“Azərbaycan Rusiyaya nota verib. İran diplomatları isə Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edirlər”.

 Bunu millət vəkili Vüqar Bayramov türk dövlətlərinin iqtisadi gücündən, bununla yanaşı, son vaxtlar qonşularımızın “fəliyyətlərinin” artmasından danışarkən bildirib.

 Millət vəkili yaxın günlərdə baş verənlərin bütövlükdə türk dünyasının daha da güclənməsi ilə bağlılığına diqqət çəkib:

“Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir. Amma məsələ eyni zamanda, bütövlükdə Türk dünyasının güclənməsi ilə bağlıdır. Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmırlar.

Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilincə, ənənəvi Türk düşmənləri daha aktivləşirlər”.

Vüqar Bayramov ümumilikdə türk dövlətlərinin ÜDM həcminə görə (əgər birgə olsaydılar) dünyada öndə gedən ölkələrdən biri ola biləcəyini də vurğulayıb. “Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar, o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər”, - deyə bildirib.

O, həmçinin əlavə edib ki, strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz.

“Bu güc bəzilərini narahat etməkdədir. Amma Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”, - deyə diqqətə çatdırıb.

Xatırladaq ki,  İran oktyabrın 21-də Qafanda  Baş konsulluğunun açılışını edib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında vurğulayıb ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Daha sonra o, İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan Baş konsulluğunun açılışı üçün hazır olduğunu da diqqətə çatdırıb.

Ötən gün isə 20-21 oktyabr tarixlərində Rusiyanın Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar, Azərbaycan Səfirliyi tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilib.

Son günlər, doğrudan da yaxınlığımızda “Böyük oyun”lar oynanılır, amma bu oyunları pozmaq yəqin ki, mümkün olacaq...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN