Lənkəranın Boladi kəndinin sakinlərinin əkdiyi taxıl sahələri məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Boladi fermerlərinin KİV-lərə göndərdikləri şikayət məktubunda bildirilir ki, əkdikləri taxıl sahələrindən keçən 10 min voltluq çürük naqillər və istifadə müddəti bitmiş işıq dirəkləri ciddi təhlükə mənbəyidir.

Fermerlərin sözlərinə görə, yüksək gərginlikli işıq xətlərinin yararsız olması səbəbindən sahələrə heç bir texnika girə bilmir: “10 min voltluq elektrik xətləri ilə yer arasında məsafə bəzi yerlərdə 2 metrə qədərdir. İyunun sonundək taxıl yetişəcək. O vaxtadək sahəyə ani bir qığılcım düşsə, 150 hektardan çox buğda sahəmiz tamamilə yanıb kül olacaq. Yararsız elektrik naqillərinə görə, bu il torpaqlarımızda qarğıdalı və digər məhsullar əkə bilmədik”.

Fermerlər üzləşdikləri təhlükə ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 10 min voltluq elektrik xətlərinin yararsız olması və təcili dəyişdirilməsi ilə bağlı rəy veriblər. Amma “Azərişıq” ASC-nin regional idarəsi heç bir tədbir görmür. Dəfələrlə regional idarənin rəisi Arif Məmmədovun qəbulunda olmuşuq. Sonuncu dəfə iki gün əvvəl Arif Məmmədovun qəbuluna getdik, o, bizə bildirdi ki, idarənin işıq xətlərini dəyişmək üçün vəsaiti yoxdur. Bu səbəbdən də elektrik xətlərinin dəyişdirilməsi ilə bağlı göstəriş verə bilməyəcəyini söylədi. Açıq çəkildə bizə dedi ki, hara istəyirsiniz, şikayət edə bilərsiniz”.

Boladi fermerlərinin sözlərinə görə, oxşar problem Lənkəranın başqa yerlərində də olub, amma “Azərişıq” ASC-nin regional idarəsi hansı səbəblərdənsə həmin yerlərdəki yararsız elektrik xətlərini dəyişdirib: “Yəqin Arif Məmmədov Boladi sakinlərinin üzləşdiyi təhlükədən şəxsi maraqları üçün faydalana bilməyəcəyindən problemi həll etmir”.

Dünyada yaşanan taxıl böhranına diqqət çəkən fermerlər dövlətdən kömək istəyirlər: “Dolanışığımız əkindən çıxır, onlarla ailə məhz buradan dolanır. Müvafiq qurumlar bizə kömək etmək əvəzinə, əksinə, problemlər yaradırlar”.

İddia olunanlarla bağlı “Azərişıq” ASC-nin regional idarəsindən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN