Rayon rəhbərliyinin diqqəti hər zaman Vətən uğrunda şəhid və qazi olmuş qəhrəmanlarımızın ailələrinin qayğılarına köklənib…

…Bərdə Qarabağın giriş qapısı və Qarabağ müharibəsinin ağırlıq mərkəzindən biri kimidir… Rayonun özünun ərazisi kimi, əhalisinin də ürək tutumu böyük, sərhədi genişdir! Zəhmət və qayğıkeş insanları olan Bərdə 1-ci Qarabağ müharibəsində də Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuş məcburi köçkünlərin ilk pənah gətirdiyi yer oldu. Həmin vaxtlarda rəsmi qəzetdə çalışdığımdan (“Azərbaycan” qəzeti) Bərdənin dövlət səviyyəli qarşılanma tapşırığı öz yerində, amma yerli əhalinin, rayon rəhbərliyinin doğma yurdunu tərk etmiş insanlara necə qayğıkeşliklə qucaq açdığının şahidiyəm. O vaxt İslam ölkələrinin bir çoxunun Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Bərdə ərazisində bir neçə yerdə müvəqqəti çadır şəhərcikləri salınmışdı. Dəqiqliklə yadımdadır, soyuq havalarda çadırda yaşlı insanların, körpə uşaqların və qadınların necə həyat əziyyətlərinə qatlaşmasının şahidi olmaq belə mənən əzablı idi… Amma Bərdədən olan neçə ailə bu dözülməz həyatın ağrılarını öz ağrısı kimi qəbul edərək çoxsaylı ailələri bu çadırlardan öz evlərinə aparmış, öz yurdlarına dönənədək daimi qalmasına şərait yaratmışdılar… Təsəvvür edirsinizmi, bu qayıdış 30 il çəkməli oldu, amma Bərdə insanları mərhəmət və qayğıkeşliyi ilə tarixdə əbədi qaldı!

 Qalib ölkənin qəlbi geniş Bərdəsi…

 …Allaha min şükür ki, Bərdə insanları bu böyük ürək sahibliyi ilə  ölkəmizin bütün ictimai-siyasi, hərbi siyasətinin daşıyıcısı kimi tərifə və təqdirə layiqdir. Bildiyiniz kimi, 2-ci Qarabağ müharibəsində düşmənin atdığı qadağan olunmuş raketlər çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb oldu. Bu barədə rəsmi informasiya və foto-video materialı Beynəlxalq Human Rights Watch Təşkilatına göndərdim, iki gün sonra adətən Azərbaycana qarşı qərəzli olan bu təşkilat Bərdədəki erməni terroruna dair hesabat yaydı (linki saytda yerləşdirilib).

Həmin günlərdə Bərdəyə və bölgəyə (Ağdam, Tərtər, Ağcabədi) ezam edilmişdim… Bu qədər itkiyə və təhlükəyə baxmayaraq (düşmən hara gəldi pərakəndə şəkildə raket mərmilərini atırdı) Bərdədən bir nəfər də olsun kənara köçmədi. Əksinə, rayonun hərbi komissarlığının qarşısındakı insan seli döyüşə getmək üçün silah və əmr gözləyənlərin qətiyyəti və qorxmazlıq heykəli idi!

***

 …Və bu günlərdə yenidən Bərdədə oldum. Bu dəfəki səfərim Bərdədə Respublika Anım Gününün qeyd edilməsinə təsadüf edirdi… Rayonun “Şəhidlər” Xiyabanında  27 sentyabr-Anım Gününə həsr olunmuş geniş tədbir keçirilirdi. Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzüldü, xatirəsi yad olundu, ruhlarına dualar oxundu.

 Şəhid və qazilərin problemləri rayon rəhbərliyi səviyyəsində ən yüksək diqqətdə...

 Anım mərasimində  Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etdi. O, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti kimi sentyabrın 27-nin Azərbaycanda Anım Günü elan olunduğunu diqqətə çatdırdı: “...Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur...  44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar dünyaya bəllidir. Ötən ilin məhz bu günu Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı. Bu gün işğalçı Ermənistan Ordusuna cavab olaraq başladılan Vətən müharibəsindən bir il keçir. Vətən müharibəsi başlanan ilk gündən bütün Azərbaycan oğulları silaha sarılıb Vətənin müdafiəsinə qalxdı, 30 il Ermənistanın işğalı altında inləyən torpaqlarımızı mənfur düşməndən azad etmək üçün   ölkə Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin ətrafında vahid komandanlıq altında bir yumruq kimi birləşərək düşmənə ağır zərbələr endirdi. Onlar düşmənin üstünə  yürüdülər. Ölümdən qorxmadılar.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin illərlə ölkəmizi möhkəmləndirən, Ordumuzu qüdrətləndirən uğurlu daxili və xarici siyasəti  müharibədə elə ilk gündən özünü göstərdi. Cənab Ali Baş Komandanın güclü “Dəmir yumruq” müharibə planı və əməliyyatı, qəhrəman oğullarımızın şücaətlikləri bütün dünyaya möcüzə Qələbəni göstərdi. 44 gündə düşmənin ordusu darmadağın edildi. Məhz buna görə də düşmən kapitulyasiya aktını imzalamağa  məcbur oldu.  Vahid Komandanlıq ətrafında birləşən bütün xalqın gücü, qüdrəti,  rəşadətli Ordumuzun qəhrəmanlığı,  igidlərimizin qanı və canı hesabına Qələbə qazanıldı. Şəhidlərimiz qanları ilə, qazilərimiz canları ilə Qələbə qazanaraq tarix yazdılar. Bu qələbə bütün dünyaya  Azərbaycan xalqının döyüş əzmini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qəhrəmanlığını göstərdi”.

 

 Bərdə 44 günlük Zəfər müharibəsində 57 şəhid verdi...

 Xatırladım ki, silaha sarılıb Vətənin müdafiəsinə qalxan 1200 –dən çox Bərdəli gənclərdən 57-si döyüş meydanında qəhrəmancasına şəhid olub, düşmənin rayon mərkəzinə atdığı raket zərbələri nəticəsində isə  28  dinc sakin həyatını itirib. Qürur hissi ilə demək olar ki, Bərdə rayonundan olan bütün şəhid-qəhrəmanlar Vətən müharibəsində göstərdikləri şücaətə görə Prezidentin sərəncamları ilə igidlik rəmzi olan medallara layiq görülüb. Vətən müharibəsinin Bərdədən olan şəhidləri: onlar ölümündən sonra 63 medala, 3 nəfər-Xudayar Yusifzadə “Azərbaycan Bayrağı” ordeninə, Asəf Əsgərov “Qarabağ” ordeninə, polkovnik –leytenant  Əlzamin Təhməzov “Rəşadət” ordeninə layiq görülüblər. Bir qazi –kəşfiyyatçı Dursun Manaflı  isə “Qarabağ” ordeninə layiq görülüb.

 Anım günü mərasimində eləcə də şəhidlərin ailə üzvləri iştirak edirdilər. Tədbirdə çıxış edən Vətən müharibəsində Bərdənin ilk şəhidi Turqut Zeynalovun anası Zibeydə Zeynalova, şəhid Polkovnik-leytenant, “Rəşadət” ordenli Əlizamin Təhməzovun həyat  yoldaşı Günay Əlizamin, şəhid Asif Abışovun  anası İsbət Hətəmova, “Qarabağ” ordenli Vətən müharibəsi əlili - qazi Dursun Manaflı çıxış etdilər, şəhidlərimizə görə “Vətən sağ olsun!” dedilər....

 “Bərdənin Vətən müharibəsi şəhidləri heç vaxt unudulmayacaq!”

 Bu sözlər isə elə həmin gün çavuş Zeynalov Turqut Fikrət oğlu, əsgər Məhərrəmov Əli Kamil oğlu və çavuş Əlizadə Nofəl Qənbər oğlunun anım günlərində səsləndirildi. Şəhidlərin anım mərasimidə Bərdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, SHXÇDX  və QMƏVŞAİB rayon şöbələrinin nümayəndələri bu şəhid ailələrini ziyarət etdilər. Bərdə RİH-dən öyrəndim ki, çavuş Zeynalov Turqut Fikrət oğlu 2020-ci ilin sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan azad edilməsində iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. O, Prezidentin  Sərəncamı  ilə ölümündən sonra “Vətən uğrunda”  və “Laçının azad olunmasına görə” medalları   ilə təltif edilmişdir. Əsgər Məhərrəmov Əli Kamil oğlu isə Vətən müharibəsində Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib və elə orada  şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamı  ilə ölümündən sonra “Vətən uğrunda”  və “Fizulinin azad olunmasına görə” medalları   ilə təltif edilib.

 Çavuş Əlizadə Nofəl Qənbər oğlu da Vətən müharibəsində Suqovuşanın azad edilməsində döyüşmüş, elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Prezidentin Sərəncamı  ilə ölümündən sonra “Vətən uğrunda”  və “ Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif edilib.

***
 Bu faktı isə qeyd etməyə bilmərəm: bütün bu mərasimlərdə bir hadisəyə şahidlik etdim ki, heç bir şəhid ailəsi, hətta şəhidin anası, övladları, həyat yoldaşı... bu ölümə təbii olaraq təəssüflənsələr də, bunu ailənin faciəsi kimi deyil, qəhrəmanlıq, ucalıq kimi qiymətləndirir, bundan qürur duyduqlarını deyirdilər. Hətta Anım günündə şəhidlərdən birinin anası görün nə dedi: “...Oğlum şəhid olub! Şəhid anaları, eşidin: Vətən bizim anamızdır... Biz də oğullarımızın anası! Düşmən bizə hücum edib, bizi öldürmək, məhv etmək istəyir, oğlumuz nə etməli idi? Təbii, bizim yolumuzda canını fəda etməliydi. Ediblər də... Başınızı dik tutun, sizə belə yaraşır! Vətən də hamımızın anasıdır, deməli, hamımız da canımızı fəda etməliydik, oğullarımız da bunu etdi, qəhrəman oldular... Biz də qəhrəmanlar anası olduq! Fəxr edirik ki, onlar namusumuzu-bizi, Vətəni... qorudu, düşmənin başını əzdi!”

Belə analara eşq olsun!

 

Diqqətə çatdırım ki, Bərdədə şəhid ailələri və qazilərə diqqət, onların problemlərinə qayğı ilə yanaşma hər yerdə olduğu kimi, ən yüksək səviyyədədir. Məsələn, öyrəndim ki, şəhid ailələrinə daha həssas yanaşılır. Onlarla İcra Hakimiyyətində və yerlərdə keçirilən qəbul və görüşlərdən başqa, həm də ayrı-ayrılıqda şəhid ailələrinə baş çəkilir, onların problemləri və qayğıları yerində öyrənilir və qaldırılan məsələlərin həlli istiqamətində konkret işlər görülür. Vətən müharibəsində şəhid olan hərbi və mülki şəxslərin ildönümü ərəfəsində də belə bir tədbir rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, bu sahəyə məsul olan şöbə müdiri, Qarabağ Müharibəsi əlilləri və Şəhid Ailələri Cəmiyyətinin işçiləri, bələdiyyə və icra nümayəndələrinin iştirakı ilə oldu. Diqqəti çəkən budur ki, məhz həmin gün Bərdədəki 72 şəhid ailəsindən 31-də  birbaşa evlərində görüş keçirildi. Görüş zamanı onların qaldırdığı məsələlərlə bağlı aidiyyəti strukturlara yerindəcə konkret tapşırıqlar verildi. Həmçinin hər bir şəhid ailəsinə rayon İcra Hakimiyyətinin xətti ilə 500 manat maddi yardım göstərildi...

Alman və erməni faşizminin fərqi...

...Gənc nəslin diqqətinə bir məsələni çatdırım ki, SSRİ zamanında  Alman faşizminə qarşı 1941-45 müharibəsində ön və arxa cəbhə var idi. Arxa cəbhənin döyüşən əsgər və zabitlərə sovqat evlərdən yığılıb göndərilərdi. Əl ilə toxunmuş corabdan, şarfdan, əlcəkdən tutmuş, adicə əl dəstmalına kimi. Niyə məhz evdən? Döyüşçülər görsün ki, onların qarşısında düşmən, arxasında isə sovqat göndərən ailələri var! Və bu ruh onlara müharibəni qələbə ilə udmaqda böyük psixoloji dəstək idi.

 Bəli, indi alman faşizmi yoxdur, amma erməni faşizmi var. 44 günlük Qarabağ müharibəsində də əsgər və zabitlərimiz öndə arxada xalqımızın-ailələrinin, ana-bacılarının, övladlarının... nəfəsini-dəstəyini  hər an hiss edirdilər.

 Vətən qəhrəman övladlarının qanı və şəhidliyi, arxa cəbhədəki əhalimizin isə qüruru və hər an döyüşə girməyə hazır ruhu ilə Vətən oldu! Özü də qalib ölkənin, düşməni kapitulyasiyaya məcbur edən, diz çökdürən Vətən oldu! Və Bərdə də Vətənin bir parçası kimi bu qalibiyyətdə öz töhfəsini verən rayonlarımızdan oldu...

Asif Mərzili

(Bakı-Bərdə-Bakı)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.5).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN