2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunub.

 Məlumata görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,7 faiz təşkil edib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,5 faiz təşkil edib.

Xatırladaq ki, hazırda Bakıdakı ət mağazalarında sümüklü dana ətinin kiloqramı 15 manata yüksəlib (Bu qiymət bəzi mağazalarda az miqdarda dəyişə bilər). Sümüksüz ət isə 18 manata və daha yüksəyə satılır. Supermarketlərdə isə bu qiymətlər ət mağazalarından da yüksəkdir. Həmçinin balığın da kiloqramı mağazalarda bazarlardan daha baha qiymətə satılır.

Qeyd edək ki, bu ilin noyabr ayının əvvəlindən Dağıstandan Azərbaycana 40 ton süd məhsulları və 42 ton balıq idxal edilib. "Rosselxoznadzor"un məlumatına əsasən, qeyd edilən dövrdə Dağıstandan Azərbaycana və Gürcüstana ümumi çəkisi 30 min ton olan heyvandarlıq məhsulları və 6 mindən çox baş heyvan tədarük edilib.

Bu yalnız bir ölkə üzrə olan məlumatdır. Sirr deyil ki, Azərbaycana bir çox ölkələrdən ət və ət məhsulları, balıq və digər ərzaqlar idxal edilir.

Görünən budur ki, xaricdən də ölkəmizə minlərlə ton ət və digər ərzaq məhsullarının tədarük edilməsinə baxmayaraq, ölkəmizdə vacib ərzaq məhsulları bahalaşmaqda davam edir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA