Ankarada həftələrdir davam edən sel-suların, şiddətli yağışların ara verdiyi bu şənbə günü fürsətdən istifadə edib böyük Azərbaycanlı Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmək imkanından məmnunluq duydum.

Çoxdan arzu etsəm də ziyarəti gerçəkləşdirmək qisməti bu günə imiş.

Yox yerdən qüdrətli Türkiyə Cümhuriyyətini yaratmış Qazi Mustafa Kamal Paşa Atatürkün vaxtilə şəxsən seçib saldığı, inkişaf etdirdiyi gözəl təbiətli paytaxt ərazisində böyük bir qəsəbə boyda olan məşhur “Cebeci Asra” məzarlığında axtardığım müqəddəs məkanı tapmaq çətin olmadı.

Soraqlaşa-soraqlaşa  getdikcə yaxınlaşıb neçə nəfərdən “Məhəmməd Əmin Rəsulzadənin məzarı hansı səmtdədir” soruşurdumsa, dərhal “Azərbaycanın ilk Cümhur Başkanımı?” - deyib, ora necə getməyi izah edirdilər. Qapıçıdan tutmuş suçuya qədər hamı bu nəhəng məzarlıqda uyuyan böyük Azərbaycan oğlunu tanıyır və rəhmət diləyirdi. Yeri nişan verərkən isə “Uzaqdan dərhal görəcəksiniz, - deyirdilər. - Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş bir ucalıqda.”

Bələdiyyənin xidmətində olan səliqə-sahmanlı “Cebeci Asra” məzarlığında maşınlar və piyadalar üçün enli  ara yollar salınıb. Saysız-hesabsız məzarlar demək olar ki standart formada qurulub, sıra ilə uzandıqca-uzanır. Şəhər küçələri sayaq burada da yollar nömrələnib. Bütün giriş qapılarındakı postlarda məzarlığın xəritəsi asılıb. Və məzar lövhələrində yazılan ad-soyadlara diqqət etdikcə, əksərən bizimkilərə oxşadığının fərqində olursan. Sadəcə bunlarda “ov-yev” şəkilçisi yoxdur…

Bir yol ağzında suçu Qadir məni müşaiyət edəcəyini deyib qabağa düşdü. Gedə-gedə əli ilə bayraqları göstərib:  “Odur, oradır! – dedi. – Çox adam gəlir bura… Baxın, Sizdən öncə də kimsə gəlibmiş, tər çiçəklər qoyub…”  

Nəhayət, üzərində Türkiyənin və Azərbaycanın bayraqları dalğalanan məkana yaxınlaşdıq. Qadir məzarı göstərib özü bir kənara çəkildi. Ona təşəkkür edib, işinin üstünə qayıtmasını, mən bir qədər burada dayanmaq istədiyimi dedim. Səmimi sağollaşdıq.

Həyəcanla məzara yaxınlaşdım. Sanki tarixin içindən keçib zamanla geriyə gedirdim. 100 il əvvələ qayıdırdım. Axı, bu səfalı guşədə, ağacların sərinliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və ilk rəhbəri, böyük mütəfəkkir Məhəmməd Əmin Rəsulzadə uyuyurdu! Sinə daşında da türkcə məhz bu sözlər yazılıb:  “Mehmet Emin Resulzade. 28 Mayis  1918-de kurulan milli Azerbaycan Cümhuriyetinin kurucusu ve ilk Devlet Başkanı.”

 

Məzarın önündə dayanaraq “Ruhun şad olsun, böyük insan!” – deyib susdum.  Tarix boyu – dünən də, bu gün də daim qoşa dalğalanan bayraqlarımıza qürurla  baxdım. Məzarın üstündə qurulmuş dörd tağlı konstruksiyadakı yazılanları tək-tək  oxudum: “Bir kere yükselen bayrak bir daha inmez”, “İnsanlara hürriyət, millətlərə istiqlal”, “Cumhuriyetimiz milli ve demokratik devletçilik zemininde, muasırlıyı esas almıştır. Bu nokta-I nazardan tarihteki ilk Türk Cumhuriyetidir.” (M.Ə.Rəsulzadə).

Bu böyük insanın hüzurunda tarixin keşçməkeşli olaylarını yada salıb Azərbaycan ölkəsinin nə çətinliklərdən keçib gəldiyini, əsrlərin sınağından şərəflə çıxan xalqımızın  müasir, dünyəvi, demokratik bir dövlət qura bildiyini, Cümhuriyyətin dünənini, onun varisi olan müasir Azərbaycan Respublikasının bü gününü düşündüm. Bu əzablı yollarda həyatını vətən naminə fəda etmiş bütün böyüklərimizi, ulularımızı, müdriklərimizi, sərkərdələrimizi, qəhrəman oğul və qızlarımızı minnətdarlıqla andım.

Zənnimcə, ucaltdığı bayrağın həqiqətən bir daha enmədiyini əbədi uyuduğu bu səfalı mənzildən belə duyan, hiss edən, bilən M.Ə.Rəsulzadənin müqəddəs ruhu ilə sağollaşıb uzaqlaşanda, gedə-gedə dönüb məzarın üstündə dalğalanan  bayraqlara yenə baxır, baxır, baxırdım… Qəribə idi, M.Ə.Rəsulzadənin soyuq məzarı önündə belə insanın  düşüncələri ancaq vətənlə, xalqla, dövlətlə bağlı olurmuş. Bu bəlkə də vətənsevər şəxsiyyətin ruhunun sədasıdır ki, o mühitə yaxınlaşan insanı çulğayır, qəlbinə dolur, fikir-düşüncələrini öz qanadlarına alıb öz axarınca aparır…

Ruhu şad olsun! Zatən şaddır əlbəttə!

Akif Əli

Ankara

18.06.2022

 

 

 

      

 

 

 

              

    

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN