Bu gün-avqustun 16-sı xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anadan olduğu gündür. Yaşasaydı bu gün onun 98 yaşı olardı. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi. Universitetin rektoru və Təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm.Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, "Müəllim" qəzetində çap etdirsən yaxşı olar.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.
Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu.Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi.Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu.Tale elə gətirdiki ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum... Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Əziz dostlar, yazımı Bəxtiyar Vahabzadənin çox sevdiyim Ana-dili şeirindən bir parça ilə bitirirəm:
Bu dil - bizim ruhumuz, eşqimiz. canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən, modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq vətən çörəyi, bir də ana ürəyi
Sizlərə qənim olsun...
Misir Mərdanov,
professor
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN