Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu var.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Orta Asiyada yerləşən türk dövlətləri ilə ölkəmiz arasında iqtisadi əlaqələrin genişlənməsindən bəhs edərkən bildirib.

 O, qeyd edib ki, Azərbaycan ilə Orta Asiyada yerləşən Türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir:

“Bu ilin ilk yarısında ölkəmizin dörd Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub və bu, 2021-ci il üçün ümumi dövriyyəsindən 66.5 faiz çoxdur.

Bu müddətdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızstan ilə isə 4.229 milyon dollar olub. Qeyd edək ki, 2021-ci il ərzindəki ölkəmizin adı çəkilən Türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799, Türkmənistan 105.023, Özbəkistan 111.903, Qırğızıstan isə 9.018 milyon dollar paya malik idi”, - deyə bildirib.

 Millət vəkili bu əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki koordinasiya xüsusi töhfəyə malik olduğuna diqqət çəkib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi də ticari-iqtisadi əlaqələr xüsusi təkan verdi, - deyib.

Vüqar Bayramov Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu da vurğulayıb.

 “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin ölkəmizə gəlişini xüsusi qeyd etmək lazımdır. Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstan ilə ticarət dövriyyəsini 2 dəfə artıraraq 1.0 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır.

Hədəflər genişdir, imkanlar böyük. Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir”,- millət vəkili qeyd edib.

 Y.MƏMMƏDLİ 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN