Astaranın Hamoşam kənd sakini Xankişi Şahverdiyev dövlət hesabına ona verilən dərmanları rayondakı poliklinikadan gedib almaq üçün yolpulu tapmamasından gileylənir.

X.Şahverdiyev bildirir ki, nə rəsmi bir işi var, nə də pensiya alır. Dediyinə görə, əvvəllər üçüncü qrup əlil kimi pensiya alıb. Ancaq ona təyin edilmiş 5 illik əlillik müddəti 2021-ci ildə başa çatıb. O vaxtdan da pensiyası kəsilib. Deyir ki, çox çalışsa da, əlillik müddəti uzadılmayıb.

Vaxtilə X.Şahverdiyevə görmə probleminə görə üçüncü qrup əlillik təyin olunub. Halbuki gözündəki problem yenə qalır. Üstəlik, ürək, böyrək xəstəliklərindən də əziyyət çəkdiyini bildirir: “İnfarkt keçirmişəm. Ürək, böyrək, şəkərli diabet kimi problemlərim də var. Demək olar ki, orqanizmimdə salamat orqan yoxdur. Gözüm də bir ayrı dərddir. 2021-ci ildə 5 illik müddət tamam olanda pensiyam kəsildi. Gedib səbəbini soruşdum. Dedilər ki, müddət tamam olub, komissiyadan keçmək lazımdır. Komissiya da xəstəxanadadır. Bir dəfə Masallıya göndərdilər, getdim. Dedilər ki, gözün əməliyyat olunmalıdır. Pul lazım oldu. Pulum olmadı ki, verim, əməliyyat etdirim. Boş yerə yola nə qədər xərclədim. İnanın, o pulu borc götürüb getmişdim. Bir gözümü pensiya aldığım vaxtlarda əməliyyat etdirmişəm. İndi o biri də pis vəziyyətdədir”.

X.Şahverdiyevin dediyinə görə, o, əməliyyata imkanı çatmasa da, əlilliyin uzadılması üçün lazım olan sənədi almaq istəyib. Amma sənədi ala bilməyib.

Maddi vəziyyətinin çox ağır olduğunu vurğulayan X.Şahverdiyev bildirir ki, iş tapmaq üçün çox çalışır, amma cəhdləri nəticəsiz qalır: “İşsizlikdir, heç cür iş tapa bilmirəm. Bu yaşımda da sakit dayanan adam deyiləm. Çünki problem çoxdu. Kənddə qaz yoxdu. Qışda 200-300 manat oduna pul veririk. Kənd rayon mərkəzindən çox aralıda – təxminən 50 kilometr məsafədə yerləşir. Kənddən rayona marşrut avtobusu işləmir, ancaq xüsusi maşınlarla gedib-gəlirik. Rayona gedib-gəlmək 25-30 manata başa gəlir. İşləməyən, pensiya almayan adam üçün bu, çox böyük məbləğdir. Əvvəllər işləmişəm, pensiya fonduna nə qədər pulum yığılıb, onu da vermirlər”.

Xankişi Şahverdiyevin 65 yaşı iyulda tamam olacaq. Deyir ki, ona pensiya üçün müəyyənləşdirilmiş yaş həddinə çatanda müraciət etməyi məsləhət görüblər: “Düzü, heç inamım qalmayıb. Bu qədər xəstəlikdən əziyyət çəkirəm, müalicə oluna bilmirəm. Adi şəkər dərmanı almaq üçün rayon mərkəzinə getməyə imkanım yoxdur. Mənim yaşayışıma “yaşamaq” demək olmaz, mən sürünürəm. Oğlumun 4 övladı var. Məşğulluq Mərkəzinə iş üçün nə qədər müraciət elədi, iş tapa bilmədi. Uşaqlara ünvanlı sosial yardım verilmədi. Axırda məcbur qalıb, baş götürüb Rusiyaya getdi”.

X.Şahverdiyev özü də ünvanlı sosial yardım, müalicə olunmasına yardım üçün aidiyyəti dövlət orqanlarına müraciət edib. Amma müraciətləri nəticəsiz qalıb.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Şahverdiyevlər ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi məsələsinə baxılması üçün elektron qaydada (www.sosial.göv.az və www.e-gov.az) vasitəsilə müraciət edə bilər. Bu halda müraciətə baxılacaq.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, Xankişi Şahverdiyevin üçüncü dərəcə əlilliyi sonuncu dəfə 27 yanvar 2016-cı ildə 5 illik uzadılıb. Növbəti müayinə tarixi 27 yanvar 2021-ci il olub: “Sonrakı dövrdə Xankişi Şahverdiyevə dair ırazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmayıb. Xankişi Şahverdiyev rayon mərkəzi xəstəxanasında müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi halda, əlillik vəziyyəti qanuna uyğun olaraq, adsızlaşdırılmış sənədlər üzərindən özünün iştirakı olmadan qiymətləndiriləcək”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN