«XəzərTV»nin ət alverçilərinə bəraət qazandırması başadüşülən deyil…

…Bir tərəfdən bu ilin Dövlət büdcəsində sosial təyinatların həcmi artırılır, pensiyalara əlavələr edilir. Digər tərəfdən isə ölkədə əsas ərzaq məhsullarının qiyməti durmadan artır. Və narahatlıq doğuran budur ki, TV-lərdə bu süni artıma bəraət qazandırılır. Məsələn, neçə gün əvvəl XəzərTV müxbiri ət bazarlarından «ət iyi verən» sujet hazırlayır, qəssabların dilindən deyir ki, yem bahalaşıb, yol xərci artıb və s.

Yalanın ayaq tutmasını eşitmişik, amma yeriməsini bu dərəcədə, yəni efirdə yeriməsini bilmirdik.

Məsələyə aydınlıq gətirilməsi üçün Ağcabədidə yaşayan fermer Rəsul Zamanovla əlaqə saxladıq. Yemin bahalaşmasının səbəbləri barədə ondan soruşduq. Deyir: «…Həmin sujetə mən də baxdım. Bu yalandır. Məsələn, qoyunçuluq və maldarlıqla məşğul olanlar bilir ki, qışa hızırlıq ərəfəsində yem bazası yay və payız aylarında yekunlaşır. Hamı tədarükünü edir ki, qış aylarında yem sarıdan korluq çəkməsin. Bakının ət tədarükü isə əsasən aran rayonlarından, o cümlədən Beyləqan, Ağdam, Ağcabədi, İmişli və Saatlı-Sabirabad rayonlarındandır. Bu bölgədə isə yemin bahalaşmasından danışmaq absurddur. Qonşu fermer təsərrüfatlarından da xəbərim var, kimsənin ot və ya digər yemlərdən narahatlığını eşitməmişəm. Əksinə, hətta yaz otu başlayanda ötən mövsümdən qalmış ot bağlamalarımız artıq qalır, növbəti ilə saxlayırıq. Hər il də belə olur. Ən vacibi, bizim zonada havalar mülayim keçdiyindən mal-qara və qoyun-quzu hələ də çöl şəraitində otlayır. İndi də elədir. Ona görə də Bakıda qoyun-quzu ətinin kilosunu 19-20 manata qaldıranlar yalan danışır. Ən pisi odur ki, bu qiymət artımı efirlərdə, mətbuatda səslənəndə fermerlər də qiymət artımına həvəslənir. Süni qiymət artımı isə manatın dəyərsizləşməsinə yol açır, buna imkan verilməməlidir…».

 Məlum olduğu kimi, Rusiyanın Ukrayna ilə mənasız müharibəsi bu ölkədə həm də yumurta qıtlığı yaradıb və artıq Azərbaycandan Rusiyaya 1 milyon ədəd yumurta göndərilib. Bu isə Azərbaycanın istehlak bazarında yumurtanın süni qiymət artımını ortaya qoyur. Məsələn, dünən «Təzadlar»ın əməkdaşları iri marketlərdə müşahidə aparıblar. 10-15 gün əvvəl 12-14 qəpiyə satılan yumurta indi 20, 30 və 40 qəpiyə satılır. Anlamaq olmur, toyuqlar da süni qiymət dəllallarının küyünə düşüb, nədir, bahalı yumurtalamağa həvəsləniblər?!

 Diqqəti çəkən budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti hansı bazarlara nəzarət edir, bilinmir. Və ya necə nəzarət edir ki, qəssablar balta və dəhrələri ilə süni qiymət artımını ənənəyə çevirib istehlakçıların üzərinə gəlir...

A.Məmmədli

    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN