Nizami Süleymanoğlu

“XALQ ANLAMALIDIR Kİ, BÖYÜK DƏRDLƏR ONA

AİDSƏ, CAVABDEHİ DƏ ÖNCƏ ÖZÜDÜR”

Şikayət enerjisi QLOBAL PROSESİN yedəyində sadəcə olmuşların xronologiyasını sərgiləyir. O tərəfə keçid yox, bitdi...Ancaq qoyunluğu qəbul etməyənləri sürüyə qatmaq olmur.

... Xəyal quranda yüz milyardlarla hüceyrələr, neyronlar arası əlaqələr artır, beyin güclənir. Fikir sistemi genişləndiyinə görə beynin kiçilməsinin qarşısı alınır. Uzun onilliklər bu yoldakı xidmətçilərin içində oldum... Və baxdım ki, böyük itkilərlə ağır  məğlubiyyətin də içindəyəm. İçimdəki özümə dedim

OLDUĞUN KİMİ QAL, BİZ DƏYİŞMƏYƏK,

YAĞIŞDAN YAĞMURA YENƏ DÜŞMƏYƏK.

Zamana baxıram, əcaibdir və ağır dərddir. Biri var mənliyini unudasan, biri də var mənliyini unutduğunu da unudasan.

Siyasət hər kəsin hər şeyinə, hətta damarlarında qanın qrafenli axımına, nəfəsdəki oksigen - karbon nisbətinə qədər və sair bütün təfərrüatlara qarışdı. Azərbaycanda yeri gəldi-gəlmədi xorla deyirlər ki, siyasətə qarışmırıq. Ona görə də bu zavallılar fərqli “uğurlanmalarla” torpağa erkən qarışdırılır...

İNSANIN - XALQIN KİMLİYİ XATİRƏLƏRİ İLƏ SIX ƏLAQƏLİ OLUR.

Tər-Tər hadisələrində ordu mənsublarının, Azərbaycan övladlarının mənliksizləşdirilməsi, kimliklərinin alçaldılması cəhdi ilə görk edildi... Bu qorxu duyma vərdişi yaratmaq üçün seçilmiş qeyri-adi üslub idi. Buna görə Tər-tər sözü bu dəhşətüstü kütləvi qəsdi bilənlərdə, eşidənlərdə dərhal Tər-Tər hadisələri assosiasiyası yaradır. Bu hadisə bumeranq effekti verməkdə israr edəcək. Niyə? Bu mənfur hadisə intiqam - qisas hissini dəhşətüstü dəhşətlə xalqın yaddaşına oydu ki, xalq anlasın.. BURDAN O TƏRƏFƏ YOL YOX!

Xalq düşünür ki, murdarlayanlar murdarlıqlarını təmizləyə bilməz. Əksinə, ötən illər də göstərir ki, etdikləri kimi ört-basdır edərlər. Hadisənin sifarişçilərinə, icraçılarına “istefa” deyirlər.İstefa onları bağışlamaq kimidir. Onda xalq qisasını almamış olacaq.

SÜRÜ PSİXOLOGİYASINI RƏDD ETMƏK HAVA, SU KİMİ GƏRƏKDİR. Xalqın bu hadisəyə görə əks təsir göstərmək niyyətini, hissini yaşadığı məlumdur. Bu hiss gerçəkləşəcək. Hər xalqın içində o xalqın mənliyini bildirən İLAHİ VARLIQ olur. Tər-tər hadisələrində bu ALLAHANƏ varlıq təhqir olunub. Təsəvvür edirsinizmi? Xalqa deyilir, sən kimsən ki, insanlıq, adamlıq arayırsan? SUS, SUS, SUS! Tər-tər hadisələrinin zorakı diqtəsi məhz bu hökm idi... Bu hadisə xalqımızı məhz ruhundan vurma hadisəsidir. Ruhi tərəf isə Allahlıqdır, Allahlıq!

İnsan beynində bilinməzliklərin aşkarlanması sistemi var. Nələr bilinəcək hələ... Tər-tər hadisələrinin törədilmə səbəbi hadisənin özündən də qat-qat dəhşətüstüdür. Tər-tər xalqın ruhunda qəzəblənmiş vulkan kimi püskürəcək.

Xalq o qədər duyğusuzlaşıb ki, intihar edənləri anlamır. Bu Azərbycan kimi dünyada qəlbi təmizliyinə görə nadir xalqın neqativ yüklənmə dərəcəsinin çox yüksək həddini göstərən əlamətdir. Insanın özü ilə yola getməməsi hadisəsidir intihar. İnsanları anlamaq olduqca vacibdir. Anlamaq əvəzinə intiharları sadəcə statistikaya çevirirlər. Anlamırlar səbəblərdəki həqiqəti. İnsanları doğulduğuna peşiman etmək kursu dünyanın insan cildli ən iyrənc məxluqlarının işidir. İnsanlar saysız-hesabsız sınaqlar üçün yaradıldığını anlamır. Ona görə də ruhi sistem insanlar üzərində gərginliyi artırır. Hər şeyi maddiyatda arayan, görən insanlar yarımçıqdır, saxtadır.Nə edirsə insan geni onu daşıyır, özünə qazandırır. Xalq anlamalıdır ki, geni xarablar dəyişməz. Belələrinin genində pozitiv, aktiv bilik yoxdur. Neqativ genlərdən pozitiv hallar yaranmaz ki, niyyətləri də, düşüncələri də pozitiv olsun. Aldatma, yalan və sair hiyləgərliklər ustalarıdır onlar.

Xalq üzərinə məsuliyyət götürməlidir ki, beyin hüceyrələri də oyanıb aktivləşsin. Su olduğu qabın şəklini aldığı kimi xalqın beyni də yaşadığı mühitin şəklini alar. Xalqı yaltaqlığa, yalana alışdıranlar, yalanı təbliğ edənlər, yayanlar ən azı ictimai qınağa məruz buraxılmalıdır. Azərbaycan xalqını Lut, ya latın qövmünə çevirmək prosesi durdurulmalıdır.

XALQ ÖZ DƏRDİNİ HAYQIRTILI SÖZƏ YIĞMALIDIR

Azərbaycan xalqı süur inkişafından xeyli geri qalma səbəbindən fəlakətlərin, müsibətlərin, faciələrin cəzbedilmə prosesindən qurtula bilmir. Bu olduqca əcaib Azərbaycançılıqdır. Fəxr ediləsi heç nə yoxdur. Əksinə, xəcalətli Azərbaycançılıqdır. Xalqa qarşı hiyləgərlik durumudur. Böyük Sabir demiş:

“AXX... NECƏ KEF ÇƏKMƏLİ ƏYYAMDI BU?”

Siyasət qəsdən yalan söyləmə effekti yaradır. Buna görə də zamanda xalqın ikrahları ilə nifrət hissinin güclənməsi formalaşdırılır. Dəhşətli silahdır nifrət. Diqqət edin, dünya dalğalarında sərt ifadələrin artışına. Təbii ki, qınamaqdan öncə anlamaq lazımdır. Anlaşılır ki, hər durumun uyğun zamanında özünəməxsus sözləri olur. İnsanlar artıq əcaib prosesin içindəki hadisələrə təslim olmaqdan bezib. Məhz buna görə də gedişata son müdaxilə imkanları sərt sözə qalır. Artıq cəmiyyətdə böhtan, şərləmə, şantaj, qorxutma və sair qaralamalarla yalan tutuquşuluğu da keçmir.

SƏN EY DƏRRAKƏNİN KƏSKİN DİQQƏTİ,

QURTULUŞ YOLUNA APAR MİLLƏTİ!

Beyin yaradıcı olmayanda dağıdıcı olur. Xalqa sadiq olmaq şərtdir. Sadiqlikdən imtina olsaydı, sadiqlik olmazdı. Xalq özünü olduğu kimi ifadə etməyi bacarmağa başlayır.

YARADANI UNUTMADAN ANANLARA SALAM OLSUN!

PEYĞƏMBƏRƏ SALAVATDAN GƏLƏNLƏRƏ SALAM OLSUN!

SALAM OLSUN AXİRƏTİN XİFFƏTİNƏ DALANLARA,

ƏBƏDİLİK GEDƏNLƏRƏ, MÜVƏQQƏTİ QALANLARA!

Bəli, böyük əzab görənlər ruhi, zehinsəl olaraq dayanıqlı, dirənişli olur. əzablar, iztirablar silsiləsi psixoloji böyüklük üçün çox vacibdir. Uzunmüddətli yalan təbliğatı nəhayət əks-təbliğat imkanlarını gerçəkləşdirməyə başlayıb. XALQ ANLAYIR Kİ, BÖYÜK DƏRDLƏR ONA AİDSƏ, CAVABDEHİ DƏ ÖNCƏ ÖZÜDÜR. Çünki problemi yaradanlar, yaratdıqları problemləri nəinki həll etməz, əksinə daha da böyüdər.

UZAQLARA UZANIR BÖYÜK OLANIN ƏLİ,

SONU GÖRƏ BİLMƏYİR, GÖRMƏYƏNLƏR ƏVVƏLİ. 

Nifrət formalaşıb Tər-tər hadisələri fonunda. Passiv partiyalar isə xalqı coşdura bilməz. Azərbaycan müxalifətinin ƏLİ ƏLİYEV KİMİ LİDERİ YOX. ALLAH XALQIN VASİTƏSİ İLƏ QORUSUN! Bəhanələr gətirmək istər partiyalar, istərsə də xalq üçün ən pis tələdir. 

Tər-tər hadisələrində məqsəd xalqın ruhunu və iradəsini məhv etmək olub. Xalqın idrakının dəyişdirilməsi odur ki, özü haqqında gerçək təsəvvürü aradan qaldırılsın, şəxsiyyəti sarsılıb dəyişsin. Xalq çarəsizliyin dərinliyini məcburən qəbul edib tam tabe olsun. Buna görə də Azərbaycan xalqı qorxuların heç bir yeni variantlarından qorxmamalı, əksinə özü qorxu yaratmalıdır, ona qorxu tətbiq edənlərə. Unutmaq olmaz ki, qorxuya vərdiş yeni qorxular yaradır. Problem nə qədər böyüksə, həlli də o qədər dəyərli olar.

DƏYƏR VERMƏYƏNƏ DƏYƏR VERMƏRƏM,

GÜLÜ QOXLAYARAM ÜZÜB, DƏRMƏRƏM.

Kimin boyunduruğunda olduğunu bilmək istəyənlər sağlam tənqidi kimlərin yasaqlamasına baxmalıdır. Əmanət yalnız maddiyata deyil, mənəviyyata da aiddir. Xalqın üzərinə düşən məsuliyyəti yerinə yetirməməsi böyük qəbahətdir. Gərək məsuliyyətləri yerinə yetirmək imkanlarının itirilmişliyi yenidən qazanılsın, bərpa edilsin. Öz üzərinə məsuliyyət götürən xalq arzuladığı güclü həyatla yaşamağa başlayar. Xalq bu yolu özünə özü açmalıdır. Pula görə xalqa, əzizinə (dostuna, qardaşına) xəyanət edənlərə isə deyrəm: İnsan pula görə hansısa möhtac əzizini güdaza verirsə, vaxt gələcək pul naminə o başqa əzizini də qurban verəcək. Çünki belələri üçün pul əzizlik anlayışından yuxarıdır. Sonda belələrinin özü də çarəsiz durumda canını zəlilcəsinə təslim edəcək. Mənən, ruhən çökən insan sonda maddi və ya fiziki cəhətdən mütləq çökdürüləcək. Bu ilahi qanunauyğunluqdur. Gerçəkləşmənin geci-tezi olur, amma olur.

İnsan bilib anladığı qədər anlayış sahibi olur. Biliyi anlamadan onun daşıyıcısı olmaq olur, istifadəçisi deyil. Ədalətsizliyə səssiz qalanda fəlakətlər artar.

Arının iynəsi var, ancaq eşqi bal olur,

Eşq insanı Allaha yönləndirən hal olur.

Beyin təsvirləri dəyişəndə xarici aləm də ona uyğun dəyişir. Zehni təsvirin daxili gücü xarici aləmə təsir edib dəyişdirir. Zehni təsvir gerçəkliyə çevrilir. Buna görə beyni, zehni ələ keçirirlər, zəka savaşlarıdır.

İnsanlar təhdiddən, qorxudan qaçır. Bunu bilənlər təhdidin, qorxunun miqyasını böyüdüb, şiddətini çoxşaxəliyini artırır. Xalq özü haqqında nələr düşünüldüyündən qorxursa, qorxunu cəzbetmiş hala gəlmiş durumundan qurtulmaz. Qorxu hissinə nəzarət edə bilməyən xalqın qorxusu böyüyər.

Hiylənin qarşısı siyasətlə alına bilər. Bu yüzdə yüz özünü doğrulda bilən dəqiqlikdir. Ancaq hiylə siyasətlə edilib, siyasi hiylə olanda vəziyyət daha da gərgin, mürəkkəb olur. Çıxılmaz demək istəmirəm. Çünki çıxılmaz heç nə olmur. Biz hər hansı məsələyə çıxılmaz adı qoyub beyində çıxılmazlıq durumu yaradır və həll yolundan öncədən imtina edirik. Həll yolundan imtina ediləndə də siyasi hiylə işləyir və işini görür. Əslində belə hiylələrin əlacı özünəuyğun anti-hiylədir və gerçəkdir.

P.S. Ötən həftə mənə əlaqələndirici bir nəfər hörmətli digərinin sifarişini çatdırdı. Kimliklərini və sifarişi açmağı rəva görmürəm. Düşündüm, hansı boşluğa yol vermişəm ki, mənə belə əcaib təklif olunur? Özümlə söhbət etdim. Xətalarımı araşdırdım. Düşünürəm ki, “Qaçqınkom” ailəmizə qarşı mənəvi-psixoloji-maddi təzyiqlərini durdurub ailəmizə borclarını ödəyərsə, qələm adamı olaraq “xətalarımı” daha dərindən araşdırmaq imkanı qazanaram. Bu da olar dialoq. Əks-halda, haqlı ikən adicə kirayə pulunu dövlətin strukturu olan “Qaçqınkom”dan ala bilməyərək süründürmələrə məruz qalanın “Təzadlar” qəzetində yazmasına nə ehtiyac?!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN