Rusiyanın müxtəlif şəhərlərindən olan 100-dən çox bələdiyyə deputatı, eləcə də jurnalistlər Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ına qarşı çıxıblar.

Bu barədə “Novaya qazeta” məlumat yayıb.

 Nəşrin yazdığına görə, Rusiyanın (Moskva, Sankt-Peterburq, Velikiy Novqorod, Samara, Ryazan, Yoşkar-Ola və digər şəhərlərdən) 100-dən artıq bələdiyyə deputatı Rusiya vətəndaşlarına açıq məktub ünvanlayıblar.

 “Biz, xalq tərəfindən seçilmiş deputatlar, Rusiya ordusunun Ukraynaya hücumunu qətiyyətlə pisləyirik”, - deyə deputatlar bildiriblər.

Onlar hesab edirlər ki, Ukrayna ilə müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq: minlərlə insan öləcək və yaralanacaq - Rusiya isə təcrid və bahalaşma ilə üzləşəcək. Müraciətin sonunda deputatlar Rusiya xalqını susmamağa çağırırlar.

Açıq məktubu, xüsusən də Velikiy Novqorod Şəhər Dumasının deputatı Anna Çerepanova, Moskva muntepləri - Yelena Rusakova, Maksim Qonqalski, Andrey Morev, Yelena Kotenoçkina, Yelena Filina və başqaları imzalayıblar.

Eyni zamanda, rusiyalı jurnalistlər də Ukraynaya hücumu pisləyən açıq bəyanat yayıblar.

 “Müharibəyə haqq qazandırmaq olmaz” deyən Rusiyalı jurnalistlər Ukraynada aparılan “xüsusi əməliyyat”a qarşı çıxıblar.

“Biz, Rusiya mediasının müxbirləri və Rusiyanın xarici siyasəti haqqında yazan ekspertlər Rusiya Federasiyasının Ukraynada başladığı hərbi əməliyyatı pisləyirik. Müharibə heç vaxt münaqişələrin həlli üsulu olmayıb, olmayacaq və buna haqq qazandırmaq olmaz”, - deyə jurnalistlər qeyd ediblər.

Hazırda məktuba 70-dən çox media işçisi imza atıb. Onların arasında “Kommersant”, “Dojdya*, “Novaya qazeta”, “RBK”, “Exo Moskvı”, “The Bell”, “RTVI”, “Snoba”, “7x7”, “İzvestiya”, “Mediazona" və digər media qurumlarının  jurnalistləri var.

Həmçinin baş verənlərlə bağlı rusiyalı alimlər və elmi jurnalistlər də "Açıq məktub" vasitəsilə etirazlarını bildiriblər.

Açıq məktubda qeyd edilib ki, bu fatal addım böyük insan itkilərinə gətirib çıxarır və qurulmuş beynəlxalq təhlükəsizlik sisteminin əsaslarını sarsıdır.

“Avropada yeni müharibənin başlanmasına görə məsuliyyət, tamamilə Rusiyanın üzərinə düşür.”

Daha sonra vurğulanır ki, bu müharibənin ağlabatan bəhanəsi yoxdur və Donbasdakı vəziyyətdən hərbi əməliyyata başlamaq üçün bəhanə kimi istifadə etmək cəhdləri də heç bir inam yaratmır.

“Aydındır ki, Ukrayna ölkəmizin təhlükəsizliyinə təhlükə yaratmır. Ona qarşı müharibə ədalətsiz və açığı mənasızdır.”

Həmçinin məktubda Rusiyanın özünü beynəlxalq izolyasiyaya  məhkum etdiyini və nəticədə  alimlərin öz işlərini bu səbəbdən normal şəkildə görə bilməyəcəyi də vurğulanır.

Onların sözlərinə görə,  elmi tədqiqatların aparılması başqa ölkələrdən olan həmkarlarla tam əməkdaşlıq olmadan ağlasığmazdır.

“ Rusiyanın dünyadan təcrid olunması, müsbət perspektivlərin tam olmaması şəraitində ölkəmizin mədəni və texnoloji deqradasiyası deməkdir.”

Sonda imza sahibləri Ukrayna ilə müharibəni lazımsız addım adlandırıblar.

Xatırladq ki, bu gün  Rusiya Prezidenti Vladimir Putin Moskva vaxtı ilə səhər saat 5:30-da Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan edib. Və qeyd edib ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

 Ukrayna prezidenti Vladimir Zelenski bütün ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb.

Y.MƏMMƏDLİ

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN