Nəğməkar şair Abil İslamın yubiley tədbirləri noyabrın əvvəlindən doğulduğu Göyçaydan başlayıb, respublikanın hər yerində davam etməkdədir...

 Nəğməkar şair Abil İslamın yubiley tədbirləri noyabrın əvvəlindən doğulduğu Göyçaydan başlayıb respublikanın hər yerində davam etməkdədir…

…Abil İslam! Bu ad ədəbiyyatsevərlərə yaxşı tanışdır… Şair, jurnalist-publisist… Azərbaycanda-  şeirə və şairə qiymət verilən bir ölkədə şair olmaq çox çətindir. Hərçənd, son vaxtlar sosial şəbəkələrin fenomeninə çevrilən və «şairəm», -deyib ədəbiyyatda «atını dördnala çapmaq istəyən»lər çoxdur… Amma nə yaxşı ki, müasir dövrdə Abil İslam kimi ruhumuzu oxşayan şairlərimiz də var. Şeirlərinə indiyə qədər 220-dək  mahnı bəstələnib. Deməli, şeirləri dilə və nəğməyə yatandır. Bu mahnıları kimlər oxumayıb?

Müxtəlif bəstəkarlar tərəfindən sözlərinə bəstələnmiş mahnıları tanınmış xanəndələr və müğənnilər İ.Rzayev, C.Zeynallı, A.Haşımova, Z.Abdullayeva, Ə.Mirəliyev, Z.Məmmədova, N.Ələsgərli kimi sənətkarlar tərəfindən ifa olunub. Əksər mahnıları Azərbaycan Dövlət Radiosunun “Qızıl Fondu”nda saxlanılır. İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Adın mübarək, şəhid” adlı şeirinə bəstəkar A.Səlimov tərəfindən musiqi bəstələnmiş və ifaçı V.Muradov tərəfindən məharətlə ifa edilmişdir.

 Ümumiyyətlə, Vətən, dövlət, bayraq, Qarabağ, şəhidlər, döyüşçülər, səngər, o cümlədən Türkiyə-Azərbaycan qardaşlığı Abil İslam yaradıcılığının əsas leymotivləridir. Bu mövzularda yazdığı çoxsaylı şeirlər istər məktəblilər, istərsə də sənətkarlar tərəfindən sevilə-sevilə oxunur. Və beləliklə, Abil İslam gəlib 65 yaşa çatdı.

ARAYIŞ: Abil Yolçu oğlu İslamov (Abil İslam) 1958-ci il noyabrın 19-da Göyçayın Alıkənd kəndində anadan olub. Bir kənddən başlayan şair ömrü gəlib respublikada tanınmış bir ada çevrilib. Belə götürəndə, Göyçay da Azərbaycan ədəbiyyatına tanınmış simalar bəxş edib. Rəsul Rza, Əli Kərim, ANAR, İbrahim Göyçaylı, Həbibi, Qafur Əfəndiyev-Qantəmir, Ənvər Məmmədxanlı, İsgəndər Coşqun və s. şair və yazıçılar məhz bu torpaqda dünyaya göz açıblar.

 Abil İslam da bu şairlərin davamçısı olaraq, nəğməkar şair titulunu qazana bilib. Şairin başqa titulları da var. Onun çoxillik məhsuldar yaradıcılığı dövlət başçısı İlham Əliyev tətəfindən qiymətləndirilərək “Prezident Mükafatı” ilə təltif olunub. Çoxillik jurnalist fəaliyyətinə görə isə,  Azərbaycan Jurnalistlər Birliyi tərəfindən “Həsən bəy Zərdabi” diplomuna layiq görülüb.

 Bundan əlavə, respublikamızda keçirilən tədbirlərdə də tanınmış aparıcı, şair-jurnalist kimi saysız-hesabsız diplom və təşəkkirnamələr qazanıb. Jurnalist və foto-reportyor kimi fəaliyyət göstərir, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “İnşaatçı” qəzetində müxbir, foto-müxbir, poeziya şöbəsinin müdiri, “Bioloji təbabət” klinikasında mətbuat katibi, Bakı Sənaye-Pedaqoji Kollecində ədəbi-dram dərnəyinin rəhbəri vəzifələrində çalışıb. Hazırda Bakının Nizami rayonu “Müharibə Əmək Veteranları” Təşkilatının sədr müavini və İctimai Xəbər Agentliyinin direktor müavinidir.

***

 Noyabrın əvvəlindən başlayan şairin 65 illik yubiley tədbirləri doğma Göyçayda rayon səviyyəsində və Bakı şəhərində bir çox məktəblərdə, idarə və təşkilatlarda hələ də davam edir. Dekabrın 4-də şairin yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyində də davam etdiriləcək. Bu yubiley münasibətilə Abil İslamı biz də ürəkdən təbrik edirik, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik.

Elçin Məmmədli

İndi də nəğməkar şair Abil İslamın bir neçə şeirini “Təzadlar”ın oxucularına təqdim edirik:

Vur dedi, vurduq...

 Barmaqlar tətikdə, gözlər dörd görür,
Vətən keşiyində əzmlə durduq.
Yurdumda üstümə quduz it hürür,
Ali Baş Komandan vur dedi, vurduq !

30 İl gözlədik, ədalət deyib,
Ədalət carçısı neçə don geyib.
30 ildir düşmən ömürdən yeyib,
Ali Baş Komandan vur dedi, vurduq !

Atəşkəs deyibən atdı dığalar,
İtin kölgəsində yatdı dığalar.
Qonşuluğa haram qatdı dığalar,
Ali Baş komandan vur dedi, vurduq !

Yurdumda yallanıb, yurdumda yatdı,
Əli millətimin qanına batdı.
Qudurub hər yana bombalar atdı,
Ali Baş Komandan vur dedi, vurduq !

Gördü türk oğlunun cəsarətini,
Gəbərtdik minlərlə itin itini.
Qovuruq torpaqdan it millətini,
Ali Baş Komandan vur dedi, vurduq !

Biz yerdə qoymarıq şəhid qanını,
Söküb odlayarıq düşmən canını.
Nikol şüvən salıb, cırır donunu,
Ali Baş Komandan vur dedi, vurduq !

Biz azad edirik şəhər, kəndləri,
Yerlə yeksan olur düşmən bəndləri.
" Hay " ın boğazında Türk kəməndləri,..
Ali Baş Komandan vur dedi, vurduq !

***

Çox sevdiyim birisi var...

 Çox sevdiyim birisi var,
Onda qürur, onda vüqar.
Qlsqanmıram,
Onun çoxlu sevəni var.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.

Həzin - həzin rəqs edir o,
Zirvələrə yol gedir o.
Ümid verir, bədhaxlarım
Yol kəsəndə,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.

Sevənləri çoxdur onun,
Qısqanmıram.
Fərəhimdi, sevincimdi,
Həm altunum, həm incimdi,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.

 

Kor edirsən düşmən gözün ,
Bəzəyirsən şair sözün.
Abil İslam sevir səni, 
Qəlbi çoşur, dəniz kimi.
O heç kəsi sevməyəcək,
Sənin qədər, sənin kimi.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
Ay - ulduzlu bayrağım !
***

Qayıdışımız

 Nə qədər həsrətli köçdü dünyadan ,
Torpaq deyə-deyə, yurd deyə-deyə.
Torpaq səs göndərdi, uçan durnadan,
Toy - bayram olacaq, qayıdışımız.

Sanmayın o yerlər bağça - bağlıdır,
Düşmən taptağından qəlbi dağlıdır.
Tələsmə el oğlu, yollar bağlıdır,
Toy - bayram olacaq, qayıdışımız.

Yenə açılacaq lalə, qızıl gül,
Mehə naz edəcək, həm xarı bülbül.
Gül nazın yenə də çəkəcək bülbül,
Toy - bayram olacaq, qayıdışımız.

Gözləri güləcək, buz bulaqların,
Cığırı ağarar, dağ - yaylaqların.
Dost payı olacaq balın - qaymağıın,
Toy - bayram olacaq, qayıdışımız.

Təbiət dağlara qar ələyəcək,
Hamı subaylara toy diləyəcək.
Bizləri gözləyir xoşbəxt gələcək,
Toy - bayram olacaq, qayıdışımız.

Bir vaxt gəncliyimi qoyub getmişəm,
30 illik ömrə, çox zülm etmişəm.
İndi arzulara, kama yetmişəm,
Toy - bayram olacaq, qayıdışımız.

Yenə bulaq üstə kəsilər quzu,
Kəklikotu ilə, səpilər duzu.
Qaranquş həsrətlə gözləyər yazı,
Toy - bayram olacaq, qayıdışımız.

Yenə göz oxşayar, bağların barı,
Əlvan çiçəkləri öpəcək arı.
Abil qonaq gələr, gəzər dağları,
Toy - bayram olacaq, qayıdışımız !
***

ALMADIN...

Yaz, yay, payız, qışı olur illərin,

Yaddaşında iz buraxır ellərin.
Açılırsa, solmağı var güllərin,
Kaş insanın ömrü nakam solmasın.

Ağaclar da yarpaq açar, çiçəklər,
Ətir saçıb, bihuş edər ləçəklər.
Bəzən göydən yerə enər mələklər,
İnsan gərək din - imansız olmasın.

Allah bizi yaradıbdı pak - təmiz,
Yalan vəddən cana doyub ölkəmiz.
Uca dağlar, var yurdumda göy dəniz,
Bu varlıqlar yaman əldə qalmasın !

Qanun olub imkanlıya məsləhət,
Düz yaşamaq, kasıba olub qismət.
Kasıb xalqdan əskik olmasın hörmət,
Mərdin işin Allah bərkə salmasın.

Abil İslam, namərdə baş əymədin,
Sən heç kəsin qəlbinə də dəymədin.
Nakişini, yalançını söymədin,
İnsan deyib, vecinə də almadın !

***

 ADIN MÜBARƏK, ŞƏHİD!

 

Ölməzsən, yaşayırsan,

Adın mübarək, şəhid.

Uca ad daşıyırsan, 

Adın mübarək, şəhid.

             

Qanın torpağım üstə,

Xan oxuyur ahəstə.

Bayrağın başın üstə,

Adın mübarək, şəhid.

             

Azərbaycan oğlusan,

Bu torpağa bağlısan.

Sanma qəlbi dsğlısan,

Adın mübarək, şəhid.

               

Vətən üçün verdin can,

Torpaq üçün tökdün qan.

Son sözün Azərbaycan !

Adın mübarək, şəhid.

             

Abil, qan qalmaz yerdə,

Düşmənlər düşsün dərdə.

Adınız kənd - şəhərdə, 

Adın mübarək, şəhid !

 ***

MƏN AZƏRBAYCANLIYAM

 Tanınsın hər diyarda,

Biz yaşasaq da harda.

Qəlbim uymaz yad ada, 

Mən Azərbaycanlıyam !

               

Qobustan daş yaddaşım, 

İnsafmı, bir yol çaşım?

Şirvan, Mil taclı başım, 

Mən Azərbaycanlıyam !

               

Bənzətməyin heç kəsə,

Rəvamı tarix küsə?

Xəzər, coş qoşul səsə

Mən Azərbaycanlıyam !

               

Koroğlunun nərəsi,

Qeyrət dərdin çarəsi. 

Babaklər nişanəsi,

Mən Azərbaycanlıyam !

               

Nəsimini soydular, 

Neçə gözü oydular.

Müxtəsəri,..

                 duydular,

Mən Azərbaycanlıyam !

               

Türkiyə qardaşımdır,

Təbrizim göz yaşımdır.

Kür, Araz sirdaşımdır,

Mən Azərbaycanlıyam !

               

Göygölüm ismətimdir,

Bu cənnət qismətimdir.

Təmiz adım bəsimdir, 

Mən Azərbaycanlıyam !

***

TURANI

 Tülkü, çaqqal dərələrdə,

Ov sülənir bərələrdə.

Cilalanaq kürələrdə,

Müqəddəs tutaq Quranı,

Qəlbdə yaşadaq Turanı.

             

Tələsməyin car çəkməyə,

Susuz yerdə tum əkməyə.

Yoxuşda qala tikməyə,

Müqəddəs tutaq Quranı,

Qəlbdə yaşadaq Turanı.

               

Pillə - pillə ucalacaq,

Bu birlikdən güc alacaq.

Qeyrət ilə qocalacaq,

Müqəddəs tutaq Quranı,

Qəlbdə yaşadaq Turanı.

               

Səsə salma, gözə gələr,

Nadanla üz - üzə gələr.

Turan özü bizə gələr,

Müqəddəs tutaq Quranı,

Qəlbdə yaşadaq Turanı.

               

Abil İslam, birdi amal,

Düşünən başlarda kamal.

Səbr et, sonda qəlbən kam al,

Müqəddəs tutaq Quranı,

Qəlbdə yaşadaq Turanı.

***

TÜRKİYƏ - AZƏRBAYCAN

 Qatlanmaz türkün dizi, 

Hər yanda mərdlik izi.

Dünya tanıyır bizi,

Sizə qurban olsun can,

 Türkiyə - Azərbaycan!            

 

Bir millət, iki dövlət,

Bizdədir qürur, qüdrət.

Birlikdədir güc - qüvvət,

Sizə qurban olsun can,

Türkiyə - Azərbaycan!            

               

Bayrağımız yan - yana,

Can sarılıbdır cana.

Bizi doğub bir ana,

Sizə qurban olsun can,

Türkiyə - Azərbaycan!

               

Kitabımız " Quran "dı,

Türkün yolu Turandı.

Haqqa körpü qurandı, 

Sizə qurban olsun can,

Türkiyə - Azərbaycan!   

           

" Bayraqdar "ım keşikdə, 

Türk böyüyür beşikdə.

Şəhidlərim Behiştdə,

Sizə qurban olsun can,

 Türkiyə - Azərbaycan!            

               

Abil İslam, üzün ağ,

Söykənibdir dağa - dağ.

Bu da bir məqam, bir çağ,      

Sizə qurban olsun can,

 Türkiyə - Azərbaycan!            

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN