Birinci Qarabağ müharibəsində yaralanmış, uzun illər əlilliyə görə təqaüd alan Mübariz Əliyevin əlilliyi sonuncu dəfə təsdiqlənməyib. M.Əliyev deyir ki, 2016-cı ildə onu müayinə edən, 5 illik rəy verən komissiyanın budəfəki qərarı fərqli olub.

Qeyd edək ki, Mübariz Əliyev 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən avtobusda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovla birlikdə həlak olan Arif Əliyevin qardaşıdır. Arif Əliyev isə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini idi. Ona da şəhid statusu verilib.

1975-ci il təvəllüdlü Mübariz Əliyev deyir ki, Kəlbəcər sakini olsa da, uzun illərdir Samuxda məskunlaşıb. 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərinə də könüllü yollanıb: “O zaman 18 yaşım tamam olmamışdı. Ulu öndərin bir çıxışı olmuşdu, vətənin müdafiəsilə bağlı, ondan sonra komissarlığa yaxınlaşdım. Mənə dedilər ki, hələ yaşının tamam olmasına 3 ay var. Ərizəmi götürdülər. Mən gedəndə sağ qalıb-qalmayacağımı da bilmirdim”.

Hazırda bədənində çoxsaylı qəlpələr gəzdirdiyini deyən qazinin sözlərinə görə, son 30 ildə bir gecə belə rahat yatdığını xatırlamır. Yalnız dərmanların sayəsində nisbətən rahatlıq tapır. Həm başında, həm də bədənində qəlpə izləri olan M.Əliyev Tibbi Sosial Ekspert Komissiyasının qərəzini anlamadığını deyir: “Mən heç kimə minnət qoymaq istəmirəm, amma məmurlar da bu qədər insafsız olmamalıdır. Rəydə bu qədər problem sadalayır, axırda yazır ki, əlillik əlaməti təyin etmir. Buna necə insafları, vicdanları yol verir, anlamıram. Bunlar əlilliyi kimə verir bəs? Bir çox problemi sadalayandan sonra hələ bir yerdə də “dəqiqləşdirilməmiş travmalar” yazıblar. Onu kim dəqiqləşdirəcək?”

M.Əliyev mərhum qardaşı Arif Əliyevlə 2016-ci ildə Bakıda Əlillərin Bərpa Mərkəzində müayinədən keçdiklərini deyir. O zaman ona “baş beynin ocaqlı travması; keçirilmiş ağır qapalı kəllə-beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərindən odlu silahla yaralanmasından sonrakı vəziyyət, digər neqativ pozuntular” diaqnozu qoyulub, II qrup əlillik təyin olunub.

5 ilin tamamında – 2021-ci ilin dekabrında Əlillərin Bərpa Mərkəzində daha çox problem qeyd olunub. Amma bu dəfə əlillik təyin olunmayıb: “Mənim elə dərmanım var, 80 manatdır. Onu bir gün atmasam, qətiyyən özümü idarə edə bilmirəm. Onu necə alım, niyə bunu başa düşmək istəmirlər?”

M.Əliyev deyir ki, təxminən bir aydır ki, prezident və vitse-prezidentə məktub yazıb. O, ölkə rəhbərliyinin bu cür məmur özbaşınalıqlarından xəbəri olmadığı qənaətindədir: “Əminəm ki, prezidentin xəbəri olsa, mütləq məsələni yoluna qoyar. Elə ona görə prezidentə müraciət etmişəm ki, göstəriş versin, məsələ araşdırılsın. Mən yaşlı adamam, heç olmasa, özümü idarə edə bilmək üçün dərmanlarımı ala bilməliyəm. Adi qapı açılıb-bağlananda onun səsinə dözə bilmirəm. Nə çəkdiyimi bilmək üçün mənimlə bir evdə yaşamaq lazımdır. İnsan olan kəs özünü başqasının yerinə qoyar. Şəhid ailələrinə, Qarabağ əlillərinə bu qədər haqsızlıq, bu qədər hörmətsizlik edib, onları narazı salmasınlar…”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov isə bildirib ki, Kəlbəcər rayon sakini Mübariz Əliyev 16 fevral 2022-ci ildə əyani müayinə edilib: “Şəxsin hazırkı vəziyyətinin müayinəsi zamanı nevroloji ocaqlı əlamətlər qeyd olunmayıb. Əlillik təyinatına əsas verən patofunksional pozuntular və hərəkətində məhdudiyyət aşkarlanmayıb. Bu səbəbdən “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq şəxsin diaqnozunun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN