İsmayıllı rayonunun Tircan kəndinin sakinləri belə deyir

Əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olan İsmayıllı rayonunun Tircan kəndinin 2 minə yaxın əhalisi illərdir içməli su problemi yaşayır.

Kənd sakinləri deyir ki, bu problemi İsmayıllıya rəhbərlik etmiş hər bir kəs bilir. Amma problemi həll edən olmayıb. Hətta bu barədə dəfələrlə mətbuatda şikayətlər yazılıb, yenə də müsbət nəticəsi olmayıb.

“Əslində, kəndin qədim tarixini nəzərə alsaq, su problemi burada on illərdir var. Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyırdılar. İndi isə o bulaqlar ya quruyub, ya da işə yaramır”, – sakinlərdən Malik Əhmədli media orqanlarına göndərdiyi kəndlə bağlı məqalədə belə yazır.

 “Əvvəllər əhali suyu kəndin yuxarı başındakı bulaqdan daşıyırdı. 8 il əvvəl paylayıcı boru şəbəkəsi təşkil olundu və bulaqdan evlərə su xətləri çəkildi. Amma reallıqda bu, belə deyil, suyun yalnız adı var”, – sakin bildirir.

M.Əhmədlinin yazdığına görə, su bütün evlərə gəlib çatmır, gələndə də təzyiq çox aşağı olur. Buna görə kənd sakinləri bir-birlərindən xahiş edərək sudan növbəli istifadə edirlər.

Sakinlər deyir ki, hətta öz vəsaitləri hesabına dağın döşündən plastik borularla su çəkiblər, bu da problem həll etməyib. Çünki bu cür də su az qala damcı-damcı gəlir.

Tircanlılar problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə, icra hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətlərin nəticəsiz qaldığını bildirirlər: “İllərdir bizə su əvəzinə söz verilir”.

İsmayıllı Rayon İcra Hakimiyyətindən məsələdən xəbərdar olduqlarını deyiblər. Bildiriblər ki, kəndin coğrafi relyefi əlverişli olmadığından hazırda mütəxəssislər problemin həlli istiqamətində işləyirlər.

İcra hakimiyyətinin rəsmi saytında isə 2020-ci ildə yazılıb ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Quşencə, Tircan, İvanovka, Xəlilli, Hapıtlı və digər kəndlərdə subartezian quyularının qazılması sənəddə yer alır.

Rəsmi məlumatda daha sonra bildirilir ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.

Lakin bütün bunlar hələlik vəd olaraq qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN