“Get hoppan” mahnısı ilə gündəmə gələn, sonra isə soyunmaqla sənətdə bir az da irəli gedən, artıq iki dəfə ərdə olmuş müğənni Mina Hüseyn ümrə ziyarəti zamanı (kiçik həcc ziyarəti) tanış olduğu bəydən “Mtv Maqazin” verilişində danışarkən belə deyib: “Hələ bir aydır tanışıq. Odur ki, ağızdolusu danışa bilmirəm. İnşallah, yaxşı olar, toy haqqında danışmaq hələ tezdir”.

P.S. Adama deyərlər ki, ay Mina xanım, sən ümrə ziyarətinə, Allaha dua etməyə getmisən,  yoxsa ər axtarmağa? Ay balam, heç olmasa, müqəddəs yerlərdə Allahla ünsiyyətdə olanda ehtirasınızı öldürün və gözləriniz kişi axtarmasın dayna. Yoxsa Mina xanım elə orada da dua etməklə, Allahdan özünə kişi istəyib. Qurban olduğum da, elə bil əlinin altında imiş, dərhal bu istəyi yerinə yetirib. Vallah, bu şou əhlindən nə desən gözləmək olar. Müqəddəs yerlərdə də dinc dayanmırlar.

***

Bir sayta açıqlama verən aktrisa sayılan, aktrisalıqdan ABŞ qədər uzaq olan, əvəzində isə soyunub lüt-ətçəbala pozalar verməklə gündəmdə olan Pərvin Abıyeva ərə getməkdən danışarkən belə deyib: “Bir kişi ilə eyni evdə yaşaya bilmərəm. Özünü öldür, bir ay dözərəm. Lap çox olsa, dava-qırğınla bir il dözərəm. Söz götürmürəm, normal insan deyiləm. 32 yaşım var. Düşünmürəm ki, hansısa kişi ilə, ərlə ömrümün sonuna kimi yaşayım”...

P.S. Deməli, Pərvin xanım etiraf edir ki, normal insan deyil. Bu yaxınlarda ABŞ-da Hollivud ulduzu Amanda Bayns küçədə lüt gəzdiyinə görə polislər onu tutub, psixiatrik xəstəxanaya yerləşdirmişdilər ki, aktrisa anormalıdır, yəni psixi problemi var. İndi bizim aktrisa Pərvin xanım da küçədə yox, bütün sosial şəbəkələrdə soyunub lüt gəzir. Bunun səbəbini indi başa düşdüm ki, Pərvin xanım özü dediyi kimi, normal insan deyil. Bəs niyə bunu tutub müalicə üçün psixiatrik xəstəxanaya yerləşdirmirlər? Axı Pərvin xanım özü etiraf edir ki, normal insan deyil. Daha bundan artıq nə sübut lazımdır? Qaldı, ərdə çox qala bilməməsi məsələsinə, onda Pərvin xanım ərləri tez-tez dəyişsin ki, daha rəngarəng olsun. Xanım düz deyir də, adam eyni yeməyi hər gün yeyə bilməz axı. Hər halda bu ərlərin hansındansa bir uşaq da olacaq. Bu yerdə bir lətifə danışaq ki, fikirimiz daha aydın olsun. “Uşaq bir dəfə anasından soruşur: - Ay ana, deyirlər sən çox ərdə olmusan, bu, düzdür? Ana cavab verir: - Yox, ay bala, yalandır. Mən deyim, sən də say. Əli, Vəli, Pirvəli, onbeşi ondan irəli, alma satan, heyva satan, nar satan, bir də rəhmətlik sənin atan”.

***

Hamıya yaxşı məlumdur ki, İranın molla rejimi axır vaxtlar ölkəmizə qarşı açıq-aşkar əzələ nümayiş etdirir.

P.S. A başınıza dönüm, axı mollada əzələ yox, dua olar. Elə ona görə də bizim şeyximiz Allahşükür Paşazadəyə deyərik, İran mollarına elə bir bəd dua yazar ki, o dəqiqə erməni kimi sevgilisindən ayrılıb, Məcnun tək çöllərə düşərlər. Şeyximizin bu məsələlərdə belə sakit dayanmağına baxmayın. And olsun Xomeynin o müqəddəs erməni sevgisinə ki, şeyximiz ona bircə dəfə qələm çalsa, İran mollaları küllü-küf olacaq.

***

Əvvəlcə  ASAN xidmətin rəhbəri, sonra Kənd Təsərrüfatı Naziri, təzəlikcə isə Ali Məhkəmənin sədri təyin olunan İnam Kərimov görəsən, bu işinin öhdəsindən gələ biləcəkmi?

P.S. Mənə bu sualı ünvanlayan dostuma belə cavab verdim: “Əzizim, sualı belə qoymaq lazımdır: - İnam Kərimov məhkəmə sistemini və hakimləri reanimasiyadan çıxarıb, ayağa qaldıra biləcəkmi? Yəni, əhali arasında məhkəmələrə və hakimlərə qarşı ölmüş inamı və inamsızlığı İnam Kərimovun bərpa etməyə gücü çatacaqmı? Bunu da yəqin ki, Zaman adlı hakim göstərəcək... Amma cəmiyyətdə bu fikir və qənaət var ki, İnam Kərimov bunu edə biləcək. Çünki ortada ölkə Prezidentinin böyük inam və etimadı var...”

***

Məlumatlara görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Ermənistanın baytarlıq xidmətinə müraciət edib ki, aprelin 5-dən Rusiyaya ixrac edilən süd məhsullarının satışı dayandırılsın. Səbəb isə Ermənistan istehsalçılarının bu məqsədlə xam malı İrandan almasıdır.

P.S. Hə, maraqlıdır. Deməli, Rusiya xam malı Irandan aldığı üçün Ermənistanda istehsal olunan süd məhsullarını qəbul etmir. Çox gözəl, çox əcəb, çox pakizə, əla, super, fısqırıq... Yaxşı, bəs onda Qarabağda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ermənilərin İrandan xam mal kimi aldıqları terrorçuları niyə qəbul edir? Amma belə götürəndə İranın molla rejimi ermənilərin özünü xam mal kimi istifadə edir axı. Bəs niyə Rusiya öz tulası olan ermənilərin İran tərəfindən belə istifadə olunmasına hər hansı bir qadağa qoymur?

***

Üçü birində, bəstəkar, müğənni, şairə  və hər üçünnən alayarımçıq olan Elza Seyidcahan “Düzünə qalsa” verilişində atasından danışarkən belə deyib: “Atamın həyatda olduğunu bilmirəm. Bilsəm, axtarıb taparam, ona sahib çıxaram. O yaxşı insan idi. Mən ona hər şeyi çoxdan bağışlamışam”.

P.S. Mən dəqiq deyə bilərəm ki, Elza Seyidcahanın atası sağ və salamatdır. Sadəcə, qüruru imkan vermir ki, ortaya çıxıb özünü biabır eləsin. Axı yazıq nə üzlə ortaya çıxıb desin ki, “a millət, məni bağışlayın ki, dünyaya belə xəstə təfəkkürlü bir qız gətirmişəm. Sizi də, özümü də xəcalətli eləmişəm. Hər dəfə bu Elzanın danışığına, əndrabadi saç düzümünə, anormal geyiminə baxanda çox pis oluram...”.

Mən inanıram ki, o yazıq ata məhz bu səbəbdən hər kəsdən gizlənir. Övladının belə olması, el arasında gülünc hədəfinə çevrilməsi ata üçün əlbəttə, ağır dərddir. Allah heç kimə Elza Seyidcahan kimi xəstə övlad, cəmiyyətə isə o cürə müğənni qismət eləməsin.

 ***

Tanınmış jurnalist Azər Həsrət Milli Məclisdə Fazil Qəzənfəroğluna edilən sui- qəsddən danışan deputatlarla yanaşı, susqun deputatların da olduğunu bildirərkən mətbuata belə deyib: “Gözləyirik, susan deputatlar da İrandan danışacaq...”

P.S. Hörmətli Azər bəy, gözləmə. O susan deputatlar “gözü çıxmış canavardan dərs götürüblər” axı. Gözlərinin qarşısında güllələnmiş həmkarı Fazil bəy var. Bu səbəbdən demək olar ki, qorxu pis şeydir. Məsələn, götürək şeyximizin qardaşı deputat Cavanşir Paşazadəni. Bax bu adam İrandan necə danışa bilər axı? İran mollaları qardaşı şeyxin həmkarlarıdır, Fazil bəy də öz həmkarıdır. Fazil bəyi seçib İranı pisləsə, molla rejimi şeyximizə göz ağardar. Qardaşını seçib susanda da, Azər Həsrət göz ağardacaq ki, niyə İrandan danışmır?

***

Sağlığında “Azdrama”nın drektoru olmuş Azərpaşa Nemətov tərəfindən teatrdan uzaqlaşdırılan əməkdar artist Hikmət Rəhimov öz statusunda belə yazıb: “Azərpaşa Nemətova rəhmət düşmür”.

Xalq artisti Afaq Bəşirqızı da Azərpaşa Nemətovla vaxtilə düz gəlməyib və belə açıqlama verib: “Hikmət istedadlı aktyorlardan biridir. Gərək, belə status yazmayaydı. Mən halallıq verdimsə, gərək o da halallıq verəydi”.

P.S. Azərpaşa Nemətovdan sağlığında bir çox tanınmış aktyorlar da narazılıq ediblər. Ona görə də nahaqdan demirlər ki, insan gərək elə yaşasın ki, rəhməti sağlığında qazansın.

ELÇİN

eThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN