Osman Gündüz: «ASAN-ın AZİNNEX şirkətinin fəaliyyətində təəssüf ki, daxili bazar uğurunda, dövlət sifarişləri uğrunda amansız mübarizə diqqəti daha çox cəlb edir…»

Azərbaycanda informasiya texnologiyalarının inkişafı dövlətimizin prioritet sahəsi və strateji məqsədlərindən biridir. Son bir ildə təkcə dövlət sektorunda ən müasir informasiya texnologiyalarının tətbiq edilən layihələrinə 100 milyon manatdan çox vəsait xərclənib. Bəs çəkilən xərclərin səmərəliliyi necədir?

Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu barədə maraqlı açıqlmaları ilə diqqəti çəkir:

- Dövlət qurumlarının son bir ildəki İT xərclərinə nəzər salıram. e-Satınalma-dan görünür ki, təkcə son bir ildə dövlət qurumları çoxsaylı tenderlərdə İKT üçün 100 milyon manatdan çox vəsait xərcləyiblər. Müxtəlif proqram təminatlarının, informasiya sistemlərinin, portalların hazırlanması, İKT avadanlıqların alınması, İT infrastrukturun qurulması və dəstəklənməsi və s. istiqamətdə layihələr üstünlük təşkil edib. Bu layihələrin içərisində uğurlu və uğursuzu, ümumiyyətlə, iflasa uğrayanlar da var, bu statusun mövzusu fərqli olduğundan onlara toxunmuram. Sadəcə onu qeyd edə bilərəm ki, uğursuz İT layihələr əvvəllər daha çox SİNAM, ULTRA, CyberNet və s. şirkətlərlə əlaqəli olub. Uğursuz İT layihələr və onlara xərclənən milyonlarla dövlət resursları başqa bir müzakirənin mövzusudur. Maraqlıdır ki, yuxarıda qeyd olunan bu tenderlərin 90%-ni cəmi bir neçə İT şirkəti qazanııb. e-Satınalma-da elə İT şirkəti tapmaq olar ki, son bir ildə 70 dəfə tenderdə qalib gəlib. Tenderlərdə böyük dövlət sifarişlərini qazanan İT şirkətləri içərisində ASAN-nın dəstəyi ilə yaradılan AZİNNEX konsorsiumuna daxil olan İT şirkətlər xüsusi yer tutur. AZİNNEX-i ona görə xüsusi vurğulayıram ki, bu cür böyük dövriyyələri olan İT şirkətlərimiz olduğu halda, ASAN startaplara dəstək üçün vəsait tapa bilmir, ekosistemə dəstək məqsədilə məcbur olub SOCAR-ı və digər qurumları sposnsor olaraq cəlb edir. Maraqlıdır ki, hazırda İT mühitində devalvasiyadan öncəki durum yenidən təkrarlanır. İT şirkətlərimiz xarici bazarlara çıxmağa, əlavə dəyər formalaşdırmağa, ekosistemə -startaplara və innovasiyalara yatırım etməyə, dayanıqlı mühit formalaşdırmağa zəif diqqət yetirirlər. İnnovasiyaların ixracı məqsədilə formalaşan AZİNNEX-də təəssüf ki, daxili bazar uğurunda, dövlət sifarişləri uğrunda amansız mübarizə diqqəti daha çox cəlb edir. Bu quruma daxil olan bəzi İT şirkətlər dövlət hesabına formalaşan layihələr üzrə xidmətlərin rüsumunu əsassız olaraq bir neçə dəfə qaldırıb, digər bir İT şirkəti isə özünün adi bir xidməti ilə ən azı 100-dək dövlət qurumunu özündən asılı vəziyyətə salıb. Digər İT şirkətlər nə qədər dirəşsələr də indiyədək də "buzu" sındıra biməyiblər. Çox az sayda İT şirkətlər var ki, məsələn, BestComp –u, RİSK-i göstərmək olar, son illərdə xarici bazarda da uğur qazanmağa başlayıb. Maraqlıdır ki, BestComp həm də daxildə uğurlu İT layihələri ilə tanınır. Yalnız dövlət sifarişləri üzərində “oturmağın” 5-6 il öncə İT şirkətləri və bütövlükdə sektoru necə acınacaqlı vəziyyətə saldığının şahidi olmuşuq. O zaman İT şirkətlərin böyük əksəriyyəti böhranla üzləşərək, min bir əziyyətlə yetişdirilən İT kadrları kütləvi olaraq ixtisar etmişdilər. Hansı ki, onların da böyük əksəriyyəti iş tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. İT kadrların böyük köçünün təsirləri indiyədək də sektorda hiss olunmaqdadır.

-Bəs nə etməli?

-Düşünürəm ki, səlahiyyətli qurumlar və biznes sektoru, ekosistemə cavabdeh olanlar mövcud situasiyanın dəyişilməsinə, İT şirkətlərimizin xarici bazarlara çıxışına, əlavə dəyərlər formalaşdırmasına diqqət yetirməlidir. Biznes mühiti inkişaf etdirilməlidir, dövlət satınalmaları təkmilləşdirilməli və şəffaflıq artırılmalıdır. İT şirkətlərin rəqabət qabiliyyətini yüksəltmək üçün İKT avadanlıqların gömrük rüsumlarına (hazırda ƏDV ilə birlikdə 33%-dir) yenidən baxılmalıdır. Qonşu ölkələrin bir çoxunda bu tip rüsumlar ya sıfırlanıb, yaxud da xeyli endirilib. Odur ki, oxşar İT layihələr bizdə həm baha başa gəlir, həm də bizim İT şirkətlər üçün daha əlverişsiz mühit formalaşmış olur. NRYTN rəqəmsal transformasiya və innovasiyalarla bağlı hazırlanmaqda olan konseptual sənədlərdə bu məqamları nəzərə almalı, ASAN-la birgə İT layihələrin ekspertizası və dəyərləndirməsi aparılmalıdır…

Təqdim etdi: A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN