Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. 1992-ci ilin oktyabrında Azərbaycanın dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxışında dedi; -“Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm”.

Azərbaycanda yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək qəsdinə düşmüşlər. Belələrindən biri Lənkəranda uzun müddətdən bəri Ələkrəm Hümmətovun başçılıq etdiyi, Azərbaycan Respublika-sının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı, birləşmə idi. Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.

Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlər edir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe olmağa məcbur edirdi. O, silahlı təzyiqlə Lənkəran şəhərində və qonşu rayonlarda hədə-qorxu yolu ilə şəhər və rayon Xalq Deputatları Sovetlərinin sessiyalarını keçirmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan qərarlar qəbul etdirmişdir. Ələkrəm Hümmətov onun qanuna zidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə zorakılıq edir, divan tutur, onları həbs edirdi. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu. Ali Sovetin sədri  vəzifəsində çalışdığı 4 ay ərzində, Heydər Əliyev parlamentin ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmiş, ölkədə aqrar islahatları aparılmış, torpaq kəndlilərin mülkiyyətinə  verilmişdir. Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmiş, bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və "qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür. Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”demişdir. Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Ulu öndər siyasi iradə nümayiş etdirərək “Əsrin müqaviləsi”ni imzaladı, Bakı-Tbilisi-Ceyhan boru xəttinin reallaşması prosesinə start verdi, böyük dövlətlərlə bərabərhüquqlu normal münasibətlər yarada bildi. Həmin dövr üçün çox mühüm olan əsas faktor isə ümummilli liderin daxili sabitliyə nail olması idi. Bu məqamı dünyanın böyük dövlətlərinin hər biri açıq etiraf ediblər. Doğrudan da, daxili sabitliyin təmin olunmadığı bir cəmiyyətdə güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək mümkün deyildir. Sabitliyin təmin olunması ilə Azərbaycan stabil inkişaf üçün real zəmin əldə etdi. Bütün istiqamətlərdə sürətli inkişaf üçün əsas yarandı. Bununla da Heydər Əliyevin 1993-cü ildə etdiyi dahiyanə seçim Azərbaycanı dövlət və xalq kimi labüd fəlakətdən xilas etdi və tarixi tərəqqi üçün geniş imkanlar açıldı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri kimi uğurunun kökündə isə yüksək şəxsiyyət olması faktoru dayanır. Heydər Əliyev şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə malik idi. Hər bir şəxsiyyət lider olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində xarizmatik lider idi. Ulu öndər usta diplomatik addımları ilə ən güclü dövlətlərin başçılarını belə ram edə bilirdi.Təbii ki, şəxsiyyətin kamilliyinin mühüm bir aspektini də müdriklik təşkil edir. Heydər Əliyev çox müdrik siyasətçi və lider idi. Platon müdrikliyi xeyirxahlıq və ədalətlə əlaqələndirirdi. Heydər Əliyev hər iki keyfiyyətə yüksək səviyyədə malik idi. Ədalətli olmaq haqdandır. Ulu öndər daim ədalətli və xeyirxah olanı edirdi. Əlbəttə, bütövlükdə Azərbaycan xalqı müdrikdir. Lakin xalq müdrikliyindən siyasi müdrikliyə yüksəlmək xüsusi qabiliyyət və istedad tələb edir. Bu baxımdan Heydər Əliyev öz xalqının mənəvi, tarixi, əxlaqi dəyərlərinə böyük diqqətlə yanaşırdı. Hələ sovet dövründə Azərbaycan dilinin, adət-ənənələrinin, ədəbiyyatının, musiqisinin və tarixinin qorunmasında misilsiz xidmətlər göstərmişdi. Ulu öndərin siyasətinin davamı olaraq Azərbaycan rəhbərinin əldə etdiyi digər nailiyyətləri də yada salmaq olar. Ancaq yuxarıda vurğulanan məqamlar da tam təsdiq edir ki, Heydər Əliyev həm mükəmməl dövlət quruculuğu kursu işləyib hazırlamış, həm də başlanan işləri böyük uğurla davam etdirə bilən layiqli siyasi varis yetişdirmişdir.  Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin keçmişi, indisi və gələcəyi arasında möhkəm əlaqə yarada biləcək irs qoyub gedib. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Bu mənada ulu öndər böyük dahi, mükəmməl şəxsiyyət-lider və müdrik dövlət xadimidir! Demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.

Yəhya Ağayev,

 Silahlı Qüvvələr veteranı, Müharibə və Əmək  veteranı, Nizami Rayon Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA