«Təzadlar»a daxil olan şikayətçilərin məktublarında ”OVCO GROUP” MMC adını daşıyan və adı olub özü olmayan, amma arxasında fırıldaşçı əməllərin dayandığı bu şirkətin rəhbəri Orxan Səlimzadənin yalanları ayaq açsa da, artıq yerimə gücündə deyil…

Tezadlar.az saytının 27 iyun 2024-il buraxılışında  özünü şirkət rəhbəri kimi təqdim edərək gənc oğlanları, xüsusilə də gənc qızları iş və yüksək əmək haqqı verəcəyi adı ilə aldadaraq onları  onlayn işlədən, lakin maaş verməyən, hələ üstəlik onlardan müxtəlif məbləğlərdə borc pullar alıb  qaytarmayan Səlimzadə Orxan Valeh oğlunun qanunsuz əməllərindən bəhs edən “”OVCO GROUP”un ovçuluğu polisdə araşdırılır” başlıqlı yazı verilmişdir.

Yazıda o da qeyd olunmuşdur ki, toruna salıb 7000 manat pulunu mənimsədiyi Emin Məhərrəmov və onun dostları O.Səlimzadə haqqında polisə rəsmi şikayətlə müraciət ediblər. Hazırda bu şikayətlər əsasında Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırma gedir.

Yazının dərcindən sonra redaksiyamıza aldanan belə oğlan və qızların çoxsaylı müraciətləri gəlməyə başladı. Bu şikayətləri Orxan Səlimzadənin özünə də göndərdik ki, məlumatlı olsun. İlahi, bu insan az qala 100-ə qədər gənci necə aldada bilib? O.Səlimzadə haqqında çox kəskin ittihamlarla dolu bu müraciətlər “Təzadlar”ın Araşdırma Qrupu tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi sorğu verməklə göndərilib və araşdırılır.

 Bizə müraciət edən gənclərdən biri də ötən yazımızda adı çəkilən və O.Səlimzadə tərəfindən borc pul adı ilə 300 manatı alınıb mənimsənilən tələbə Asim Quliyevdir. A.Quliyev Orxan Səlimzadənin hələ bizə məlum olmayan daha bəzi kriminal əməllərini çatdırdı. Adam dəhşətə gəlir və təəccüb edirsən ki, belə tanınmış insanların, həmçinin dövlət qurumlarının adından istifadə edərək külli miqadarda pulları necə mənimsəyə bilir? Eyni zamanda, o da maraqlıdır ki, nəinki  hələ də cəzasız qalıb, hətta o, bu fırıldaqlarını bu gün də rahatca davam etdirir...

Hüquq-Mühafizə orqanlarından bunun bir qorxusu-hürküsü yoxdurmu? Bu adam kimə arxayındır ki, qanun keşikçilərinin gözü qarşısında çoxsaylı qanun pozuntularına yol verir, insanlara çoxlu sayda maddi ziyan vurur və hələ də vurmaqda davam edir, amma ona “gözün üstə qaşın var”- detən yoxdur?! Hətta, yuxarıda qeyd etdiyim kimi, Səbail Rayon Polis İdarəsində haqqında cinayət işi açılıb, amma heç çağırıb bir dəfə də olsun dindirilməyib. Ona görə də açdığı “BE STORE” onlayn satış mağazası vasitəsi ilə gəncləri toruna salmaqda bu gün də davam edir.

r

Son ümid yeri kimi, redaksiyamıza müraciət edən oğlan və qızların haqq səslərini aidiyyəti ünvanlara çatdırmağı özümüzə borc bildik. Bu gənclərin ah-nalə dolu müraciətlərinə biganə qalmaq olmur. Bu səbəbdən də tələbə Asim Quliyevin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova və surəti “Təzadlar” qəzetinə ünvanlanmış müraciətini olduğu kimi təqdim edrik:

"Azərbaycan Respublikasının Baş Prokuroru  cənab Kamran Əliyevə

 Azərbaycan Respublikasının daxili işlər naziri  cənab Vilayət Eyvazova

Surəti: “Təzadlar” qəzeti redaksiyasına

Bakı şəhəri Xətai rayonu, Ayaz İsmayılov keçəsi-35 c, mənzil 6-da yaşayan Quliyev Asim Çingiz oğlu tərəfindən

Müraciət

Hörmətli cənablar!

Mən Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Quliyev Asim Çingiz oğlu, "OVCO Group MMC"-nin rəhbəri Səlimzadə Orxan Valeh oğlundan şikayətçiyəm. Adını çəkdiyim şəxs vaxtilə mənim iş yerimə («Sahil Hostel&Hotel») 25 mart 2024-cü il tarixində gələrək, orda qalmağa başlayıb. Özünü Gürcüstan səfirliyinin psixoloji danışmanı kimi təqdim etmişdir. Həmin şəxs  etibarımdan sui-istifadə edərək məni "Yeni hostellər açacam və səni ora menecer təyin edib, ayda 1500 manat maaş verəcəm" sözləri ilə aldatmışdır. Mənə internetdə icarə saytlarında obyekt axtarmağı tapşırmışdı, amma özü bir obyekt, villa taparaq mənimlə o obyektin nəzdində olan ofisə getmiş və  müqavilələr imzalamışdır. Bu zaman özünün uydurduğu "OVCO Group MMC"-nin saxta möhüründən istifadə etmişdir. Dediyinə görə, həmin şirkət Gürcüstanda fəaliyyət göstərir və Azərbaycandaki direktoru özüdür. Lakin Gürcüstanda axtarılan informasiyalarda belə bir şirkətin izi-tozu yoxdur. Onu da bildirmişdir ki, guya məni Gürcüstandakı şirkətə müavin təyin etdirəcək və 3800 manat maaş verdirəcək. Beləliklə, ofisdə sənədləri imzaladıqdan sonra, o, icarə verən müdürə obyektin ödənişini “köçürmə yolu ilə 3-5 gün ərzində Gürcüstandan göndəriləcək” demişdir. Ofis Orxanla razılaşır və imzalanmış müqavilələr Orxana təqdim edilir. Orxan həmin müddət ərzində, mən də daxil olmaqla, ətrafına aldatdığı şəxsləri yığaraq, obyektlərə gedir və planlarını danışıb bizi aldadırdı. Köçürmə olmayandan sonra isə, həmin ofisin sahibi Orxanla müqaviləni ləğv edirdi (Orxanı güc-bəla ilə tapdıqdan sonra). Bu obyekt əldən çıxdıqdan sonra Orxandan “obyektə nə oldu”- deyə soruşduqda bizə "Ofis sahibi ilə razılaşmadıq" deyirdi. Sonra Orxan keçirdi digər obyektlərin "canına". Bu müddət ərzində Orxan İçərişəhərdə, Macarıstan səfirliyi ilə üzbəüzdə üçmərtəbəli villada, «Park Azure»də 1600m2-dən çox ofislər, “Port Baku”dan mənzil götürmüşdür, lakin bir neçə gündən sonra ödəniş olunmadığından zorla müqavilə ləğv edilmişdir. Və məlum olurdu ki, bütün bu görüntülər bizləri aldatmaq üçün imiş. Hələ bəzi obyektlər var idi ki, müqaviləsi alınmamışdır. Bu yolla Orxan məni, əmlak sahiblərini və tanıdığım bir neçə şəxsi aldatmışdır. Dediyinə görə, “OVCO GROUP” işçisinin qayğısına qalırmış və mənim maddi cəhətdən sıxıntıda olduğumu nəzərə alaraq, guya təhsil haqqımı ödəyəcəkmiş. Halbuki universitetdə imtahanlarım bu il iyun ayının 5-dən başlamışdır və ödənişi 3 gün öncə qohumumdan borc alaraq güclə ödədim. O şəxsə görə 5 fəndən kəsirim oldu. Yəni, Orxan bu yalanları ilə bizi aldatdı və aldatdığı şəxslərin müxtəlif zərərlərə düşməsinə səbəb oldu.

 Onu da deyim ki, Orxan hər dəfə anasının xəstə oldugunu qeyd edərək, bizdən müxtəlif məbləğdə borc adı ilə pullar almışdır və bu günə qədər qaytarmamışdır. Məndən də 300 manat borc adı ilə aldığı pulu müxtəlif bəhanələrlə qaytarmaq istəmir. Hər dəfə pulu istəyəndə, ya axşam saat 5-də, ya da səhəri gün ödəyəcəyini bildirir. Amma aylar keçir, heç bir ödəmə olmur. Bu üsulla onlarla qızdan aldığı borc pulları da ödəmir... Mən başa düşə bilmirəm, şirkət rəhbəri necə əmək haqqı vermədiyi, aldatdığı öz işcisindən 15-20 manatdan tutmuş, iri məbləğdə pullara qədər borc ala bilər?   

Hörmətli cənablar!

Mən sizə Orxan Səlimzadənin yaratdığı və müştəriləri necə aldadıb pullarını mənimsədiyi online mağazasından da danışmaq istəyirəm. Deməli, Orxan Səlimzadə internetdə açdığı və «BE STORE» adlanan onlayn mağazası vasitəsilə müştəridən ilkin ödəniş alaraq Çindən müxtəlif məhsullar (Telefon, geyim və s.) gətirəcəyini vəd edir. Amma o məhsullar ya saxta olur, ya zədələnmiş gəlir, yaxud da heç gəlmir. Bu yolla Orxan hal-hazırda da çoxsaylı insanları aldatmaqda davam edir. Onun hələ də mənim vaxtilə işlədiyim hostelə (işdən çıxmağıma səbəb də Orxan olmuşdur) 400-500 manat arası borcu var və o hosteldə qalmır. Yəni, bu “şəxs” ziyankardır və hələ də ziyan verməkdə davam edir. Onun mənə hələ də 300 manat borcu var. Hər dəfə pulu istəmək üçün zəng edəndə və ya mesaj yazanda, şablon ifadə ilə cavab verir: “Filan saata qədər ödəniləcək”. 

 İnternetdə ara-sıra gördüyüm postda Emin Məhərrəmov adlı gəncə, həmçinin onun dostlarına 7000 manat zərər verdiyi və bu məbləğin yarısı dəyərində olan noutbukunun əlindən aldığını öyrəndim. Yəni “oğru elə bağırdı, doğru bucağa qısıldı” məsəlində olduğu kimi. Orxan polisə müraciət edib ki, əksinə, guya Emin onun pullarını mənimsəyib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində heç bir araşdırma aparmadan, Eminin iş yerinə gəlib 2500 manatlıq komputer və didər avadanlıqlarını müsadirə ediblər, Orxana veriblər. Eminin 9-cu Polis  bölməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etməsindən sonra işi 9-cu bölmədən alıb Səbail Rayon Polis İdarəsinə veriblər və burada haqlı olaraq Orxan Səlimzadənin özü haqqında müvafiq maddə ilə cinayət işi açıblar. Hazırda araşdırma gedir. Siz bu barədə Emin Məhərrəmovun özünü və  Orxanın digər aldatdığı oğlanları, qızları dəvət edin, onda görün necə dəhşətli faktlar üzə çıxacaq. Həmçinin Orxan Səlimov mənimlə hostel biznesi və obyekt icarəyə götürmə məsələlərini müzakirə edərkən, Ağ şəhərdə «Business Center» açacağını və bunun üçün Azərbaycanda böyük nüfuz sahibi olan bir nazirə bui şin düzəlməsinə görə bir çanta pul ilə yaxınlaşacağını mənə dəfələrlə demişdir. Hələ bu harasıdır? Adını dilimə gətirməyə cəsarət etmədiyim, respublikada elə tanınmış, nüfuzlu bir xanımın adını çəkir və deyir ki, onun qızı ilə guya  iyun ayında nişanlanacaq. Nişan mərasiminin də guya “Business”də olacağını deyir. Bunu təkcə mənə yox, başqalarına da söyləmişdir. Bununla da, özünü məşhur bir ailəyə yaxın adam kimi göstərərək, gənc oğlan və qızlarda etibar qazanır və sonra da bu etibardan sui-itifadə edərək, onlardan müxtəlif məbləğdə pulları borc adı ilə pul alaraq mənimsəyir.

h

 Beləliklə,  Orxan bu yalanları ilə etibarımızdan sui-istifadə edib “iş”ə götürdüyü şəxslərə həm maddi, həm də mənəvi zərər vermişdir. İndiki günlərdə də aldığı pulları və əmək haqqını istəyəndə “ödənişini edəcəyəm” adıyla yalanlar uydurur. Aldığı pulları qaytaracağı adı ilə hamını günün müxtəlif saatlarında müəyyən aralıqda görüşə çağırır, amma həmin görüşlərin birinə də getmir. Qızlar var ki, verdikləri pulu geri almaq üçün Orxanın təyin etdiyi görüş yerinə gəlir, lakin «15 dəqiqəyə gəlirəm, 5 dəqiqəyə gəlirəm», -deyə-deyə yazıq qızları gecə saat 24:00-a, bəzən də lap gecəyə qədər gözlətdirir. Amma görüş yerinə gəlmir.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi saytınızda və ya qəzetinizdə dərc edib, adlarını göstərdiyim ünvanlara çatdırasınız. Məqsədim, Orxanın həm 100-ə yaxın gənc oğlan və qıza söz verdiyi aylıq 750 manat əmək haqqını və borc adı ilə aldığı pullarını qaytartmaqdır, həm də digər gənc  oğlan və qızları Orxan Səlimzədənin tələsinə düşməkdən qorumaqdır. İnanıram ki, O.Səlimzadə nəhayət, öz cəzasını alacaq və onu himayə edən kimdirsə (əgər belə bir adam varsa), layiqincə cəzalanacaqdır.

Hörmətlə:                  A.Ç.Quliyev».

Mövzuya qayıdacağıq.

Orxan Səlimzadədən zərərçəkənlər varsa, bizə müraciət edə bilərlər.

Elçin Məmmədli

 

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN