Vətən müharibəsi şəhidi Salmanov İsmayıl Rəhman oğlunun doğum günündə xatirəsinə inşa edilən bulaq komplekslərinin açılışı olub.

Şəhid İsmayıl Salmanovun adını daşıyan bulaq kompleksləri Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsi və Alıxanlı kəndində inşa edilib. Beşinci Zobucuq qəsəbəsindəki bulaq kompleksində İsmayıl Salmanovla yanaşı, Vətən müharibəsi şəhidi Cəfərov Elnur Cəmiyyət oğlunun və 2016-cı il Aprel döyüşlərinin şəhidi Hüseynov Əlvan Qəfər oğlunun da şəkilləri də yer alıb.

Açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin nümayəndələri, kənd məktəbinin kollektivi, ağsaqqallar iştirak ediblər. “Şəhidlər bulağı”nın qarşısına tər gül dəstələri düzülüb və şəhidlərin xatirəsi anılıb.

Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində yürütdüyü qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb, işğal altında olan torpaqlarımızın şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına azad edildiyini vurğulayıblar. Bildirilib ki, belə qəhrəmanlar sırasında İsmayıl Salmanov da yer alır. Onun vətənə olan sevgisindən və döyüş yolundan danışanlar qeyd ediblər ki, Salmanov İsmayıl Rəhman oğlu 1997-ci il mayın 18-də İmişlinin Bəhrəmtəpə qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyərək gələcəyin hərbçisi olacağına qərar verib. Orta məktəbdə oxuyarkən hərbi akademiyada təhsil almaq istəsə də, bəzi çətinliklər səbəbindən arzusu gerçəkləşməyib. Həqiqi hərbi xidmətə yollanan İsmayıl ön cəbhədə qulluq edib. Hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışmağa başlasa da, İsmayıl hərbçi olmaq arzusunun arxasınca gedib, mülki işindən imtina edərək hərbçi olub və həmlə taborunda Vətənin keşiyində dayanıb. Sentyabrın 27-də düşmənin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan olub. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsini məhv edib. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də Füzuli rayonu ərazisində, İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İsmayıl Salmanov Füzuli rayonunun Alxanlı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, İsmayıl Salmanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN