Ölkəmizdə Rəsul Həmzətovun 100 illiyi təntənə ilə qeyd edildi, haqqında kitab yazıldı, sərgi təşkil edildi, konsert və s. keçirildi.
Bu il 100 yaşı tamam olan Qasım Qasımzadənin arxivində avar şairinə ünvanladığı, məlum səbəbdən Literaturnaya qazetada çapına izn verilməyən, bizim qəzetlərin birində öz dilimizdə dərc edilən açıq məktubu xatırladım.
R.Həmzətovun bizdəki yubiley tədbirlərini bilmirəm xalqımızın unutqanlığına yozum, yoxsa ürəyigenişliyinə...
Məktub 1988-cu ildə yazılıb. Tarix üçün paylaşıram.
RƏSUL HƏMZƏTOVA AÇIQ MƏKTUB
"Literaturnaya qazeta"nın 30 noyabr 1988-ci il tarixli nömrəsində Nəbi Xəzriyə üz tutub yazdığınız məktub, şübhəsiz ki, təkcə onun ünvanına deyil, Azərbaycana, Azərbaycan xalqına "öyüd-nəsihətdir". Əvvəla, onu soruşuram ki, dünyaya dahilər verən, renessans beşikli yüksək mədəniyyət, elm tarixinə malik bir xalqa, onun humanizm ruhu ilə nəfəs alan, beynəlmiləl ənənəsilə seçilən sənətkarlarına, ziyalılarına dərs deməyə Sizin mənəvi hüququnuz çatırmı? Bəlkə belə bir cürətli addım atmaqda planetdə mərdlik simvolu sayılan Qafqaza, Qafqazlı mənsubiyyətinizə güvənirsiniz? Belədir ki, var. Yoxsa yazmazdınız: "papağımı, şərəfimi yerə salmamışam, dostlarımı satmamışam, dağlara xəyanət etməmişəm".
Bu gözəl sözlərdən açıq-aydın görünür ki, Siz, doğrudan da, nə dərəcədə ikiüzlü və necə qeyri-səmimi imişsiniz. Axı, məktubunuzda adını çəkdiyiniz qəddar xalq düşməni Mir Cəfər Bağırova ilkin səs verənlərdən biri Siz olmusunuz: azərbaycanlı akademik-filosof Heydər Hüseynov o cəllad qarşısında Şeyx Şamil hərəkatını yüksək qiymətləndirdiyi və elə bu hünərinin də qurbanı olduğu bir vaxtda Qafqaz dağlarına, Şeyx Şamilin ruhuna çirkab atıb şeir yazan Sizin kimi şəxslər papaqdan, şərəfdən, dostlara, dağlara xəyanət etməməkdən nə haqla söhbət aça bilər? Bir oğul ki, bu mənada öz şöhrətli atası Həmzət Sadasanın idealına xəyanət etmiş ola, daha ondan - belə bədzatdan hansı doğru-düzgünlük, hansı vicdan meyarı, necə "çadrasız fikir" səmimiyyəti gözləmək olardı? Ruslar yaxşı deyib: şərəfi gənclik çağlarından qorumaq gərəkdir ("Çest s molodu!"). Siz isə gəncliyinizdən etibarən mərdlik simvolu olan atributlardan – qartal, dağ, papaq, yapıncı sözlərindən yapışıb, Stalin dövründən başlamış Xruşşov, Brejnev zəmanəsindən bəri bütün mərhələlərdə ustalıqla konyukturçuluq yolu tutaraq yuxarı dairələrdə mövqeyinizi möhkəmlətməyi həqiqət normalarının hamısından üstün bilmisiniz.
Dağlıq Qarabağ məsələsində tutduğununz ikibaşlı siyasətiniz də həmişəki kimi məqsədsiz deyil. Birinci növbədə ciddi-cəhdiniz yuxarı mərtəbələrdə mühüm postlarda əyləşən, mərkəzi mətbuat orqanlarında yuva quran məkrli erməni mafiyasının rəğbətini qazanmaqdır. Bu canfəşanlıq xatirələrə müraciətinizdə də açıq görünür: "Öz vətəni Dağlıq Qarabağ haqqında Sovet İttifaqı marşalı Baqramyanın necə coşqunluqla danışdığını xatırlayıram, erməni və azərbaycanlı uşaqlıq dostlarını necə yadına saldığını xatırlayıram. Bu gün onun səsinə məsləhətinə necə də ehtiyac var". "Yalançının yaddaşı olmaz" deyiblər, axı marşal deyə bilməzdi ki, dağlıq Qarabağ onun vətənidir. Bir xatirəsində yazıb ki, Ermənistanın Çardaxlı kəndindəndir. Çardaxlı isə Azərbaycanın Şamxor rayonundadır, Baqramyan da oradandır. Bu, marşalın bir sifəti. İkincisi də, o iftixarla yazmışdır ki, birinci dünya müharibəsi dövründə Andronikin qoşununda əsgər olmuşdur. Andronik isə tarixi sənədlərdə Antantanın agenti kimi qiymətləndirilmişdir. O, vaxtilə Azərbaycan kəndlərini yandırmaqda, silahsız kütlələrə işgəncə verib onların qanını tökməkdə cəllad kimi ad çıxarmışdır. Belə bir tiplə fəxr edən sərkərdənin – Baqramyanın kölgəsi qarşısında Sizin təziminizi ("onun səsinə, məsləhətinə necə də ehtiyac var"), Şamil torpağı övladının belə zavallı vəziyyətə düşməyini görmək istəməzdik. Axı, bütün bu manevrlər Sizin nəyinizə gərəkdir. Özünüz bilən yaxşıdır. Ancaq Sizin Qafqaz Albaniyasına işarənizdən də aydınlaşır ki, Siz bizim və qonşumuz ermənilərin qədim tarixinə bələdsiniz. Ötən əsrlərdə yazılmış "Qarabağnamə"ləri də, Qarabağ xanlığı dövrünün sənədlərini də varaqlamamış olmazsınız. Bütün bunları bilə-bilə birmənalı həqiqətləri kənara qoyub müdaxiləçi həyasızlığına bəraət kimi səslənən sözlərinizi necə başa düşək?
Azərbaycan xalqını nəzərdə tutub deyirsiniz ki, "bu xalqın öz torpağı vardır. Lakin nə zaman ki, bu torpaq hissi ərazi hissinə çevrilir – bu bizim dünyagörüşümüzlə ziddiyyət təşkil edir". Belə bir səfsətə ilə kifayətlənməyib çoxmillətli sovet xalqları ailəsininin həyat tərzinə yabançı bir konsepsiyaya rəğbətlə, erməni ekstremistlərinin istəyinin apogeyini ifadə edərək onlara bəraət verib yazırsınız ki, "mən qədim böyük erməni xalqının hissini başa düşürəm... Eyni dilli, eyni taleli, eyni mədəniyyətli, eyni qədim əlifbalı adamlar bir yerdə yaşamaq istəyirlər". Elə bil ki, Dərbənddə və onun ətrafında yaşayan azərbaycanlılar barədə gedir bu söhbət. Elə bil ki, Gürcüstanın Borçalı, indiki Marneuli mahalında yaşayan 500 minlik azərbaycanlı əhalisindən gedir bu söhbət. Bu regionlardakı azərbaycanlıların sayı da, hamıya məlumdur ki, Dağlıq Qarabağda məskən salan ermənilərdən qat-qat artıqdır. Bəs bir "erməni kimi" Sizi (bu, Sizin öz etirafınızdır: "Kak armenin, ya Ararat lyublyu, kak armenin, s nim vmeste skorblyu" - bax: Silva Kaputikyan. Proza. Erevan, 1979, c.360) ermənilərin taleyi bu dərəcədə "həssaslıqla" düşündürürsə, bir sovet yazıçısı və deputat kimi necə, bu baxımdan dərbəndlilərin, borçalıların taleyi Sizi düşündürmürmü? Sizin erməniləşməyiniz öz işinizdir, lakin erməni millətçisinə çevrilməyinizin isə bizə dəxli var. Buna görə də Siz deyəndə ki, "mən hər şeyin əvvəlki qaydada qalmağının mümkünlüyünə inanmıram. Desələr də inanmıram ki, Ermənistan sakitləşəcəkdir" – daha bu lap ağ oldu. "Qarabağ" və "Krunk" təşkilatlarına bundan da artıq havadarlıq etmək, erməni mafiyasına bundan da çox xidmət göstərmək təsəvvürə gəlməz.
Həmin təşkilatlar da sakit olmamağa, "işi" axıra çatdırmağa çağırırlar, Siz də bu istiqamətdə onlara dil verirsiniz. Özünüz isə azərbaycanlıların başının altına yastıq qoyub "ərazi hissi"ni onların başından çıxarmaq üçün dərvişlik edirsiniz.
Bizdə xalqımızın xarakterini nümayiş etdirən belə bir məsəl var ki, "özünə rəva bilmədiyini qonşuna da rəva bilmə". "Mənim Dağıstanım" deyə torpaq, "ərazi" təəssübkeşliyini aləmə car çəkən şairin Azərbaycan xalqını bu duyğulardan məhrum etmək istiqamətində moizə oxuması birinci sinif şagirdinin müəllimlər otağına gəlib qocaman pedaqoqlara leksiya deməsinə oxşayır. Əgər Siz özünüzdə belə bir qabiliyyət hiss edirsinizsə, millətlərarası münasibətlərdə qayda yaratmaq üçün səmimi addım atmaq, canıyananlıq göstərmək fikrindəsinizsə, niyə əsl ünvanı çaşbaş salırsınız? Axı, ilk növbədə iki qonşu xalqı bir-birinin üstünə qaldırmaqdan zövq alıb şöhrət qazanmaq eşqinə düşənlər – Sizi oçerklərinin birində "mənim avar rəfiqim Rəsul Həmzətov" deyə xatırlayan Silva Kaputikyanlardır, bədnam "Ocaq" kitabının müəllifi Zori Balayanlardır, hər çıxışında xalqlarımız arasına ədavət toxumu səpən Sero Xanzadyanlardır. Niyə onlara müraciət etmirsiniz? Bəyəm onların fitnəkar əməllərindən Sizin xəbəriniz yoxdur? Bəyəm S.Kaputikyanın xalqları açıq-aşkar qırğına çağıran çıxışlarını, yaxud elə "Drujba narodov" jurnalının bu ilki 6-cı nömrəsində çıxan şeirlərini, onun "Po selam, po qoram poydu ya snova, s berdankoyu i savanom, qotova zaranee na podviq i na smert" misralarını oxumamısınız?
Stepanakertdə, Yerevanda hərbçilərin ekstremistlərdən müsadirə etdiyi yüzlərcə odlu silah o ifritə qadının, özünü "erməni xalqının anası" elan edən Silvanın "berdanka"sının səsindən sonra meydana çıxmamışdımı? (Onun necə "müqəddəs" ana olduğunu sabiq əri Ovanes Şirazın "Oğluma" şeiri çox yaxşı nişan verir. Sizə xatırlatmaq istəyirəm: Ermənistan yazıçılarının 1956-cı ildə keçirilən qurultayında Siz də iştirak edirdiniz, Süleyman Rüstəmlə mən də orada idik. Yadınızdadırmı, Yerevanda bir neçə yerdə görüşlər keçirildi. O.Şiraz hər dəfə oğluna müraciətlə yazdığı şeirini oxuyur və bu şeirdə övladına arzu edirdi ki, onun bəxtinə əxlaqsız anası (Silva) kimi gəlin çıxmasın... Xatirimdədir, bu şeiri dinlədikcə S.Kaputikyan əsəbiləşir və Şirazı məhkəməyə verəcəyi ilə hədələyirdi. Söhbət ermənicə gedirdi. Bunları bizə şair Samvel Qriqoryan oradaca tərcümə edirdi).
Mən Sero Xanzadyanın da adını çəkdim. O bu yaxın vaxtlarda Ermənistanın Gorus şəhərində (özü də oralıdır) mitinqdə çıxış edib erməniləri azərbaycanlılardan qisas almağa çağırıb. Həmin çağırışdan az sonra noyabrın 25-də Gorusdan 7 km aralıdakı Azərbaycan SSR-nin Qubadlı rayonunun Eyvazlı kəndinə gecə ikən erməni estremistləri hücuma keçib, bütün evlərə benzin töküb od vurmuşlar. Günahsız əhali qocalı-körpəli özlərini ancaq ki, yanğından xilas edib doğma yurd-yuvalarından baş götürüb qaçmışlar.
Yeri gəlmişkən, soruşmaq istərdim, Sizə hansı Azərbaycan şairi, ədibi məlumdur ki, onda öz qədim qonşusundan intiqam almağa səsləyən bir sətir tapılsın. Ermənistanda isə təhrikçilərin həyasızlığı bu həddə çatıb ki, ekstremistlər bizim respublikanın ərazisinə də soxulub dözülməz əməllər tərədirlər. Onların qədim Azərbaycan torpaqlarında, indiki Ermənistan SSR-də öz dədə-baba yurdlarında yaşayan camaatın başına daha nə bəlalar gətirdiklərindən bəyəm xəbəriniz yoxdur? Xəbəriniz yoxdur ki, 161 min azərbaycanlını onlar necə didərgin salıblar? Partiya, hökumət işçiləri, inzibati orqanların nümayəndələri – "Qarabağ" təşkilatının bu silahlı nökərləri hər bir ailəyə soxulub qısa bir müddətdə SSRİ Ali Sovetinin sessiyası ərəfəsində noyabrın 20-dən 29-dək onları döyüb, söyüb, hədələyib ev-eşiyindən didərgin salmışlar. Əhalinin əksəriyyəti ac-yalavac, pulsuz-parasız soyuqda, yağmurda dağa-daşa düşmüş, Azərbaycana pənah gətirmişlər. Erməni quldurları onların ciblərini yoxlayıb pullarını da almış, öz evlərindən paltarlarını götürməyə də imkan verməmişlər. Öldürülənlər, işgəncə ilə yaralananlar, dözülməz təhqirlərə məruz qalanlar barəsində məlumat da çap olunmur. Mərkəzin kütləvi informasiya orqanlarının çoxu erməni mafiyasının nüfuz dairəsindədir. Erməni mafiyası orta əsr vəhşilikləri ilə müasir həyasızlığın vəhdətini nümayiş etdirməyə çox böyük məharətlə nail olur.
Azərbaycan xalqı barədə Sizə xasiyyətnamə verməyə ehtiyac görmürəm. Bu xalqın insafına da, səbrinə də, bıçaq sümüyə dayananda, milli heysiyyəti təhqir ediləndə, torpağına tamah salınanda qarşısıalınmaz hiddətinə də bələdsiniz. Qədim tarixin səhifələri bu milli xarakter sabitliyinə möhür vuran faktlarla doludur. Xalqımız Ali Sovetin 18 iyul 1988-ci il sessiyasının qərarını bəyəndi və icrasını gözlədi. Günlər, həftələr, aylar keçdi. DQMV-də vəziyyət yoluna düşmək əvəzinə xarablaşmağa başladı. Azərbaycanlılar öz torpağında qərib vəziyyətinə gətirildi, kütləvi surətdə işdən çıxarıldı, evlərindən qovuldu. Nəhayət, DQMV-nin azərbaycanlılar yaşayan böyük bir kəndinə - Xocalıya Stepanakert quldurları hücuma keçib ənənəvi qaydada evləri yandırmağa girişdilər. Müqavimət görəndə geri çəkilməyə məcbur oldular. Yenə də dözdük. Yenə də hadisələrin axarını gözlədik. Başqa bir avantüraya əl atdılar. Kurort zonası elan edilən Şuşa yaxınlığındakı Topxana meşəsinə - evimizin lap içinə Ermənistan ekstremistləri Azərbaycan hökumətindən icazəsiz-filansız soxuldular. Tikinti materialları tökdülər ki, burada Ermənistan üçün alüminium zavodunun sexlərini tikəcəyik, nə bilim, daha nə oyun çıxaracağıq?
Belə bir nadir həyasızlıq məqamında necə durub baxmaq olardı. Ali Sovetin iyul sessiyasından tam dörd ay keçəndən sonra xalq hərəkətə gəldi. Bakıdakı V.İ.Lenin meydanında sözünü deməyə, etirazını bildirməyə axışdı. Bizdə deyərlər: "el gücü - sel gücü". Bu güc - bu qüdrət bütün bəşəri normaları, insan hüquqlarını tapdalayan, özgəsinin torpağına yiyələnmək üçün öz işğalçı həyasızlığını həmvətənləri içərisində epidemiya kimi yayan qüvvələrə qarşı yönəldilmişdi. Belə bir haqq işə səs vermək əvəzinə əslində ekstremistlərə havadar çıxmaq, yaxud həlledici məqamda ikibaşlı siyasət yeritmək hansı yüksək əxlaq normasına sığışar?
Şeirlərində mərdlik-mətanət tərənnüm edən sənətkarın qəsbkarla həmləyə məruz qalanı eyni gözdə görməsinə necə heyrət etməyəsən? Necə hiddətlənməyəsən? İndi aydın oldumu ki, Siz qəsbkara nəfəs verməklə necə ədalətsiz bir akta qol çəkmişsiniz, onları yenə də yerindən oynadıb dediyini deməyə, tutduğunu buraxmamağa ruhlandırmısınız? Xalqları yolundan çıxarmaq üçün hər fitnəyə əl atan, əslində ağlını itirmiş başları yenidən necə qızışdırmısınız?
İctimaiyyət Sizi bic adam kimi tanıyır. Mərhum xalq yazıçımız Əli Vəliyev deyərdi ki, ən böyük biclik – düzlükdür. Papağınızı qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin, bəlkə bu həqiqət Sizin də beyninizə batdı...
Təqdim etdi: Nəriman QASIMOĞLU
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN