“İnsan, ömrü boyunca hep bir şeyleri kovalar durur... Oysa bir gün, neyi neden kovaladığını bile unutacak”,- deyə dərin düşüncəyə sahib olan müsahibim, qəlbinin zənginliyi gözlərinə yansımış soydaşımız olan
Türkiyə vətəndaşı, uzun illər Ədəbiyyat və tədris sektorunda xidmətləri olmuş, 7 kitab və bir neçə dərgi təsisatçılığı olan, şair-publisist, Kadriye xanım Kırdökdür .
-İlk şeiriniz nə zaman, hansı yaşda yarandı, -deyə ona ənənəvi sual verdim.
-İlk məqaləm, orta məktəbdə 15 yaşımdaykən - “İş bankası liselerarası yarışma” da mükafata layiq görülmüşdü. Zatən ədəbiyyat müəllimim mənə hər zaman- “Sən gözəl yazırsan,yaz!”,- deyirdi...
Bundan əlavə, illər sonra anam mənə kiçik bir dəftərçə göstərdi. İçərisində, hələ çox kiçikkən yazdığım şeirlər vardı. Qısacası, nə vaxt şeir yazmağa başladığımı xatırlamıram, lakin ilk hekayəm – “Mavi çiçek Nazilli Basmasi” , sonra “Eksik dilek” və iki ayrı hekayə yarışmasında birinci oldu. Və “Yeniden başlamak” adlı hekayəm ard-arda “Yeni ufuk” hekayəm “Eğitim bir sen” adlı pedaqoqlararası hekayə yarışmasında birincilik qazandı və bu üç qazanılan birinciliklər, qısa zamanda mənim Kahraman Maraşın ədəbiyyat camiəsində tanınmağıma səbəb oldu. Beləliklə, yazıçı olaraq bir çox qəzet və jurnallarda işıqlandırıldım. O zamanlar həm orta məktəbdə müəllim kimi fəaliyyət göstərir, həm evdarlığımı, eyni zamanda üç övladıma analıq vəzifəmi icra edirdim. Həyat yoldaşım, mənə yazarlıq fəaliyyətimin dayanmaması yolunda həmişə yardım edərdi. Axşamlar, yazılarımı davam etməyim üçün şərait yaradır, uşaqlarla digər otaqda oynayır, mən də iş otağıma çəkilib, yarımçıq qalmış əsərlərimi yazmağa davam edirdim.
Lakin və əfsus ki, həyatın acı sürprizi bir sabah qapımızı döydü...
Həyat yoldaşım qəfil rəhmətə getdi və o illər həyat mənim üçün durdu, dayandı...Bir neçə il, hər kəsdən, hamıdan uzaq qaldım...
Sağ olsunlar, sözə dəyər verən insanlar, dostlar, ədəbi camiənin nümayəndələri mənim bu ağır depressiyadan çıxmağım yolunda səylər göstərdilər.
İlk əvvəllər, insanlar üçün oxu saatları təşkil etdim... Xüsusən də, hədəfim gənclik idi... Universitet tələbələri üçün “Kitab kafe” yaratdıq. Çayla simit bizdən,oxuyub idrak etmək onlardan... Bu övladların eyni zamanda maddi və mənəvi ehtiyaclarına, ələlxüsus mənəvi ehtiyaclarına yararlı olmağa çalışdıq.Valideynlərindən uzaqda, oxumaq üçün şəhərimizə üz tutan tələbə balalara dost,yoldaş, müəllim, ana olmağa çalışırdım.
Bu minvalla, hiss edirdim ki, özüm də sağalıram, yaralarım qaysaqlayır.
Tələbələrin hər biri mənim üçün əziz, doğma idi. Onların içində, Can Azərbaycandan olan bir tələbə-Elxan Qurbanlı, mənim mənəvi oğlum oldu...
Ona təhsil yolunda, mən də analıq etdim.
Elxan Bakılı idi, anası Rusiyada aşbaz işləyirdi.Çox şükür, Elxan indi Bakıda, Xəzər Universitetində dərs deyir , eyni zamanda Ziraat bankında çalışır. İlk dəfə Azərbaycana səfər etdiyimdə, Elxan oğlum mənə bələdçilik etdi .
Bu duyğu həm də, əkdiyin ağacın meyvəsini dərib yemək qədər ləzzətlidir. Sizə bir həqiqəti deyim ki, dünyanın 20- dən çox ölkəsini gəzmişəm, amma Azərbaycana səyahət etdikdən, oranın insanları ilə tanış olduqdan sonra öz-özümə dedim ki-“Kaş, ilk gəzdiyim ölkə məhz Azərbaycan olaydı”. Azərbaycana aşiq oldum.Bu qədər ruhu bir -birinə yaxın, qəlbən bağlılıq daha heç bir ölkənin insanında duymadım. Şəkinin küçələrində gəzərkən çox kövrəldim, ağladım.Yaşlı nənələrin mənə sarılıb- “Türkiyədənmi gəldin?”,- deyə sual verdiklərində çox mutlu olmuşdum.
Azərbaycanı sevirəm! Özü də çox sevirəm.
Qardaş ölkəmizdən, tanıdığım pedaqoq, yazar Lütfiyyə xanım Əsgərzadənin təsis etdiyi “Türkay “ dərgisində mütəmadi olaraq yazılarım çap olunur ... Bu dostluqdan çox məmnunam.
Hal-hazırda, Kahraman Maraşda qadınlardan ibarət, qadınların özlərini ifadə etməsi üçün dərnək yaratmışam. Bilirsiniz ki, Şərq qadını hər zaman arzularını,xəyallarda yaşayıb...
Qəlbindəkiləri nəzmə, nəsrə çevirə bilən varsa da, onu səsli oxumaqdan çəkinib,gizləyib. Bu məqsədlə, Maraşda qadın şair və yazarlardan ibarət bir birliyin yaranmasını istədim. Bu yaxınlarda, Nəcib Fazil Kısakürək adına mədəniyyət mərkəzində “Şeir və musiqi” adlı ilk gecəmizi də təqdim etdik. Sayısızca qonaqlarımız vardı, Millət vəkilləri təşrif buyurmuşdular. Bu bizim üçün böyük uğurdur. Davamını da diləyirəm və ümid edirəm ki, Azərbaycanla da bu ruhi bağı, poeziya dünyamızda daha da möhkəmləndirə biləcəyik. Bu yolda əl-ələ verib, arzulara doğru addımlayacağımıza inanıram... Bu həm də Azərbaycanla-Türkiyə arasında uzun illərdir ki, qoyulan körpünü daha da möhkəmlədər.
Təbii ki, yaşadıqlarımız içərisində ağla bərabər, qara tonlar da var...
Hüznlə bildirirəm ki, onlarla dərnək üzvümüzü , 2023- cü ilin o soyuq, qarlı fevral yaşanan zəlzələdə, həmin o dəhşətli, müdhiş gecədə itirdik...
Dərnəyimizin binası da xeyli zədələndi. Şəhərimizlə bərabər dərnək binamızın da təmir işlərinə start verilib.
Oğuz Alp Paközün “Alkış” dergisi vardı, o derginin ilk yazarlarındanam. OğuzAlp Paköz haqqa qovuşsa belə, onun iki qızı ilə indi də dərginin işıqlanmasında əmək sərf edirik. Bu, mənim mənəvi borcumdur.
Çünki bizə verilən əmanətə sayqımız var.
Qeyd: Onu da vurğulayım ki, Kadriye Kırdökün “Çorak Tarla” hekayəsi ədəbiyyatçı Ahmet Yüzeroğlu tərəfindən teatr səhnəsində canlandırılıb və çox maraqlı bir tamaşa alınıb . Bundan başqa hekayələri, “Kahraman Maraş”, “Medallı şəhər”, “Məmləkət”, “Bilim ve aklın aydınlığında” , “İstiklal”, “Yeni ufuk”, “Edik dergisi”, “Manşet” kimi məşhur olan mətbu orqanlarında yayınlanmaqdadır.Əlbəttə, çox istərdim ki, Kadriyə Kırdökün hekayələri Azərbaycan mətbuatında da çap olunsun. İnanıram ki, Azərbaycan oxucularının da xoşuna gələcək.
Ona yaradıcılıq yolunda, atdığı humanist addımlarda daha böyük uğurlar diləyirəm!
FATİMƏ ƏLİHÜSEN YILDIZ
(Türkiyə təmsilçimiz)