booked.netbooked.net booked.net  

 

...20 il öncə Ukraynada iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə əlindəki sənədlərlə dolu qovluqla birgə, konvoyun müşaiyəti ilə zala daxil olan general-leytenant dəmir barmaqlıqlar arxasında deyil, bir qədər kənarda qoyulmuş stulda əyləşdirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra hakim generala  hüquqlarını izah edib. R.Əkbərovun müdafiəçiləri bir neçə vəsatətlə çıxış ediblər. Vəkil Taleh İbrahimov iş materiallarında ciddi hüquq pozuntularına yol verildiyini, bu səbəbdən də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Müdafiəçilərin digər vəsatətləri cinayət işinə xitam verilməsi, general-leytenantın barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi, məhkəmə prosesinin audio yazı ilə aparılması ilə bağlı olub (Virtualaz.org). 

“Rövşən Əkbərov ittihamlarla razı deyil. Özünü təqsirli bilmir. Hadisə yerində olmayıb, müdafiə hüququ pozulub”-vəkil vəsatətində bildirib.  

Dövlət ittihamçısı Eldar Həmzəyev isə vəsatətin əsassız olduğunu, rədd edilməsini istəyib: “İttihamlar tam təsdiqini tapıb, müdafiə hüququ pozulmayıb. Hətta susmaq hüququndan da istifadə edib”.

Daha sonra R.Əkbərovun müdafiəçiləri cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri (o vaxt Ukraynada səfir idi) Nazim İbrahimovun, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxəliyevin ifadələrinin sübutlar sıyahısından çıxarılması ilə bağlı vəsatətlər veriblər. R.Əkbərovun müdafiəçisi T.İbrahimov qeyd edib ki, hadisə baş verən gün M.Şıxəliyev ifadəsində Elçinin kim tərəfindən vurulduğunu görmədiyini deyib. Sonrakı ifadəsində isə Rövşən Əkbərov tərəfindən vurulduğunu bildirib”.

 

Vəkil şahidlərin 20 ildə bir dəfə də olsun Rövşən Əkbərovun adını çəkmədiklərini, sonradan hadisənin onun tərəfindən törədildiyini ifadələrində göstərdiklərini deyib. Dövlət ittihamçısı cinayət işindəki ifadələrin məhkəmə baxışında tədqiq ediləcəyini müdafiəçilərin diqqətinə çatdırıb.  

Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərovun uzun müddət məsuliyyətdən yayınmağa müvəffəq olduğunu deyib. E.Sadıqov general-leytenanta qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb. Bundan sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatələrin təmin edilmədiyini, mülki iddianın icraata götürüldüyünü elan edib. Məhkəmə baxışı iyulun 30-a təyin edilib. İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.

Ordu korpusunun komandanı olmuş  56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenantdır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN