Məhsul yığımı ərəfəsində pambığın şirkətlər tərəfindən tədarük qiyməti, növdən asılı olaraq, hər tona görə orta hesabla

50 manat artırılıb və  hər tonunun alış qiyməti il ərzində ümumilkdə 100 manat bahalaşıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, indiyədək birinci növ pambığın hər tonu 750 manata tədarük olunurdu, bundan sonra isə 800 manata tədarük olunacaq.

Həmçinin diqqətə çatdırıb ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci yerdə olub ki, onun da çox hissəsi Türkiyəyə ixrac edilib:

“Nəzərə almaq lazımdır ki, fermerlərimizə stimullaşdırma məqsədilə hər ton pambığa görə 170 manat məhsul subsidiyası da verilir. Ümumilikdə götürdükdə fermerlər məhsul, toxum, əkin, gübrə subsidiyasından faydalanırlar ki, başqa heç bir ölkədə kənd təsərrüfatı sahəsində çalışanlar bu qədər dövlət dəstəyi ilə əhatə olunmayıb. Bizim ölkəmizdə dövlət bütün istehsal prosesində fermerlərin yanındadır", - deyib.

O, bildirib ki, ölkəmizdə  taxılçılığı prioritet seçməsi pambıqçılığın arxa plana keçməsinə səbəb ola bilməz.

 İmran Cümşüdov əlavə edib ki, çoxşaxəli kənd təsərrüfatı olan Azərbaycanın 16 ixtisaslaşmış rayonunda təxminən 100 min hektar sahədə pambıq əkilir və ötən il hər hektardan əldə edilən orta məhsuldarlıq 28,7 sentner olub.

Qeyd edək ki, ölkəmizdə pambıqçılığın ilk inkişafı barədə dəqiq yazılı mənbə mövcud deyil. Müxtəlif arxiv materiallarına və istinadlara nəzər yetirsək, görərik ki, Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqqında əldə tutulan tam məlumat yoxdur. Çox sayda məlumat natamamdır. Bu arxiv materiallarını üzə çıxaran isə Ə.Ə.Sumbatzadə olmuşdur. Yenə də, tarixçi Majey Xoreyskinə görə, Azərbaycanda pambıq IV və VI əsrlərdə becərilib. Güman edilir ki, Azərbaycana pambıqçılıq İran və İraqdan gəlmişdir. Bəzi dəqiq mənbələrə görə, 1823-cü ildən sürətli pambıq əkininin olması əsasən dəmir yoluna yaxın olan qəzalarda (Gəncə, Göyçay, Ağdaş və s.) və həmçinin Naxçıvanda baş vermişdir.

***

1981-ci ildə Azərbaycanda pambıq tədarükü 1 milyon tona çatmışdı. 2015-ci ildə isə cəmi 18 min hektarda pambıq əkilmiş və 35 min ton məhsul tədarük edilmişdi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilib və 89 min ton pambıq tədarük edilib. 2017-ci ildə 136 min hektarda pambıq əkilib və 207 min ton məhsul götürülüb. 2018-ci ildə əkin sahələri azalmağa başlamış və 132 min hektarda pambıq əkilib. Ancaq daha çox məhsul - 233 min ton pambıq istehsal olunub. Hektardan məhsuldarlıq artmış və 17,6 sentnerə qalxıb. 2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkilmiş və 294 min ton məhsul götürülmüşdür. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olmuşdur.

Tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur: 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir.

Xatıqladaq ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN