“...Dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib”.

“Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır”, - deyə iqtisadçı millət vəkili Vüqar Bayramov əmanətlərin yenidən vergiyə cəlb olunacağı ilə bağlı suala aydınlıq gətirərkən bildirib.

O, vurğulayıb ki, həmin müddət sabah, yəni fevral ayının 1-də başa çatır.

“Bununla yanaşı “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq”, -deyə diqqətə çatdırırb.

Onun sözlərinə görə, əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı, lakin bu yeganə səbəb deyildi.

Millət vəkili banklara vergisiz əmanət qoyuluşunun insanlar üçün daha cəlbedici olduğunu və buna görə də həmin müddət ərzində əmanətlərin həcminin 3 milyarddan çox artdığını da xatırladıb.

 “Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”, -deyib.

 İqtisadçı millət vəkili etdiy təklifi  də açıqlayıb – “Ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər, gəlir vergisindən azad olunsun”.

 “Vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər. Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb.

O baxımdan, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər, gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”, - deyə iqtisadçı verdiyi təklifi izah edib.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN