Biləsuvar rayonunda- Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərova həsr edilmiş “Əfsanəvi kəşfiyyatçı” kitabının təqdimatı keçirildi...

Təqdimat mərasimi Biləsuvar İcra Hakimiyyətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsü ilə baş tutdu.

Təqdimat mərasimində əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yoldaşları, ailə üzvləri, rayon ictimaiyyəti, millət vəkilləri... iştirak edirdilər. Mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycanın Dövlət Himni səsləndirildi...

Kitabın müəllifi "Təzadlar" qəzetinin baş redaktoru, Türk Dünyası Yazarlar Birliyinin üzvü, Türkiyənin anadoluyakasihaber.com və trtajans.com saytlarının köşə yazarı Asif Mərzilidir.

***

Qeyd edim ki, təqdimat mərasimində çıxış edən ziyalılar, hərbçilər, polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yoldaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. ətrafında geniş bəhs etdilər.

 «İgid ölər, adı qalar… Amma Orxan Əkbərovun təkcə qəhrəmanlıq dolu adı qalmadı, həm də işğaldan azad edilmiş yurd yerlərimiz, Vətən  torpaqlarımız bizə qaldı…».

Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun xatirəsinə həsr olunmuş təqdimat mərasimini İctimai Televiziyanın müəllif proqramlarının aparıcısı Vüsalə Məmmədova igid polkovnik-leytenant Orxan Əkbərov haqqında ətraflı məlumat verdikdən sonra söz tədbirin təşkilatçılarından olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadəyə verildi… S.Alızadə qəhrəmanın döyüş yolu haqqında danışaraq onun şəhid qəhrəman ömrünün gənc nəslə bir nümunə olduğunu önə çəkdi: «Orxan Əkbərov torpağı Vətən edən igid oğullarımızdan biridir, gənc nəsil üçün qəhrəmanlıq məktəbidir…».

orxan-6

Sonra çıxış edən Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyi Biləsuvar rayon şöbəsinin sədri, 44 günlük Zəfər müharibəsinin iştirakçısı Bəhruz Əliyev Orxan Əkbərovun keçdiyi qəhrəmanlıq ömrünün ayrı-ayrı məqamlarından danışdı, valideynlərini, ailə üzvlərinə «Başınızı həmişə dik tutun ki, Sizlər qəhrəman, igid polkovnik-leytenant Orxan Əkbərovun ruhunun daşıyısılarısınız! O, həmişə bizimlədir, bizim üçün örnəkdir!», - dedi.

Daha sonra «Əfsanəvi kəşfiyyatçı» kitabının müəllifi və tərtibçisi Asif Mərziliyə söz verildi.

Asif Mərzili çıxış edərək bildirdi ki, kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan bəhs edir. "Şeyx Şamil deyirdi: aqibətini düşünən əsgərdən igid çıxmaz!" Orxan Əkbərov aqibətini düşünmədi, Vətənini, işğal altında qalmış torpaqlarımızın azadlığını düşündü və düşmən üzərinı şığıdı, şəhid-qəhrəman oldu!", - deyən müəllif şəhid qəhrəmanın ailə üzvlərinə, döyüş yoldaşlarına təşəkkürünü bildirdi ki, Orxan Əkbərovun xatirəsi unudulmur, adı əbədiləşdirilir... O, eyni zamanda belə bir mərasimə dəstək verdiyinə görə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbanova və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadəyə dərin minnətdarlığını çatdırdı.

Mərasim Azərbaycanın Əməkdar artisti Sevinc Sarıyevanın ifasında Qarabağ ruhuna köklənmiş mahnı və muğamlarla başa çatdı.

Orxan Əkbərovun xatirəsinə və döyüş yoluna həsr olunmuş «Əfsanəvi kəşfiyyatçı» kitabı imzalanaraq tədbir iştirakçılarına hədiyyə edildi.

*** 

…2020-ci il sentayabrın 27-də, Ali Baş Komandan, prezident İlham Əliyevin düşmənin getdikcə artan təxribatlarının qarşısını almaq məqsədilə verdiyi əks-hücun əmri ilə minlərlə oğullarımız silaha sarıldı. 44 günlük müharibədə 30 il işğalda qalmış torpaqlarımız ermənilərdən təmizləndi. Qarabağımız öz əbədi və əzəli sahibinə qovuşdu. Bu yolda təbii ki, 3 min nəfərə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldılar, minlərlə oğullarımız qazi və veteran oldular. Bizə tarixi qələbə yaşadan, başımızı ucaldan, alnımızdakı qara ləkəni təmizləyərək, igidlikləri ilə dünyaya səs salan bu qəhrəmanların özləri də, ailələri də daima dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Belə igid oğullarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovdur.

orxan-3

BİZİM ARAYIŞ: Orxan Əkbərov- 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı, 9 yaşında Sevil və 8 yaşında Çingiz bizlərə yadigar qalıb. Polkovnik-leytenant Orxan Əkbərov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Lakin qəhrəmanın meyidini oktyabrın 6-da götürmək mümkün olub və elə həmin gün də  Biləsuvar şəhərində, böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman, göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik göstərərək, düşmənin silah sursatla dolu 6 maşınını və 200 nəfər canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin nəvbəti Sərəncamları ilə Orxan Əkbərov həm də ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”medalları ilə də təltif edilib.

***

…Hələ bir müddət əvvəl belə bir qürur mənbəyimiz olan qəhrəmanın ailəsi və övladları ilə görüşüb söhbətləşmək, Orxansız keçən günlərdə nə düşündükləri, necə yaşadıqları bərədə marqlanmaq istəmişdik. Qəhrəmanın həyat yoldaşı Nuranə xanımdan “Təzadlar” üçün müsahibə almışdıq və həmin müsahibə bu gün təqdimatı keçirilən kitabda yer almış, oxucuların marağına səbəb olmuşdur. Həmin müsahibədən bəzi məqamları diqqətə çatdırırıq:

-Nuranə xanım, bir şəhid xanımı kimi sizi salamlamaq, sizinlə görüşüb həmsöhbət olmaq həmişə xoşdur. Ancaq gəlin hələlik, həyat yoldaşınız, şəhid polkovnik-leytenant Orxan Əkbərovdan yox, sizdən danışaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hərbçi xanımının necə çətin bir həyat keçdiyini eşidirik, görürük.

- Orxan Əkbərov elə bir həyat yoldaşı olub ki, onun nə qədər çətinlikləri olsa da, mən ona dözmüşəm və dözərdim. Onunla keçirdiyim o çətin günlər də mənim üçün xoş olub. Mən o çətinlikləri hiss etməmişəm…

- Təbii ki, arada səmimiyyət, istək, sevgi varsa, əlbəttə, bu çətinlikləri də aşmaq asan olur.

- Bəli, xoşbəxtçiliyimizə o çətinlikləri qurban vermişik.

- Maraqlıdır, tez-tez yerdəyişmələr, şəxsi evinizin olmaması, normal şəraitdən uzaq düşməyiniz sizi narahat edirdimi?

- Narahatçılıq bilinmirdi. Onunla özümü heç vaxt narahat hiss etməmişəm. Orxan var idisə, mən özümü xoşbəxt hiss edirdim.

- Görürəm Orxan bəydən çox sevgi və istəklə danışırsınız. Bəlkə Orxan bəylə necə tanış olmağınızı yada salasınız.

- Bizim ilk tanışlığımızın çox maraqlı tarixçəsi var. Orxan Əkbərovun anası Sevil Abdullazadə həkimdir. Biz bir yerdə, səhiyyədə işləmişik. İlk dəfə Orxan anasını işə gətirərkən, həmin gün də mən iş yoldaşımın toyu idi deyə, onların idarəsinə getmişdim. O vaxt onun qardaşı əsgər idi və o da ora gəlmişdi. Gördüm paltarı çox çirklidir, sonradan öyrəndim ki, hərbi əməliyyatdan gəlibmiş…  Sonra gəldim, işdə danışanda, dedim ki, ora bir əsgər gəlmişdi, üstü çox çirkli idi və s. Bu söhbət çatır Orxanın anasına. Sonra da özünə çatmışdı. Orxan da anasını işə gətirəndə, soyuq aylar idi deyə, qaz “peçi” gətirmişdi, bunu anasına deyir. Anasının işçisi olan tibb bacısı gəldi ki, bəs doktor Sevil xanım səni çağırır. Getdim otağına, gedəndə gördüm yanında bir həbçi də var, bilmirdim oğludur. Anası dedi ki, Orxan, bu qız sənə pinti, paltarı çirkli deyir? Orxan məndən sakit tərzdə, bir az da maraqla soruşdu ki, doktor, doğrudan siz hərbçilərə elə demisiniz? Mən də anasına üzümü tutub dedim:

- Doktor, mən sizin oğlunuzu birinci dəfədir görürəm. Ona elə deməmişəm axı. Mən onu sizin oğlunuza deməmişəm. Bura bir əsgər gəlmişdi, həqiqətən də üstü çirkli idi.

Bu yerdə Orxan da dedi: «Xanım düz deyir, əsgərlərin paltarı çox təmiz olur… Baxır o təmizliyinə fikir verməyə. Amma bu gün nə mənim, nə də mənim əsgərlərimin paltarı çirkli deyil, ola da bilməz. Qabaqlar olardı, çünki çöldə, Laçında, Füzulidə quru torpaqda, palatkada qalırdıq...».

Mənim onda öz sözümün üstündə durmağım, Orxanın xoşuna gəlmışdi. Sonra da anasından mənim haqqımda maraqlanıb, o da “məsləhətdir”- deyib... Bir gün də anası məni bir dükana dəvət etdi ki, gəl birlikdə gedək. Getdik. Orxan anasının maşında qalmış telefonunu gətirdi ki, doktor, sizə zəng gəldi. Orxan anasına “doktor” deyə müraciət edərdi. Sonralar mənə deyirdi ki, o zaman səni ona görə çox bəyəndim ki, gördüm içəri adam girir, amma heç reaksiya vermirdiniz. Onda fikirləşdim ki, bu qızla mənimki tutar, alınar. Başınızı qaldırıb, dönüb mən tərəfə heç baxmırdınız da. Elə bil ki, mən orda yoxam... Mən də o mağazaya girmədim. Onda dedim ki, yox, bu qızla uzun bir yol getmək olar.

orxan-5

- Döğrudan tanışlığınızın çox maraqlı tarixçəsi varmış. Nəhayət, ailə qurdunuz və sizin demək olar gəzintiləriniz başladı, yəni, bu bölgədən, o bölgəyə, o bölgədən bu bölgəyə. Bunlar barədə danışaq. Haralarda oldu Orxan sizlə, hansı bölgələrdə?

- İlk dəfə Beyləqandakı 702 saylı hərbi hissədə işləyirdi. Mən də rayonun özündə qalırdım. Ev tutmuşdu kirayədə. Həmin hərbi hissəyə yaxın kənddə ev kirayələdi və biz ora köçdük. Sonra xidmət yerini 181-ə dəyişdilər. Ona görə də Füzuli qəsəbəsində qalırdım. Sonra da Ağdama, 190 saylı hərbi hissəyə göndərdilər. 2015-ci ilə kimi orda olduq. Daha sonra yenidən 181-ə dəyişdilər. Ardınca da 218 saylı hərbi hissənin komandiri, kəşfiyyat hərbi hissəsinə komandir oldu...

- Bəs neçə ildi xidmət edirdi hərbidə?

- 20 il tamam olmuşdu.

- Yəqin təaqüdə çıxmaq istəyirdi?

- Bəli, pensiya vaxtı çatmışdı. Hələ ki, ehtiyac olduğu üçün saxlamışdılar.

- Görünür, qismətinə şəhid olmaq taleyi yazılıbmış. Gəlin indi də keçək müharibə dövrünə. 2020-ci ilin sentyabrın 27-i başlayan, o Vətən müharibəsini deyirik və qələbəmizlə başa çatan bir Vətən müharibəsi. Bir hərbçi ailəsi kimi mənim üçün maraqlıdı bilmək ki, Orxanın döyüşə getməyini necə bildiniz, artıq döyüşdədir?

- Sentyabrın 26-sı Orxan bizə zəng vurdu. Anası da işdə eşitmişdi ki, müharibə başlayır, artıq hazırlıq gedirdi. Birdən anası ağladı ki, Orxan, deyirlər müharibə başlayır. Mən bilirəm sən arxada qalmazsan, qabaqda olacaqsan... Orxan da qayıtdı ki, “Doktor, narahat olma, müharibə-zad yoxdur”. Sonra mən danışdım, dedim Orxan, müharibə olsa, qabağa getmə. Dedi ki, narahat olmayın, otaqdayam, sakitçilikdir. Bir də “ya qismət” dedi. Bu, hələ ki, sonuncu da zəngi oldu. Sentyabrın 27-də müharibə başladı əlaqə saxlaya bilmədik. Bir də oktyabrın 1-də axşam saat 10-a qalmış idi, zəng vurdu. Gördüm səsi çox zəif gəlirdi. Dedim ki, müharibədəsən, nədir, səsin niyə zəifdir? Dedi ki, mən aşağıda, “padvalda”yam, yox, müharibədə deyiləm. Səsim də soyuq su içmişəm deyə bir az tutulub. Sən demə, döyüşün ən qaynar yerində imiş. O qədər yüksəkdən komanda verib, əsgər və zabitləri döyüşə səsləyib ki, səsi də batmışdı. Birdən qayıtdı ki: “Uşaqlara yaxşı bax, onları incitmə”. Hə, belə dedi. Sonra uşaqlarla danışdı. Qızın da 21 oktyabrda ad günü idi.

Qızı dedi: “Ata, ad günümə gələcəksən?”

Orxan: “Qızım, söz vermirəm. İşim bitsə gələcəm”.

Qızı dedi: “Ata, bir tort var, gələndə onu mənə alarsan”.

Sonra Orxan mənə dedi:

- Gəlsəm özüm alacagam, gəlməsəm uşağa mütləq o dediyi tortu alarsan. Nə qədər çəkəcəyini mən hələ bilmirəm...

Bu zaman Çingiz televizorda Ərtoğrulun kinosuna baxırdı deyə dedi:

- Ata, mənə qılınc alarsan? Ərtoğrulun qılıncından gətirəcəksən mənə?

Orxan dedi:

- Oğlum, sən Çingizxansan. İş otağımda o qılıncdan var. Mənə onu türklər hədiyyə edib. Onu sənə göndərərəm. Amma onu bil ki, sən Çingizxansan. Sən əsas Çingizxana bax…

orxan-2

Beləcə, bizimlə sağollaşdı. Sonra anası ilə danışdı. Oktyabrın 2-də isə şəhid olub.

- Həmin gün eşitdiz şəhid olduğunu?

- Xeyr, qardaşı bilmişdi, biz bilməmişdik... Oktyabrın 4-də mənim əmimin ildönümü idi, mən də orda idim. Orda olanda atam məni evimizə gətirdi. Gətirəndə bizim qapının ağzında gördüm ki, xeyli adam yığışıb. Bizim maşın dayananda aralaşdılar. Sonra mən düşəndə həyətə girirdim, gördüm ki, Orxanın Rəşad adlı rayonda bir dostu var, o gəlib atamı qucaqladı, onun qulağına nəsə dedi. Atam da mənə “Siz içəri keçin”- dedi. Dedim ki, Rəşad nə deyir? Dedi ki, apar uşaqları içəri, gözləyin. Heç nə, işi vardı mənimlə. Dedim ki, Rəşadın burda nə işi var bu vaxtı? Gecə saat 12-ə işləyir. Sonra bir, iki maşın da var idi. Onlar da qaynımgil idi. Onlar da biliblər. Gəldim evdə dedim ki, məhlədə nəsə olub, Orxanın dostları, sonra Tofiqin qardaşı Ramingil... hamısı burada yığılımışdı. Sonra anam zəng elədi qaynıma ki, Elnur uşaqlardan soruş gör məhləmizdə nə olub? Dedi ki, əşi, soruşdum heç nə olmayıb, “avariya” var imiş, ona görə gəliblər... Sonra mənə zəng gəldi ki, bəs qaynım Ənvər yaralanıb. Mən də Orxanı yığdım gördüm zəng çatmır, Ənvəri də yığdım gördüm ona da zəng çatmırdı. Bacımı yığdım ki, bəs ataya Orxanın dostu nə deyirmiş, dedi ki, heç nə demiyib, bilmirəm, ata rayonda iclasdadı. Deməli, atama xəbər çatıb, atam gedib. Gələn qonaqlar da hamısı əmiləri, bibiləri, rayonda bibisinin evi var, yığılıblar onlara. Bəs deyiblər ki, dəqiq məlumat bilinmir, onlar neytraldadılar. Ona görə də sağdı, yaralıdı, şəhiddi, bilinmir. Onu görməyincə nəsə demək olmaz. Ona tapşırıq gəlib deyə, özündən başqa 5 nəfər də götürüb, gedib. Sonradan Orxan əsgərləri geri qaytarıb ki, mən bu qədər əsgər analarını gözü yaşlı qoya bilmərəm. Onlar bu işi bacarmaz. Ona görə də özü gedib, və ordada da şəhid olub (Kövrəlir).

- Nuranə xanım, Allah bütün şəhidlərimizə rəhmət eləsin!

- Səhər oldu. Mən gecəni fikir içində keçirdim. Bir dəqiqə də olsun yata bilmədim. Səhər xəstəxanaya zəng elədim, maraqlandım ki, bəs Ənvər deyirlər yaralıdı, ora gətirməyiblər? Dedilər ki, yox, gəlməyib bizim rayona, amma eşitmişik elə bir söz. Qızlar da elə Orxanın şəhid olmağını biliblər, mənə deməyiblər. Axşam oturmuşdum, bir anlıq məni yuxu apardı, yuxuda gördüm ki, Orxan ayağı yaralı gəlib və anası ağlayır ki, mən sənə dedim ki, qabağa getmə. O da anasına sərt cavab verir. Heç vaxt anasına sərt cavab verməzdi. Cavab verir ki, sən müharibə başlamamış ağlayırsan da, niyə ağlayırsan? Ağlama, heç nə yoxdu. Mən də deyirəm ki, gətir yaranı bağlayım, deyir ki, ehtiyac yoxdu, get uşağa tort al. Uşağı incitmə... Ayıldım, yenə qaynıma zəng vurdum. Ənvər açdı, dedim ki, bəs eşitmişəm ki, yaralısan, dedi hə, ayağımdan yaralanmışam, Gəncədəyəm.

- Qardaşı da döyüşürdü?

- Bəli, pilot idi qardaşı da. Dronları idarə edirdi. Onlar gözləyirmişlər ki, qruplar getsin bunları götürsün. Mühasirəyə düşüblər. Neytralda çətin yerdə oliblar.

- Ənvərgil istəyib Orxangili götürsün?

- Artıq oktyabrın 5-i idi, gedə bilmirlər, mən Ənvərlə 5-də danışmışam. Mən də məktəbdə müəllimlər günü idi, dedim ki, uşaqları məktəbə aparım, müəllimlərə hədiyyə alım. Qonşu gəlin də mənə zəng elədi ki, necəsiz? Dedim sağlıqdı, soruşdu ki, bəs Orxandan nə xəbər? Dedim onlardan xəbər yoxdur. O da qayıtdı ki, onda uşaqları sən çıxarma, yoldaşım aparar. Elə oğlum Çingizlə Sevil bir sinifdə oxuyur. Dedim yox, özüm apararam, dedi, yox, sən çıxma, mən də çıxmıram, yoldaşım aparar elə. Uşaqlar da elə onunla getdi. İndi bunlar düşünüb ki, mən çıxaram, məhlədə eşidərəm. Heç olmasa, qoy küçədə eşitməyim... Bir də onda gəldilər ki, yox, Orxan sağdı. Yoldaşları hərbçi olan tanıdığım gəlinlər var idi, onlarla əlaqə saxladım. Xəbər gəldi ki, Orxan sağdı, anası anamla getdilər məscidə, ziyarətgahlara nəzir apardılar. Qonaq da çox idi. Onda bir də eşitdim ki, qışqırtı çıxdı. Çölə çıxdım ki, bayraqlar, güllər, gətirirlər...

orxan-1

- Bir şəhid və qəhrəman xanımı kimi siz dövlət tərəfindən hansı qayğıları görmüsünüz?

- Öncə Prezidentimizə öz təşəkkürümü bildirirəm, bir qəhrəman ailəsi olaraq. Onun xidməti dövrünün çətinliklərini, zəhmətini, müharıbədəki igidliyini qiymətləndirərək Vətən Müharibəsi Qəhrəmanı adı verdi. Dövlətimiz Vətən Müharibəsi Qəhrəmanının ailəsi kimi bizi 3 otaqlı mənzillə təmin edib. Maraqlıdır ki püşk yolu iləverilən mənzil, Orxan xidmət edib şəhid olduğu 218 nömrəli hərbi hissənin adı ilə eynidir. Mənzilin də nömrəsi 218-dir. Püşkü, Çingiz götürmüşdü. Mən ilk dəfə sənədləri götürməyə gedəndə komunalda ev nömrəsi 218 deyiləndə çox kədərli oldu. Bu da bir tale qismətdir...

- Bağışlayın Nuranə xanım, sizi köhnə xatirələrə, Orxanlı günlərə qaytardıq. Bizim də borcumuzdur ki, şəhidləri, onların etdikləri fədakarlıqları, qəhrəmanlıqları ictimaiyyətə çatdıraq, hamı tanısın. Düzdü, döyüşdə iştirak edən hər bir əsgər, zabit qəhrəmandır…

***

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə qürur yerimizdir. Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər isə heç vaxt unudulmamalıdır və yeri gəldikcə, imkanımız yol verdikcə hər kəs  Ermənistanın müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında var gücü ilə çalışmalıdır.

Qarabağ Azərbaycandır!

E.ŞİRİNOV

(Bakı-Biləsuvar-Bakı)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İst.6.3.5).

media

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN