Azərbaycan ordusu bölgədə yeni reallıqlar yaradıb, Medianın İnkişafı Agentliyi də Azərbaycan media mühitində yeni reallıqlar yaratmaqda israrlıdır…

…Zaman dəyişdikcə dünya da dəyişir, yaxud əksinə- dünya dəyişdikcə zamanı da özünə uyğun dəyişdirməyə çalışır. İnformasiya ötürücülüyünə istinadla deyə deyə bilərik ki, məsələn, 30 il əvvəl hərbi xidmət etdiyimiz Rusiya çöllərindən Azərbaycanın hansısa bir rayonundakı ailəmizə əsgər salamlı məktub yazıb arzularımızı, fikirlərimizi çatdırmaq istəyirdiksə, bu ən azı 1 aya mümkün ola bilərdi. Ailədən isə sənə yazılacaq cavab məktubu da eyni zaman tələb edirdi…

 Ötən illərdə nəinki dünya dəyişdi, həm də dünyamız zamanı dəyişdi. İndi nəinki Rusiyanın, Amerikanın, Avstraliyanın, hətta  Afrikanın… hansısa bir şəhərindən kiminləsə hal-əhval tutmaq istəyirsənsə, bu 2-3 saniyəlik zaman tələb edir. Görürsünüzmü, zaman dünyamızı, dünyamız da zamanı necə dəyişməkdədir! Bunlar yeni reallıqlardır və biz, atalarımız demiş, ya yorğanımıza görə ayağımızı uzatmalıyıq, ya da ayağımıza uyğun yorğan düzəltməliyik!

***

 Keçək mətləbə: indi mediamızda da yeni reallıqlar yaranmaqdadır. Azərbaycanın şanlı Ordusu döyüş meydanında tarixi düşmənimizi məğlub edərək işğala son qoymaqla bölgədə yeni bir reallıqlar yaradıb və bu barədə geniş danışmağa yəqinki ehtiyac yoxdur. Jurnalistlərimiz də artıq informasiya meydanında yeni reallıqlara məhkumdur. İndi keçmişə baxıb gələcəyimizə hesablanmış yeni informasiya-media reallıqlarını yaratmalıyıq. Medianın İnkişafı Agentliyi də təsis edildiyi gündən bu yola xeyir-dua verilməkdədir. Problem nədədir: müqayisə ilə desək, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb. Çətinlik ondadır ki, minalanmış ərazilər çoxdur, əvvəlcə keçmişin bu dağıntıları təmizlənməlidir ki, yerində yeni quruculuğa start verilsin! Verilir də…

Mediamız da eyni vəziyyətdir: son 20-25 ildə olanımızı dağıtmışdılar. Mətbuatımızda “partlamamış minalar”da az deyil… Azərbaycan Prezidentinin yeni media siyasətini həyata keçirən aidiyyəti şəxslərin, eləcə də Media Agentliyinin rəhbərliyi, başda Əhməd İsmayılovun səyi ilə keçmişin bəlli dağıntıları aradan qaldırılır. Və parallel olaraq həmin o “partlamamış minalar” təmizlənir, yeni qanunvericilik şərtləri müəyyənləşdirilir. Bir sözlə, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında  Qarabağ Zəfəri ilə bölgədə yeni reallıqları yazdığı kimi, Medianın İnkişafı Agentliyi də mediamızda yeni reallıqları yaratmaqdadır…

***

 

(Bu günkü görüşün fotosu)

 Jurnalistikamızın və jurnalistlərimizin “Dərs kitabı”-yeni davranışlar…

 İki gün əvvəl Medianın İnkişafı Agentliyindən “Təzadlar”a daxil olan bir elektron məktubu mediamızın gələcəyinə hesablanmış islahatların “Dərs kitabı” kimi də qəbul etmək olar… Agentliyin icraçı direktoru Əhməd İsmayılovun adından yazılan məktubda deyilir:

“AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİ 
Azərbaycan Respublikasının media subyektlərinin rəhbərlərinə! 
Dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış (rəftar) qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır. Məsələn, VVS internet səhifəsinə xüsusi bölmə olaraq yerləşdirdiyi “Siyasət və təlimat” (“Policies and guidelines”) bölməsində (https://www.bbc.com/aboutthebbc/reports/policies) bu barədə ətraflı məlumat verir. 

Dünyadakı müsbət təcrübələri və yerli xüsusiyyətləri nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin öz redaksiya siyasətini müəyyənləşdirməsi, oxşar kodekslərə malik olması medianın inkişafı, peşəkarlığının artırılması baxımından faydalıdır. 

Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlamışdır. 

 Bu nümunə əsasında (zərurət olarsa, müvafiq əlavə və düzəlişlərin aparılması sərbəstdir) rəhbəri olduğunuz media subyektinin “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı tərtib etməyiniz, kollektivi bu sənədlə tanış etməyiniz və rəhbəri olduğunuz media subyektinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradaraq ora yerləşdirməyiniz tövsiyə olunur. 

Hörmətlə, 

Əhməd İsmayılov,

 İcraçı direktor”    

 ***

Beləliklə, aşağıda tövsiyyə xarakterli “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı  təqdim edirik.

Onu da qeyd edək ki, dünən “Təzadlar” qəzetinin redaksiyasında bu barədə geniş müzakirə aparıldı və əməkdaşlarımız qeyd olunan tövsiyyə xarakterli qaydalarla tanış edildi, hər biri bu barədə fikir və təkliflərini qeyd etdilər. Eləcə də redaksiyanın dünənki müzakirələrində iştirak edə bilməyən yazarlarımız-Türkiyədən dəyərli Salih Kurt və Yasimin xanım Kurt ilə, həmçinin Azərbaycanın tanınmış hüquqşünası, qəzetin məsləhətçisi Adil Minbaşı ilə, politoloq Azad Məsiyevlə, jurnalistlər-Nizami Süleymanoğlu, Şakir Qurbanov, Ədalət Teymurovla, Polşalı yazar Nərgiz Məmmədzadə ilə onlayn qaydada telefon əlaqəsi saxlanıldı. Onlar Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün hazırlanmış tövsiyyə xarakterli bu qaydaları ilə qısa tanış edildi. Və saytda yeni yaradılmış MEDİA bölümündə ətraflı tanış ola biləcəklər.

Beləliklə:

“Redaksiya siyasəti və peşə etikası qaydaları”

 -Həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəmək jurnalistikanın fundamental prinsipidir. Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır. 

Ümumi prinsiplər 

Media subyekti fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur: 

- redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalmalıdır; - məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim edilməməlidir; 

- faktların və hadisələrin təqdimatında birtərəflilik olmamalıdır; 

- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 

- dövlət dilinin normalarına riayət edilməlidir; 

- jurnalist materiallarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir; - redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz; - vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır; 

- redaksiya milli və ictimai maraqların qorunmasında maraqlı olmalı, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verməməlidir; 

- dövlət rəmzlərinə hörmətlə yanaşılmalıdır; 

- terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidir; 

- sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmamalıdır; - məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilməməlidir; 

- materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır; 

- jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir; 

- faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir; 

- zorakılıq, cinayət və s. bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir; 

- əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır; 

- uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər əsas götürülməlidir; 

- uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılmalıdır; 

- mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı təfərrüatlar nümayiş etdirilməməlidir;

- zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyətləri indikatorları tətbiq edilməlidir; 

- parapsixologiya, mövhumatçılıq və xürafatın təbliğinə yol verilməməlidir; - intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, mövzuya xüsusi həssas yanaşılmalıdır; 

- jurnalist cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalıdır. 

Xəbər və şərh 

- xəbər və şərh fərqləndirilməli, mənbəyi aydın təqdim olunmalıdır; 

- jurnalist öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmamalıdır; 

- redaksiya kənar müəllif materialı təqdim edərkən materialın sonunda “müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər” formasında qeyd verməlidir; - jurnalist sitat gətirdiyi fikri təhrif etməməlidir; 

- reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilməli və bunun reklam olduğu xüsusi qeyd edilməlidir; 

- redaksiya tapşırığı qanunlara və peşə etikasına zidd olduqda, jurnalist həmin tapşırığın icrasından imtina edə bilər; 

- redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın müəllifliyindən imtina edə bilər. 

Xəbər mənbələri ilə iş 

- şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir; 

- mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır; 

- redaktorlar müxbirlərlə yanaşı, gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumata sahib olmalıdırlar. Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai maraq kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər; 

- faktoloji məlumatlar ən azı iki fərqli və bir-birindən asılı olmayan mənbələrdən dəqiqləşdirilməlidir; 

- gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər; 

- mənbələrə qarşı ədalətli davranılmalı, açıqlamalar kontekstdən çıxarılmamalıdır. Təkzib və düzəliş 

Audiovizual və rəqəmsal platformalarda, çap mediasında redaksiyanın məhsulu kimi  yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir. İstifadəçi səhvin necə və niyə düzəldildiyini başa düşə bilməlidir; 

Səhv düzəldildikdən sonra izah məqsədilə “düzəliş” və ya “redaksiya qeydi” kimi ifadələrdən istifadə olunmalıdır; 

Düzəliş - Bir məqalə, foto, məlumat, sərlövhə, qrafik element, video və ya digər materiallar əsaslı şəkildə düzəldilirsə, dəyişiklik izah edilməlidir;

Redaksiya qeydi - İctimai rəydə materialın peşəkarlıq standartlarına cavab vermədiyi iddiaları ortaya çıxarsa, “redaksiya qeydi” altında izahat verilməli, məsələyə aydınlıq gətirilməlidir; 

Redaksiya dərc etdiyi və ya yayımladığı materialları silməməli, nəzərdən qaçırılmış və ya yenilənmiş məlumatlar olduğu halda, müvafiq əlavələr edərək onu dolğunlaşdırmalıdır; Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunmalıdır. 

Müəllif hüquqları 

- plagiata və müəllif hüquqlarının pozulmasına yol verilməməlidir; 

- digər media subyektinin materialından istifadə edərkən istinad edilməsi vacibdir; - jurnalist materialında özünün gördükləri ilə digər mənbələrdən əldə etdiyi məlumatları aydın fərqləndirməlidir; 

- jurnalist redaksiya üçün hazırladığı materialı işlədiyi kütləvi informasiya vasitəsinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz; 

- Mübahisəli hallarda “Müəllif hüquqları” haqqında, həmçinin “Media haqqında” qanunun müəllif hüquqlarının qorunması ilə bağlı maddələrinə istinad olunmalıdır. 

Sosial mediada jurnalistin davranışı 

- jurnalist sosial mediadan istifadə zamanı peşəkar davranış nümayiş etdirməli, təmsil etdiyi media subyektinin nüfuzuna və mövqeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir; 

- sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar media qurumunda yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır; 

- sosial şəbəkələrdən götürülmüş informasiyanın ictimai əhəmiyyətinə və müəllifin statusuna diqqət yetirilməli, habelə məlumat əlavə mənbələrdən dəqiqləşdirilməlidir; - jurnalist yayımlanmamış materialını təmsil etdiyi redaksiyanın icazəsi olmadan sosial şəbəkələrdə müzakirə predmetinə çevirməməlidir. 

Peşə etikası 

Ciddi jurnalistika media etikasından kənarda mövcud deyildir. Peşə etikasının normaları özündə bunları ehtiva edir: 

- jurnalist heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul etməməlidir; - ictimaiyyətə açıq olmayan tədbirlərə dəvətlər qəbul edilməməlidir; 

- başqasının əvəzinə material hazırlamamalıdır; 

- redaksiyanın sirri kimi qorunan məlumatların verilməsi qadağandır; 

- jurnalist üzərinə peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş heç bir öhdəlik götürməməlidir; 

- redaksiyada yaradıcı kollektiv arasında, eləcə də rəhbər heyətlə işçilər arasında münasibətlər sağlam, hüquq müstəvisində və şəffaf formalaşmalıdır; 

- jurnalist peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır; 

- redaksiyada çalışan əməkdaşlar redaksiyadan kənar davranışlarında və fəaliyyətlərində təmsil etdikləri media quruluşunun nüfuzunu qorumalıdır.

Təqdim etdi: A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN