“Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri mənim şəhid ailələri üçün verilən evlərdən mənzil almağıma mane olurlar. Mən Binəqədi rayonunda əmimin evində qeydiyyatdayam və uşaqlarım burada təhsil alırlar. Kirayə yaşadığım üçün ev növbəsinə düşmək istəsəm də, qurum mənim sənədlərimi qəbul etmir”.

Bu sətirlər Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi Elşən Orucovun həyat yoldaşı Tulzala Yusubovanın müraciətində yer alıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən şikayətçi  olan T.Yusubova iki ildir iki övladı ilə kirayədə yaşadığını bildirir: “Mənə ev almaq üçün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməyimi bildirdilər, amma onlar da sənədlərimi qəbul etmirlər. İndiyədək bizə anam kömək edirdi, dəstək olurdu, lakin o,  vəfat etdiyi üçün hazırda iki uşağımla çox çətin vəziyyətdəyəm”.

Qeyd edək ki, Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə vuruşub.

Elşən Orucov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.

Qeyd edək ki, Elşən Orucov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN