Tovuzun Aran Yanıqlı kəndinin sakini Nurəddin Abbasov on illərdir təsərrüfat məqsədilə istifadə etdiyi torpağın əlindən alındığını bildirir.

N.Abbasov baş verənlərə görə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovu günahlandırır. 67 yaşlı N.Abbasovun sözlərinə  görə, 1995-ci ildə kəndli-fermer təsərrüfatı yaradıb, əkinçiliklə məşğul olmaq üçün Dövlət Fondundan 8 hektar torpaq sahəsi alıb. 2017-ci ilə qədər həmin torpaq sahəsindən ailəsini dolandırmaq üçün istifadə edib, əkin-biçinlə məşğul olub: “Mən o tarpaq sahəsini Dövlət Torpaq Fondunun Xalq Deputatları Sovetinin qərarı ilə daimi istifadə üçün almışdım. Uzun illər orada taxılçılıqla məşğul olurdum, yonca əkirdim. Ailəm, övladlarım var, onları bu torpağın və zəhmətimin hesabına dolandırırdım. Mən kəndli adamam, bu yaşımda başqa harada işləyə bilərəm? Torpağımı əlimdən almaq ailəmin dolanışıq mənbəyini bağlamaq deməkdir”.

N.Abbasov bildirib ki, Məmməd Məmmədov Tovuz rayonuna icra başçısı təyin ediləndən sonra 20 ildən artıq istifadə etdiyi torpaq sahəsini onun əlindən alıblar. Torpaqla bağlı əlindəki sənədləri təqdim etsə də, xeyri olmayıb. Bundan sonra iş məhkəmə müstəvisinə çıxıb.

Məsələyə Gəncə İnzibati Məhkəməsində baxılıb və çıxarılan qərar N.Abbasovun xeyrinə olub. Amma Gəncə Apellyasiya Məhkəməsi sonradan bu qərarı ləğv edib: “Doğrusu, yuxarı instansiya məhkəməsinə şikayət etməyə maddi imkanım. Ali Məhkəməyə şikayət etmək üçün gərək vəkil tutasan, gedib-gələsən. Buna da maddi imkan çatmır. Üstəlik də, məhkəmənin ədalətinə inamım itdi. Əlimdə bu qədər sənəd – dövlət aktı, şəhadətnamə, yerin xəritəsi ola-ola əleyhimə qərar verildi. Səbəb də sadədir, çünki mən adi vətəndaşam, qarşı tərəf haqsız da olsa, onların sözü keçir. Torpağın sənədinin əsli arxiv idarəsindədir, onu yoxa çıxarıblar. Guya o sənəd olmadığına görə yeri təyin etmək mümkün olmayıb. Bu torpaq başqa ölkənin ərazisində deyil ki. Azərbaycanda, Tovuzda yeri təyin eləmək o qədər çətindir?”

N.Abbasov iddia edir ki, vaxtilə onun taxılçılıqla məşğul olduğu ərazilərdə indi icra başçısına yaxın şəxslər tütünçülüklə məşğuldur. N.Abbasov icra başçısının qəbulunda da olub. Onun sözlərinə görə, bu görüşün də faydası olmayıb: “İcra başçısıə deyir ki, Dövlət Fondunun torpağıdı, dövlət özü əkəcək”.

Tovuz Rayon İcra Hakimiyyətindən N.Abbasovun iddialarını təkzib ediblər. RİH-dən bildirilib ki, icra başçısının kənd sakininə məxsus torpaq sahəsini onun əlindən alınıb özünə yaxın şəxslərin istifadəsinə verməsi haqda deyilənlərin heç bir əsası yoxdur, qətiyyən həqiqətəuyğun deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN