Aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyin hərbi qulluqçularının, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması və Veteran Tankçılar İctimai Birliyinin üzvlərinin, şəhidin ailə üzvləri və yaxınlarının, döyüşçü yoldaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Albert Aqarunovun şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Qeyd olunub ki, döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

A.Aqarunov tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur.

A.Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. A.Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN