İlk üçlükdə Orta Asiya respublikaları - Özbəkistan, Qırğızıstan, Tacikistan vətəndaşları yer alıb

Ötən ilin nəticələrinə görə, Rusiyada yol qəzalarının günahkarına çevrilən əcnəbi sürücülər arasında birinci yeri özbəklər tutub.

Rusiya Daxili İşlər Nazirliyinin yol hərəkətinin təhlükəsizliyi elmi Mərkəzinin analitik- məlumat icmalına əsasən, il ərzində Özbəkistan vətəndaşlarının təqsiri üzündən 1290 yol-nəqliyyat hadisəsi baş verib.

İkinci yerdə (1092 qəza) Qırğızıstan, üçüncü yerdə (894 qəza) Tacikistan vətəndaşlarının günahkar olduğu vurğulanıb.

Həmçinin Özbəkistan vətəndaşları əcnəbi  taksi sürücüləri tərəfindən törədilən qəzaların sayına görə də üçüncü yeri tutublar . Qeyd edilib ki, 2021-ci ildə Rusiyada 95 belə qəza hadisəsi baş verib.

Rusiya Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci ildə əcnəbilərin təqsiri ilə baş verən qəzaların sayı artıb və 5 mindən çox belə qəza hadisəsi qeydə alınıb ki, bu da bir il əvvəlkindən demək olar ki, 6% çoxdur. Nəticədə 431 nəfər həyatını itirib, 6709 nəfər isə yaralanıb.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfərə çatıb. Onlardan 706 - sı dünyasını dəyişib, 1452 - si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş verib və bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib ki, nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

***

Lakin bizdə ayrıca olaraq, yol qəzalarının neçə faizini əcnəbi ölkə vətəndaşlarının törətməsi barədə statistik nəticələr açıqlanmayıb. Yəqin ki, buna lüzum da yoxdur. Çünki qəzanı hansı ölkənin vətəndaşının törətməsindən (yaxud öz ölkə vətəndaşının) asılı olmayaraq, çalışmaq lazımdır ki, sükan arxasında əyləşən sürücü maksimum ehtiyatı əldən verməsin və bu cür xoşagəlməz, can alan hadisələr qeydə alınmasın – sürücünün milliyyətindən asılı olmayaraq...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN