İTV kanalında nümayiş etdirilən "Girov" filmi barədə tənqidi fikirlər də yetərincədir... Əməkdar jurnalist Ləman Əliəşrəfqızı isə yazır: "...Dünən gecə oturub " Girov" filminə baxıram. Əslində belə bir filmin olduğunu bilmirdim. Sharif AG ötən gün LAF TV-nin efirində bu film haqqında o qədər danışdı ki, marağımı boğa bilmədim. Şərif deyir ki, filmə kalan pul ayrılıb, yaxşı da yeyiblər, ortaya da heç nə çıxartmayıblar. Deməli, filmdə Kərim ermənilərə əsir düşür. Onun qisasını almaq üçün kənd camaatı da bir ermənini girov götürür. Çox gözəl, çox pakizə deyərdik, çünki ortada məqsəd var-girovları dəyişdirmək. Amma filmi çəkənlər belə hesab ediblər ki, erməni girov mütləq əsir Kərimin evində qalmalıdır. Kərimin evində isə gənc xanımı üç azyaşlı uşaqla qalır. Düzdür, mərd qadındır, qisas hissi ilə yaşayır, əxlaqı yerindədir, amma gənc və gözəl, üstəgəl müdafiəsizdir, yəni 5-6 yaşlarındakı oğlunu nəzərə almasaq evdə bir başıpapaqlı yoxdur. Ayağı yaralı erməni girov isə həyətdəki birmərtəbəli tikilidə qalır. Sonradan biz onu Kərimin gənc xanımı ilə toy fotosunun asıldığı yataq otağına qalxdığını da görürük. Düzdür, o bura həyətdəki xalçaları daşıyarkən gəlib çıxır, amma nə dəxli, əsas odur ki, gəlin məhrəm otağında erməni kişi ilə üzbəsurətdir. Filmə baxdıqca, adam az qalır bağırsın ki, ay rejissor, ay ssenarist, bu xaraba kənddə yer qəhətdi ki, ermənini gətirib kişisiz evə soxmusuz? Azərbaycan mentalitetində varmı belə şey? Hanı bu kəndin icra nümayəndəsi, hanı sahə müvəkkili, yaxşı deyək ki, bələdiyyələr onda formalaşmamışdı, hanı bəs o ciyərli oğlanları ki, ermənini kənddə bir it damına yox, məhz üç körpə uşaqlı gəlinlə eyni dam altına salırdı.
Nə isə...Film Eldar Quliyevlə Natiq Rəsulzadənin birgə işidir. Əslində illər qabaq çəkilib, sadəcə mən indi baxıram. Baxmaz olaydım)
Və...yeri gəlmişkən, fllmdə Kərimin gənc arvadı əynindəki donu sona qədər dəyişmir.Erməni girovun güllə dəyən ayağı sağalır, ay ötür, gün keçir, fəsillər donunu dəyişir, gəlin donunu yox. Büdcədə qarderoba pul ayrılmayıbmı, əcəba? Yoxsa, donun pulunu da yeyiblər?".
Ləman xanıma bir əlavəmiz oldu: amma real hadisə bizim kənddə olub: Xalam oğlu Telman heyvan otaran zaman girov düşmüşdü... 1990-91-cı il idi. Rusların vasitəçiliyi ilə elə məbləğdə pul istədilər, bu mümkün olmadı... Sonuncu danışıqlarda mən də iştirak etmişəm. Mərzilinin Qarakəndlə arasındakı Xublar çayının körpüsünün üstündə... Hər dəfə qiymət qaldırırdılar. Kəndin özünümüdafiə batalyonunun rəhbəri Tahir Əliyev və Səfəralı adlı polis zabiti (Masallıdan) bu danışıqlardan imtina etməyi məsləhət gördü... Və bir neçə gündən sonra 6 ermənini girov tutub gətirdilər... Ağdamın Çəmənli kəndində saxlayırdılar. Onları da görmüşdüm. Yemək-içməkdən kökəlmişdilər... Ermənilər xalaoğlunu vermirdilər, pul istəyirdilər. Nəhayət, məcbur olub erməni ilə dəyişdirdilər... Telman iki dəfə qaçmağa cəhd etmişdi, amma sonradan ələ keçmişdi... Başına müsibətlər gətirmişdilər... Əsl senari budur, real hadisədir...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN