Bakı şəhəri sakini Alı İsgəndərli "Atəşgah sığorta" şirkətindən şikayətçidir.

Redaksiyamıza müraciət edən A.İsgəndərli yazır ki, "Atəşgah sığorta" şirkəti uzun illərdir əhalini ələ salır, amma nədənsə, bu işlərlə maraqlanan yoxdur: "Aidiyyəti dövlət qurumlarına şikayətlər edirik, lakin heç birinin doğru-düzgün nəticəsi ortalığa çıxmır.

 "Atəşgah sığorta" şirkəti hər il xalqdan sığorta adı ilə milyonlarla pul yığır. Bu pul sürücülərdən ona görə alınır ki, guya sizi sığorta edirik, maşınınız qəzaya düşəndə sizə dəyən ziyanı ödəyəcəyik. Lakin elə ki, avtoqəza oldu və iş gəldi "dəyən zərərin ödənməsinə", problem onda başlayır.  "Atəşgah sığorta" şirkəti sözünün üstündən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə, vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır. Bu məsələyə aydınlıq gətirilməlidir. Biz dövlətə və hüquq-mühafizə orqanlarına müraciət edərək bu işlərin araşdırılmasını istəmişik və cinayət işi açılıb. Amma...

Dəfələrlə şirkətdən bizə verilməli olan pulun ödənilməsi üçün şikayətlər etmişik, şirkətinin binasının qarşısında etiraz aksiyası da keçirmişik. Aksiya zamanı baxıb görmüşük və ortalığa çıxarmışıq ki,  "Atəşgah sığorta" şirkəti çoxlu insanları dünyada misli-bərabəri olmayan loxotron sistemləri ilə aldadır, bu işdə məşhur Ostap Benderin də fəaliyyətini ötüb keçəcək qədər pərgarlaşıb.

Fikir verin, sizə bir neçə detal sadalayaq ki, şirkət min oyundan çıxaraq insanları açıq-aşkar ələ-salıb, min cür əzab-əziyyətlərə qatlaşdırıb, infarkt həddinə çatdırmaqla da olsa onları aldadaraq əllərindən aldığı pulu həzmi-rabedən keçirib. 10 ildi, 15 ildi vətəndaşlar şirkətin binasına sürünürlər, pullarını ala bilmirlər.

2012-cü ilin 13 iyulunda avtoqəza olub. 50-CE-461 dövlət nömrə nişanlı avtomobil piyadanı vurub. Vəfat etmiş vətəndaşın atası 10 ildi sürünsə də,  "Atəşgah sığorta" ona pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidi, bundan sonra pulu buraxmalıyıq. Halbuki şirkətdə aləm bir-birinə qarışıb, bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi, onu da yerinə yetirirlər. İndi siz deyin, şöbə işi nə qədər vaxta araşdırıb rəy verməlidir? Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin bir şöbəsi rəy verməkdən ötrü 10 il ələşsin?

2012-ci ilin 8 mart tarixində 10-TE-338 dövlət nömrə nişanlı avtomobillə 10-GR-872 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir neçə şəxs ölmüşdür. Ölənlərdən birinin - Teymur Zabilovun həyat yoldaşı uzun illərdir sürünsə də, şirkətdən ona məhəl qoymurlar. Məhz belə mərhumların hesabına şirkət işçiləri varlanır, xaricdə özlərinə mal-mülk alırlar. Əhali isə bunların oyunlarına aldanaraq sonda bir tikə çörəyə möhtac qalır.

2013-cü ilin 3 avqustunda dəhşətli qəza baş vermişdir. 90-FS-754 dövlət nömrə nişanlı avtomobilin 19-BB-176 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində bir ailə başçıları ölmüşdür. Ailənin 4 körpə uşağı hal-hazırda yetim qalmışdır, nənələrinin himayəsindədirlər,  "Atəşgah sığorta" şirkəti bu yetim körpələrin pulunu ödəməkdən imtina edir. Halbuki bu körpələr köhnə uçuq daxmada qalırlar, qışda, yazda evlərinin damından içəri yağış suyu tökülür. Dəfələrlə müraciət ediblər ki, şirkət pulu ödəsin, biz evimizi təmir edək və dava-dərmanlarımızı alaq. Lakin şirkət bildirir ki, iş köhnədir, araşdırma gedir. Nəyi araşdırırlar, necə araşdırırlar, nə vaxt başa çatdıracaqlar, bir Allah bilir.

2014-cü ilin 31 iyulunda baş vermiş hadisədə isə bir nəfər ölmüşdür, həyat yoldaşı mərhim ərinə düşən pulu şirkətdən tələb etsə də, şirkət pulu ödəməkdən imtina edir. Şirkətin hüquqşünası yenə deyir ki, təhlükəsizlik şöbəsində araşdırılır.

Bu avtomobillərin hamısı "Atəşgah sığorta" şirkətində sığorta olunmuşdular. Şirkət işçiləri insanları aldadaraq pul almışlar ki, sizin avtomobillərinizi  sığortaladıq, başınıza bədbəxt hadisə gəlsə, biz sizə kömək edəcəyik. Lakin insanlar avtoqəzaya düşəndə şirkət pulu ödəməkdən boyun qaçırır, hətta çox zaman vətəndaşları kobud şəkildə ofisdən qovaraq hədə-qorxu gəlirlər. Biz dövlətimizdən bu işlərə əncam çəkilməsi üçün kömək istəyirik. Baş Prokurorluq və Mərkəzi Bank artıq bu işləri araşdırmağa başlamışdır.

Son müraciətimiz zamanı onlara bildirdik ki, Mərkəzi Banka sizdən şikayət edəcəyik, dedilər ki, biz Mərkəzi Bankı saymırıq, ordakılar sədrimizin öz adamlarıdır, gedin hara şikayət edirsinizsə edin.

Belə özbaşınalıq olarmı? İndi şükürlər olsun ki, Mərkəzi Bankın rəhbərliyi dəyişib və işə əncam çəkiləcək.

Biz aldadılmış vətəndaşlar sizdən xahiş edirik ki, "Atəşgah sığorta" şirkəti tərəfindən aldadılmış vətəndaşların hüquqlarının bərpa edilməsinə kömək edəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN