Yalnız sığortalanmış əmanətlər tam olaraq depozit sahiblərinə geri qaytarılacaq?..

 Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib.

Məsələ ilə bağlı iqtisadçı ekspert, deputat Vüqar Bayramov da diqqətə çatdırıb ki, bankın bağlanmasını onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib.

Bəs “Günay Bank”da olan əmanətlərin taleyi necə olacaq? – sualına isə deputat belə cavab verib:

“Bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir.
Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq”,- deyə bildirib.

O, Mərkəzi Bankın məlumatına istinad edərək bildirib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

“Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub.
Hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan
divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir”, - deyə deputat diqqətə çatdırıb.
O, vurğulayıb ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir.
Vüqar Bayramovun sözlərinə görə, müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər.

Bayramov qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac olduğuna, həmçinin zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılmasının daha prioritet olduğunun vacibliyini də bildirib.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Yaradıcısı iş adamı Mahmud Məmmədov olub. Bankın nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 58,22 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 28,48 %-lik səhmdarı), 41,15 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 49,9 %-lik səhmdarı), 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsus olduğu bildirilir. 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN