

Qeyd edək ki, seminarın sonunda media nümayəndələri ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN