Bu missiya qaranlıq düşüncələri, zülmü, zülmkarları süquta uğradıb, Yer üzünü öz nuruna boyayacaq

Rəhim və Rəhman Allahın adı ilə! O Allah ki, hüzurunda hər gün əllərimi göyə qaldırıb Ondan müsəlman vəhdətçiliyini və ümmətin, zalımın qəsb və zülmündən qurtulmağını diləyirəm. O vəhdətçilik və ümmətçilik ki, doğrudan da ona böyük ehtiyacımız var. O qəsb və zülm ki, İlahi vəhy ocağı Qüdsdə, qan ağlayan Qarabağımızda ərşə qalxıb.

Qarabağ bizim göz bəbəyimizdirsə, Qüds döyünən ürəyimizdir. Hansı ki, hər iki torpaq işğalçıların tapdağı altındadır. Müsəlmanların ilk qibləgahı, Peyğəmbərimizin (s) Meraca - səmaya yüksəldiyi mübarək Qüds tarixi Fələstin torpağıdır. İsrail 60 ildən çoxdur Qüdsü ələ keçirib, məzlum fələstinlilərə zülm edir. “Qüds Günü”nün mahiyyəti və əhəmiyyətinə keçməzdən öncə yarım əsrdən artıqdır ki, davam edən bu zülmün - İsrail işğalının tarixçəsinə qısa nəzər salaq:

-1917-ci ildə qədim Qüds şəhərinin ingilislər tərəfindən işğal edilməsindən sonra Fələstin torpaqlarına dünyanın hər yerindən yəhudilər köçməyə başladılar. Böyük Britaniya Baş naziri Artur Balfurun 1917-ci ildə yayımladığı deklarasiyadan sonra yəhudilər Fələstin torpaqlarında paytaxtı Qüds olan yəhudi dövləti yaratdılar;

- 14 may 1948-ci ildə Milli Yəhudi Şurası tarixi Fələstin torpaqlarında İsrail dövlətinin yaradıldığını elan etdi. Ərəb-İsrail müharibələri nəticəsində isə Tel-Əviv BMT-nin 1947-ci ildə qəbul edilmiş planına zidd olaraq öz ərazilərini genişləndirdi. Bundan sonra Qərbi Qüds İsrailin, Şərqi Qüds isə İordaniyanın nəzarətinə keçdi;

- Şərqi Qüds 1967-ci ildə Altıgünlük müharibə nəticəsində İsrail tərəfindən işğal edildi;

- 1977-ci ildə Misir Prezidenti Ənvər Sadat İsrailə səfər etdi və Qüdsdə oldu. Bununla da o, Qüdsü İsrail ərazisi kimi tanıyan ilk ərəb lideri kimi tarixə düşdü. Bundan iki il sonra Misir və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə Kemp-Devid razılaşması imzalandı;

- 1980-ci ildə BMT Təhlükəsizlik Şurası 478 nömrəli qətnamə qəbul etdi. Bu qətnamədə Knessetin (İsrail parlamenti) Qüdsü İsrail paytaxtı adlandırması haqqında qərarı qanunsuz adlandırılırdı;

- İsrail BMT Təhlükəsizlik Şurasının 478 nömrəli qətnaməsini tanımadı və Qüdsdəki qanunsuz fəaliyyətini davam etdirərək İordaniya ilə razılaşmanın şərtlərini pozdu. 25 sentyabr 1996-cı ildə Məscidül-Əqsa ətrafında aparılan qazıntılar nəticəsində Ağlama Divarına gedən tunel aşkar edildi. Bu, Fələstin əhalisinin etirazına səbəb oldu. Bir neçə gün ərzində baş verən toqquşma nəticəsində 63 fələstinli həlak oldu, 1600 nəfər yaralandı;

- 23 dekabr 2016-cı ildə BMT Təhlükəsizlik Şurası Şərqi Qüds və Fələstinin digər rayonlarında qanunsuz məskunlaşmaların dayandırılması ilə bağlı qətnamə qəbul edib;

- İsrail rejimi zaman-zaman fələstinlilərin əl-Əqsa məscidinə girməsinə qadağa qoyur. Hətta bəzi müsəlmanların məscidə girməsi üçün yaş senzi tətbiq edir.

Acınacaqlısı budur ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn prinsipləri nəzərə alınmır və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmir. Hərçənd bu qurum İsrailin yürütdüyü işğalçılıq siyasətinə son qoymaq, Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün geniş imkanlara malikdir. Amma nə BMT Təhlükəsizlik Şurası, nə də özünü demokratiyanın, haqq-ədalətin qoruyucusu kimi təqdim edən Avropa, Qərb, ABŞ təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmir, ya da onlar sionizmin qarşısında acizdirlər. İsrailin işğal faktı, irqçi siyasəti, fələstinlilərə qarşı zorakılıq aktları isə davam edir. Qəsbkar rejim dünyanın gözü qarşısında arxayıncasına Qüdsdə qanunsuz məskunlaşma planları hazırlayır. İşğalın 50-ci ildönümündə şəhərin daxilində və xaricində 25 min mənzil inşa edəcəyini bəyanlayır.

Bəli, fakt bundan ibarətdir ki, müqəddəs Fələstin torpaqları işğal olundu, on minlərlə günahsız insanın qanı axıdıldı, milyonlarla insan ev-eşiyindən didərgin düşdü, lakin cinayətkara, uşaq qatilinə “gözün üstə qaşın var” deyən olmadı. Əksinə, Qüdsün, öz doğma yurd-yuvalarının azadlığı uğrundu əliyalın mübarizəyə qalxan fələstinlilər terrorçu elan olundu.

Beynəlxalq birliyin ədalətsizliyə ciddi reaksiya verməməsinin, İsrailin təcavüzkar siyasətinin qarşısını almamasının nəticəsi olaraq, müsəlmanların ilk qibləsi, 3 müqəddəs məsciddən biri olan Məscidül-Əqsanın yerləşdiyi Qüds şəhəri yəhudilərin işğalı altına düşdü.

Məhz belə bir həssas məqamda böyük İslam İnqilabının rəhbəri Seyid Ruhullah Musəvi Xomeyni (r.ə) 1982-ci ildə Fələstinin, Qüdsün azadlığına, fələstinlilərin ali mübarizəsinə dəstək məqsədilə mübarək Ramazan ayının son cümə gününü “Qüds günü” elan etdi. “Qüds günü” İsrailin simasında bütün zülmkarlara qarşı Etiraz Günü olaraq qəbul olundu, zülmə, təcəvüzkara, ədalətsizliyə, haqsızlığa “yox!” demək üçün fürsət yaratdı, zalımlara qarşı dik dayanmaq ruhiyyəsini aşıladı.

“Qüds günü” – onun mahiyyətindən biri də İslam aləminin üzləşdiyi problemlərin simvollaşdırılmasıdırr.

“Qüds günü” Fələstin, Kəşmir, Əfqanıstan, İraq, Bosniya-Hersoqovina, Myanmar, Nigeriya, Qarabağ, Suriya probleminə, bütün müsəlman dərdlərinə vahid mövqedən yanaşma, işğalçı, terrorçu ünsürləri birgə dəf etmə nöqtəsidir. Dünyanın çalxalandığı, haqsızlığın tüğyan etdiyi bügünkü gündə müsəlmanların vəhdəti çox mühümdür. “Qüds günü” bu məsələdə ümməti bir nöqtədə birləşdirəcək bəlkə də yeganə fürsətdir.

Mərhum İmam Xomeyni “Qüds günü”nün mahiyyətinə, fəlsəfəsinə nüfuz edərək, bu günün tərifini ən gözəl formada açıqlayıb: ““Qüds günü” eyni zamanda İslam günüdür”. Vaxtilə müsahibə aldığım tanınmış şəxslərdən birinin dəyərli fikrini xatırlayıram. O, demişdi: ““Qüds günü” İslam günüdür” anlamı o deməkdir ki, doğrudan da bu gün İslam təfəkkürünün yenidən dirçəlməsi, müsəlman ümmətinin damarlarına yeni qanın köçürülməsi günüdür. Hər il “Qüds günü”ndə o yeni qan müsəlmanların damarlarına köçürülür və İslam dünyası yenidən canlanır”.

Bu baxımdan qeyd etmək olar ki, son illər ərzində “Qüds Günü” yürüşləri nəinki İslam, hətta qeyri-İslam ölkələrində də azad düşüncəli və mübariz insanları özünə cəzb edə bilib. Dünyanın bütün bölgələrində yaşayan müsəlmanlar hər il bu təqvimdə Fələstin müqavimətinə həmrəylik məqsədilə yürüşlər keçirir, İsrailə, beynəlxalq sionizmə, qatil rejimlərə nifrətlərini və etirazlarını hayqırırlar. Dünya ölkələrində etiraz yürüşlərilə yanaşı elmi konfranslar keçirilir, seminarlar təşkil edilir, İsrailin işğalçılığı haqda həqiqətlər dünyaya çatdırılır.

Ayətullah Xomeyninin müqəddəs çağırışı zaman və məkan tanımır. O bütün dövrlər, bütün dünya və bu dünyanın bir parçası olan Azərbaycan üçün aktualdır. “Qüds Günü” müsəlmanların qəlbləri yalnız Qüdsün qurtarılması üçün deyil, eyni zamanda Qarabağ üçün də çırpınır. Çünki bu bir həqiqətdir ki, Qüds və Qarabağ eyni dərddədir, Qarabağ Qüdsün işğalının davamıdır!!! Az qala Qarabağın işğal tarixi elə Qüdsün işğal tarixinə çatsın.

Hər il yüzlərlə Azərbaycan vətəndaşı Fələstin xalqı ilə həmrəylik nümayiş etdirir, aksiyalar keçirir, Qüds-Şərifin, Qarabağın azadlığını tələb edir, “Qüds günü”nün mahiyyətini, aktuallığını ictimaiyyətin diqqətinə çatdırır.

Amma “Qarabağın işğalı Qüdsün işğalının davamıdır” həqiqətini bəşəriləşdirmək, dünyada qəbul etdirmək üçün ölkəmizin ictimai-siyasi sferası, bütövlükdə Azərbaycan xalqı “Güds Günü”nün əhatə spektrini genişləndirməlidir. Bu vasitə ilə Qarabağ konfliktini beynəlxalq miqyasa çıxarmağı, münaqişəyə lazımi qiymətin verilməsinə çalışmalıdır. İlk öncə bir müsəlman, daha sonra Azərbaycan Respublikasının vətəndaşı kimi əlimizə düşən hər fürsətdən maksimum dərəcədə yararlanmalı, ümmətin dərdini, problemlərini, Qüds, Qarabağ həqiqətlərini tanıtmalıyıq. Unutmayaq, “Qüds Günü” həm də İslam və Vətən günüdür”.

İmam Xomeyni (r.ə) bəyan edir: ““Qüds Günü” məzlum xalqların taleyi həll olmalıdır. Gərək məzlum xalqlar imperialist dövlətlər qarşısında öz varlıqlarını elan etsinlər. Mən “Qüds Günü”nü, İslam günü və Rəsuli-Əkrəm (s) günü kimi dəyərləndirirəm. “Qüds Günü” biz öz qüvvələrimizi təchiz etməliyik və müsəlmanlar imperializmin onları çəkdiyi izolyasiyadan çıxmalıdırlar”.

Beləliklə, “Qüds Günü” çox mühüm, şərəfli mövzudur, İlahi missiyadır. Onun mübarək fəlsəfəsini, mahiyyətini açmaq üçün kəlmələr, sətirlər yetməz. Qüdsün əsl dərki İlahi ədalət naminə çəkinmədən, qorxmadan İsrailə, qəsbkar Ermənistana, demokratiya pərdəsinə bürünən Qərbə, Amerikaya etiraz səsini ucaltmaqdır!.. Kim buna nail olsa, xoş halına!

Bu gün iki “Qüds Günü” üz-üzədir. Biri zülmə, zülmkarlığa qarşı etirazın fövqündə dayanır, digəri zülmkarlığın özünü simvolizə edir. Birincisi daim insanların ruhuna, qəlbinə doğma olacaq. Qaranlıq düşüncələri, zülmü, zülmkarları süquta uğradıb, Yer üzünü öz nuruna boyayacaq.

Allah həqiqi İslam ümmətini qorusun!

P.S. Qüdsün incisi olan Məscidül-Əqsa Qurani-Kərimdə böyük əzəmətlə yad olunur. Təfsir izahlarına görə, Məscidül-Əqsa günahlardan təmizlənmə yeri anlamındadır. Allah-Təala ayədə təkidlə vəd verir: “Allah zalım xalqı hidayət etməz, həqiqətən, zalımlar günahlardan nicat tapmayacaqlar”.

Allahın vədəsinə inanırıq. Zalımların günahını Məscidül-Əqsa belə, təmizləməyəcək.

Cəvahir Qasımova

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN