“Şərq Bazarı”nın bərpasında iştirak edən fəhlələr əmək haqlarını ala bilmədiklərinə görə iyunun 16-da aksiya keçiriblər. 

Fəhlələrin sözlərinə görə, onlara ödənişi əvvəllər VEPA şirkəti, mart ayından etibarən isə MEK şirkəti edib. Lakin aprel ayından ödənişlər dayandırılıb. 

Fəhlələrin qarşısına çıxan MEK şirkətinin nümayəndəsi Salman Salmanzadə bildirib ki, ödənişlər VEPA şirkətinə edilib. Şirkət isə vəsaiti fəhlələrin hesabına köçürməyib. Həm S.Salmanzadə, həm də etiraz edən fəhlələr VEPA şirkətinin nümayəndəsinin ölkədən qaçdığını deyir. 

Xəbər verildiyi kimi, “Şərq Bazarı”nın təmirindən sonra, iyunun 6-da həyata keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Açılışda bildirilib ki, kompleksdə 78 icarədar çalışacaq. Ümumilikdə isə bazarda 300 yeni iş yeri yaradılıb.

Şikayətçilər bildirirlər ki, ölkə başçısı bu obyektə pul da ayırıb.

“Biz həmin büdcədən maaş almalıydıq. Hamımızla müqavilə bağlanıb. Üstəlik, bizə nüsxəsi də verilmir. Fevraldan bu yana kimin 2, kiminin 3 aylıq maaşı qalıb. Bizə maaş verilmirsə, deməli, dövlətin ayırdığı vəsait yeyilib. Şikayət etdik, Əmək Müfəttişliyindən gəlib cərimələdilər. Sonra da dedilər ki, bu ayın 15-dək maaşlar veriləcək. Bir nəticəsi olmadı”, – deyə Maarif Babayev adlı fəhlə bildirir.

Ümumilikdə, 100-dən çox işçinin maaşını ala bilmədiyi bildirilir. Hətta mühəndislər var ki, 4-5 aydır maaş ala bilmirlər: “Hamımız fəhlələrik. Elektrik, havalandırma, mexanik işlərinə baxmışıq. Tutduğu vəzifəyə görə 800-1000 manat arası maaş alanlar var. Görünür, kimlərsə pulu bölüb aralarında. İndi də bizə maaş çatmır. Üstəlik, şikayət edirik, işıqlandırırıq, bizə sahib çıxan da yoxdur”.

Nemət Məmmədov isə deyir ki, adicə çıxıb haqlarını tələb edəndə də deyirlər ki, bura toplaşmayın. Hər hansı tədbir görən isə yoxdur: “Ən son maaşı martda almışam. Aprelin pulunu ala bilmirəm. Özüm də asan iş görməmişəm. Qaynaqçı kimi çalışmışam. Bəzən gecə-gündüz işləmişəm. Bunun müqabilində maaş ala bilməmək adamı üzür”.

Şikayətçilərdən M.Babayev bildirir ki, bəlkə insanlara belə haqsızlıq edən bir yerdən kimsə alış-veriş etməsə, ağılları başlarına gələ bilər: “Azərbaycan xalqından xahiş edirik ki, kimsə buradan alış-veriş etməsin. Bura insanların haqqını yeyib. Hamımız ehtiyaclı insanlarıq. Ailəyə baxırıq, kiminin uşağı, anası xəstədir. Rayondan gəlib kirayə qalıb, evə borclu qalanlar var”.

“Şərq Bazarı”nda hazırda da iş görən MEK şirkətinin əməkdaşı S.Salmanzadə isə etirazçılara bildirib ki, işçilər toplanıb məhkəməyə müraciət etməlidir: “Çünki nə az, nə çox, 119 nəfərə yaxın insanın maaşı qalıb. Hərəsini ortalama 1000 manatdan hesablansa, bu, 119 min manatdan çox vəsait edir: “Hansı şirkət sizi işə götürüb, onunla bağlı şikayət edilməlidir. Siz VEPA şirkəti, Cem Tureklə işləmisiniz, o da qaçıb çıxıb gedib. Bizlik nəsə yoxdur. Sizin 1000-2000 manat alacğınız var, bizim isə 200-300 min. Yəni tək alacağı olan siz deyilsiniz”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA