“TÜRKİYƏ İQTİSADİ ARTIMA GÖRƏ TRİLYON DOLLARLIQ  ÖLKƏLƏR SIRASINA KEÇƏ BİLƏR.”

Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib secimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov  qardaş Türkiyədə keçiriləcək Prezident seçkisindən danışarkən bildirib.

Millət vəkili vurğulayıb ki, Türkiyə vətəndaşları doğru seçim edərək, ölkələrinin inkişafını dəstəkləyəcəklər.

“Təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarındadır. İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki
beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir”, -deyə bildirib.

İqtisadçı diqqətə çatdırıb ki, inflyasiyaya və digər çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı son 20 illikdə dəfələrlə böyüyüb.

“Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən, Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.
Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur.
Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir.
İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək”, - deyə millət vəkili vurğulayıb.

 Xatırladaq ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra seçkinin təxirə salınacağını düşünənlər vardı. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, seçkinin tarixi dəyişməyəcək. 

Türkiyədə Prezident seçkisinin mayın 14-də keçirilməsi gözlənilir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN