Xəbər verildiyi kimi, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, yayımlanan videoda icra başçısının qəbula gələn şəhid valideynləri ilə maraqlanmadığı bildirilib.

Şəhid atasının sözlərinə görə, o, üç dəfə Xızı Rayon İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.

Məsələ ilə bağlı Xızı RİH-dən bildirilib ki, həmin görüntülər qəbulun ilk 5 dəqiqəsinə aiddir: “O görüntülər qəbuldan əvvəl çəkilib. Sadəcə, içəridə çox adam var idi və səs-küy yaranmışdı. Biz vətəndaşlardan bir qədər sakitliyə riayət etmələrini xahiş etdik. Daha sonra icra başçısı gəldi və 3 saata yaxın qəbul keçirdi. Vətəndaşların da hamısı tam razı şəkildə getdilər. 7 şəhid ailəsi gəlmişdi, heç bir problem yaşanmadı. Ailələrin özləri ilə də əlaqə saxlayıb məlumat ala bilərsiniz”.

Məsələ ilə bağlı deputat Razi Nurullayev açıqlamasında bildirib ki, şəhid ailələrinə qarşı qətiyyən hörmətsizlik etmək olmaz: “Onları qəbul etməmək məsələsi də yolverilməzdir. Təbii ki, bəzən şəhid ailələri gəlir, ağır danışır, bəzi hallarda həmin problemləri həll etmək olmur. Amma bu o demək deyil ki, şəhid ailəsi qəbul edilməməlidir. Ən azından onları dinləyib, həmin problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq olar. Ümumiyyətlə, şəhid ailəsi niyə qəbul edilməsin ki? Lap gəlsin qışqır-bağır salsın, yenə də mən hesab edirəm ki, bu, şəhid ailəsinin qəbul edilməməsinə əsas verə bilməz.

Hər bir icra başçısı şəhid ailəsini mütləq şəkildə qəbul etməlidir. İcra başçıları tərəfindən bu məsələdə heç bir bəhanə gətirilə bilməz. Əgər Xızı rayonunda da bu hadisə baş veribsə və sosial şəbəkələrdə insanlar bu məsələni müzakirə edirlərsə, bəzən bu, icra başçıları üçün ölüm hökmünə bərabər olur. Hər bir halda baş verən hadisənin səbəbini də bilmək lazımdır.

İcra başçıları da yaxşı bilir ki, sosial şəbəkədə insanlar hər bir kəsi baltadan iti qamçılayır”.

Xatırladaq ki, bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid atalarını qəbul etməməsinə dair görüntülər yayılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN