Xəbər verdiyimiz kimi, «Təzadlar» qəzetinin rəsmi saytı olan tezadlar.az artıq 3-cü dəfədir  Medianın İnkişafı Agentliyinin elektron media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqəsindən kənarda qalır.

Bununla bağlı sosial mediada redaksiya kollektivinə ictimai dəstək davam etməkdədir.

Xalq şairi Vahid Əziz redaksiyaya göndərdiyi elektron məktubunda yazır: «Ölkə mediasında öz dəsti-xətti və peşəkar təcrübəsi olan «Təzadlar» qəzeti bir nümunəvi məktəbdir. Dövlətimizin uğurlarının, eləcə də cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin xarici mediada təbliğinə dəstək nümayiş etdirən, əzmkarlıqla çalışan kollektivin Media Ağentliyinin dövlət yardımı layihəsindən kənarda saxlanılmasına təəssüf edirəm. Bu saytın jurnalistlərinin mətbuatımıza örnək olması və öz dəsti-xəttini 31 ildir qoruyub-saxlaması özü bir nümunədir. Bu fəaliyyətin layiqli də qiyməti verilməlidir…».

Tanınmış blogger, ictimai xadim Etibar Əliyev özünün sosial media platformasında isə yazır: «Asif bəy, yazınızı ürək ağrısı ilə oxudum. Əlbəttə, bir oxucu olaraq "Təzadlar"ın bağlanmasını heç təsəvvür belə etmək istəmirəm. O üzdən də ağlıma gələn iki təklifi izhar edirəm. Əvvəla, əgər belə mexanizm mümkünsə, şəxsən mən təmənnasız olaraq rast gəldiyim xəbər xarakterli eksklyuziv hadisələri yazıb (çəkib) sizə göndərə bilərəm. İkincisi, müəyyən bir maddi dəstək fondu yaratmaq olarsa, oraya imkanım dairəsində müəyyən məbləğ də köçürə bilərəm. Güman edirəm ki, bu təklifləri dostlarımız arasında dəstəkləyənlər mütləq olacaq. Şəxsən məndən asılı olan bir şey olarsa, yenə də canla-başla hazıram».

 Tarixçi alim Kamal Camalov Naxçıvandan yazır: «Etibar Əliyevin bu maarifçi təklifinə mən də qoşuluram. Əlimdən gələn maddi və mənəvi köməkliyə varam…».

Sosial platforma istifadəçisi Cəbrayıl Şahgəliyev: «"TƏZADLAR" Azərbaycanda öz dəst-xətti olan azsaylı qəzetlərdəndir və dostumuz Asif Mərzilinin bu yazısını da ürək ağrısı ilə oxudum. Belə olmaz, vallah, olmaz, billah, olmaz!».

Azərbaycanın sabiq maliyyə naziri, Professor Saleh Məmmədov: «Təəssüf edirəm, «Təzadlar»  ölkənin təbliği, xarici hücumların qarşısının alınması, bədxahların neytrallaşdırılması üzrə heç kimin görmədiyi işləri yerinə yetirir…».

Tanınmış ictimai xadim, yazıçı-jurnalist Akif Əli: «Statistik göstəricilər bir yana, media orqanlarının ictimai əhəmiyyəti, Vətənə, Xalqa, Dövlətçiliyə xidmət dərəcəsi daha mühüm şərtdir…».

Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədov: ««Təzadlar» qəzetinin rəsmi saytının səhifələrində rus dilində də yazıların yayımlanması onun Rusiyada da böyük maraqla izlənilməsinə səbəbdir. Kollektivin 31 ildir mücadiləsi gözümüzün qarşısındadır. Saytın və qəzetin layihələrdən kənarda saxlanılması təəssüf hissi yaradır. İnanıram ki, bu süni problem tezliklə aradan qaldırılacaq…».

Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri, Professor Abdulkadir İnaltəkin: «…Almaniyada yaşasam da, Azərbaycanla nəfəs alıram və bunu mənə yaşadan «Təzadlar» qəzetinin saytıdır. Asif Mərziliyə bəyan edirəm: lazım olarsa, Almaniyadakı iş adamlarının fondunu təşkil edib bu saytın kollektivinə hər cürə dəstək olmağa hazırız. Amma sonra deyilməsin ki, sayta xaricdən maliyyə dəstəyi verənlər var. Azərbaycan dövlətinin və sayın Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətini, Azərbaycan reallıqlarını duya bildiyimiz saytı qorumalıyıq, «Təzadlar» bir məktəbdir, mətbuat tariximizin bir özəl səhifəsidir. Allahın əmanətində olasınız!».

Səlcuq Şahbazi, İran Aşıqlar Birliyinin sədri: "Asif bəy, açığı, bu məlumatı oxuyanda təəccübləndim. Çünki Azərbaycanla bağlı xəbərləri ən çoxu sizin dərgidən öyrənirik. Azərbaycan həqiqətlərini dünyaya yaymaqda zəhmətiniz böyükdür. Demək, bu böyüklükdə fəaliyyəti niyə də qiymətləndirməsinlər. Elə xəbərlər paylaşa bilərsiz ki, oxu sayı bir gündə on minlərlə olar. Amma peşəkarlıq və dövlət, media maraqları həmişə öndə ölmalıdır və bu da sizdə vardır. Uğurlarınıza həmişə sevinmişik. Siz dəfələrlə İranda olmusunuz və beynəlxalq festivallarda Azərbaycanımızın bayrağını ucaldanlardansınız... Allah köməyinizdə olsun! Amin!". 

Bu məzmunlu dəstək məktubları gəlməkdə davam edir. Yeri gəldikcə təqdim ediləcək.

Elçin MƏMMƏDLİ,

1-ci Qarabağ Müharibəsi veteranı

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN